Onlayn ictimai-siyasi qəzet
“Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyətini zəiflədən bir sıra amillər var”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, qidalanma və bəzi vərdişlər bu amillərdəndir:
“Normadan artıq, qeyri-sağlam qidalanma immun sisteminin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sisteminin funksiyasını azaldır ki, bu da nəticədə bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir”.
Z.Quliyev qeyd edib ki, həddindən artıq şəkər qəbulu immun sisteminin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədir:
“Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik istifadəsi və digər amillər immun sistemimizin zəifləməsinin əsas səbəblərindəndir”.
Bundan əlavə o bildirib ki, orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulmasının hiss edilməsi B1, B12 vitamini çatışmazlığına işarədir:
“Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığının göstəricisi ola bilər. Bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dildə çatların əmələ gəlməsi kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığı nəticəsində olur. Fol turşusu, B12 vitamini, dəmir çatışmazlığı zamanı qan azlığı da yarana bilər. Orqanizmdə D vitamini defisiti nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır”.
Onun sözlərinə görə, saç və dırnaqlarda yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər.
Nazirliyin mütəxəssis-ekspertinin sözlərinə görə bəzi xəstələrdə yalnız yüngül yorğunluq və enerji qıtlığı ilə müşayiət olunsa da, xəstəliyin inkişaf edən mərhələlərində xəstə gündəlik fəaliyyətini belə yerinə yetirə bilmir və bir növ qayğıya ehtiyacı olur:
“Bu sindromu psixoloji problem adlandırmaq olar. Lakin, psixoloji amillə ilə yanaşı zehni və fiziki təsirləri də var. Ruhdan düşmə və hər hansı bir fəaliyyət göstərmək gücünə malik olmadıqlarını hiss etmək xəstələrdə ürəkbulanma, əzələ ağrıları, konsentrasiyanın olmaması və unutqanlıq kimi problemləri ortaya çıxarır. Sadalanan simptomlarla sağlamlıq müəssisələrinə müraciət edən xəstələrdə aparılan müayinə və diaqnostik testlər nəticəsində xroniki yorğunluq asanlıqla təyin edilə bilər”.
Terapevt bildirib ki, xəstəliyin simptomları bir çox psixoloji xəstəliyə paralel olduğu üçün xəstənin anamnezi ətraflı şəkildə alınmalıdır:
“Eyni zamanda, insanda yorğunluğun və buna bənzər simptomların fərqli bir alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün, müvafiq qan testləri və görüntüləmə üsulları araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu müəyyən edilən insanlarda müalicə prosesinin necə planlaşdırıldığı zaman xəstəliyin şiddəti, gündəlik həyat və iş fəaliyyətinə təsiri kimi faktorlar da nəzərə alınır”.
Z.Quliyev qeyd edib ki, bütün bunlara görə psixiatrlar, psixoloqlar və digər mütəxəssislər tərəfindən qurulan çoxşaxəli qruplar, diaqnoz və müalicə üsulları təyin olunur.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ