Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin yekunlarına əsasən, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 500 milyon dolları ötüb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün brifinqdə deyib.
“İlkin kapital həcmi 300 milyon dollar təşkil edəcək Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında birgə investisiya layihələrinin icrasına əhəmiyyətli töhfə verəcək”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, yüksəksəviyyəli dövlətlərarası əlaqələri və fəal siyasi dialoqu nəzərə alaraq, iqtisadi əməkdaşlığın potensialının tam reallaşdırılması üçün səylər artırılmalıdır.
İqtisadçı Eldəniz Əmirov Musavat.com-a şərhində Azərbaycanla Qazaxıstanın iqtisadi əlaqələrini təhlil edərkən ötən illərin statistikasına diqqət çəkib:
“Azərbaycan və Qazaxıstan arasında iqtisadi münasibətlər bütün ölkələr arasında olduğu kimi ilk növbədə iki ölkə arasında ticari münasibətlərin dünəni, bu günü və gələcəyi ilə bağlı proqnozlardan asılıdır. Bu baxımdan son 10 ildə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsini təhlil etdikdə kifayət qədər müsbət dinamikanın olduğunu görə bilərik. Belə ki, 2014-2015-ci illərdə azalma olsa da, sonrakı illərdə ciddi şəkildə artım müşahidə edildi. Sadəcə pandemiya dövründə təxminən 40 faizlik azalma oldu. 2021-2022-ci illər arasında olan dinamika ən yüksək həddə idi-345 faizlik artım müşahidə edilmişdi. 2023-cü ildə isə bu məbləğ təxminən 48 faizlik azalma ilə ticarət dövriyyəsi 598 milyondan 314 milyon manata düşmüşdü. Amma 2024-cü ildə yenidən dinamika əldə edildi-533milyon dollar. İki ölkə arasında 130 növ qeyri-xammal mallarının tədarükü üzrə ticarət dövriyyəsi qeydə alınıb. Eyni zamanda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımalar da 62 faiz artaraq 4,5 milyon tonu keçib. Əlavə olaraq, Azərbaycanın Avropa Birliyinin üzvləri olan iki ölkə ilə yaşıl enerji dəhlizinə dair sazişin imzalanması Qazaxıstan tərəfinin Azərbaycan tərəfi ilə yaşıl enerji strategiyası ilə bağlı sövdələşməyə sövq edib. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Buxarestdə Memorandum imzalanan gün Mərkəzi Asiya respublikalarının Azərbaycana müraciət edəcəyi ilə bağlı proqnozu açıqlamışdım. Cəmi 1 il sonra Özbəkistan və Qazaxıstandan Azərbaycana yaşıl enerji dəhlizində iştirakla bağlı müraciətlər daxil oldu. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın digər istiqaməti olaraq qeyd edilə bilər”.
E.Əmirovun fikrincə, bir neçə onillik sonra Mərkəzi Asiya respublikalarının, o cümlədən Özbəkistan və Qazaxıstanın sürətli inkişafı müşahidə oluna bilər:
“Bir neçə 10 il əvvəl “Asiya pələngləri” adlandırılan Sinqapur, Cənubi Koreya, Tayvan və digər ölkələrin sürətli inkişafını gördüyümüz kimi, bir neçə onillik sonra Mərkəzi Asiya respublikalarının, o cümlədən Özbəkistan və Qazaxıstanın sürətli inkişafını görə bilərik. Bu zaman Azərbaycan bu ölkələrin inkişafı üçün vasitəçilərdən biri olacaq. Eyni zamanda Xəzərin şərqində olan ölkəmiz bu inkişafdan faydalana biləcəkdir. Bu, birgə əməkdaşlığın perspektivlərini daha yüksək səviyyədə olduğunu deməyə əsas verir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ