İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin xəbərdarlığı: “Azərbaycan tamaşaçı rolunda olmayacaq!” – Vaxt getdi!

Prezident İlham Əliyev Yeni il təbrikində Ermənistana 2025-ci il xəbərdarlığını etdi. Bundan əvvəlki xəbərdarlıqlarını unutmamışıq.

Qarabağ Azərbaycandır və nida işarəsi

Valday Diskussiya Klubunda, Rusiya Prezidentinin heyrətlə izlədiyi o, xəbərdarlıq anı da gözümüzün önündədir: “Qarabağ Azərbaycandır və Nida!” Bu xəbərdarlıq təkcə Ermənistanın sərsəm rəhbərliyinin “Qarabağ Ermənistandır. Nöqtə”-axmaqlığına sərt cavab deyildi, həm də keçmişdə qalmış “Dağlıq Qarabağ” məsələsini Azərbaycanın daxili işi hesab etməyənlərə, Baş Assambleyada ərazi bütövlüyümüzə “bitərəf” qalan keçmiş həmsədrlərə də ünvanlamışdı. Ondan əvvəl və sonra çox xəbərdarlıqlar edildi, Ermənistan havadarlarına arxayın olub, qulaqardına vurdular deyilənləri. Hətta 44 günlük müharibədən sonrakı dövrlərdə də dərs götürmədi. Əks təqdirdə Qarabağda antiterror əməliyyatına ehtiyac qalmazdı, hər iki tərəfin itkisi ilə nəticələnən qanlı döyüşlər olmazdı. Son ana qədər Ermənistan rəhbərliyi Xankəndi və digər ərazilərdəki ordunun onlara aid olmadığını iddia edirdi, Dəmir Yumruq növbəti dəfə başlarına dəyəndən sonra...Budur, İrəvandakı meyitxanalarda hələ də erməni hərbçilərin qalıqları qalıb, yaxınları imtina edir, “bizim deyil”, deyərək. Belə acınacaqlı durumla üzbəüz qalan ölkə yenə də silahlanır. Axmaqlıqdır. Şübhəsiz ki, Ermənistanı buna təhrik edən paytaxtlar, ermənipərəst liderlər var: Makron kimi...Bir canlı haqqında deyirlər ki, “bir dəfə palçığa batır, ikinci dəfə həmin yoldan keçmir”. Ermənistandan Azərbaycana qarşı istifadə edib, bölgə ilə bağlı planlarını həyata keçirmək istəyənləri, ilin ilk günündə Kot-d”İvuardan da qovulduğu xəbəri yayılan Makron Fransasının məqsədi bəllidir, soxulmağa ölkə axtarır – Ermənistan kimi. Bəs Ermənistan hakimiyyəti və erməni xalqı niyə ayılmır, anlamır ki, onun xilaskarı elə qonşularıdır.

Özləri bilsin. Azərbaycan Prezidenti növbəti dəfə yaddaşları təzələyib. Sitat: “Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur”.

Dövlətimizin başçısı əslində İrəvandakıları ayıltmaqdan ötrü vacib məqamlara toxunub. Bildirib ki, Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalıb. Bəli, 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi: “Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar”. Çox ciddi və qəti xəbərdarlıq: “Hələ ki, gec deyil...”

Azərbaycana qarşı “silah sindikatı” – Fransa–Ermənistan–İran–Hindistan oxu

Bir çoxları elə zənn edirdi ki, Ermənistanın Fransadan bastionlar, sezarlar, Hindistandan müxtəlif raketlər, İrandan PUA-lar alması, üstəlik, yunan Kiprinin və Yunanıstanın fitnə-felinə yuvarlanması Azərbaycanı hansısa güzəştlərə vadar edə bilər. Gerizəkalılıqdır! Azərbaycan kifayət qədər güzəşt edib, 44 günlük müharibədən əvvəl də, sonra da. Bundan sonra sərhəd xəttinin çəkilməsi barədə anlaşma da ölkəmizin 30 il işğalçı və terrorçu siyasət yürüdən, torpaqlarımızın altını üstünə çevirən vandallara böyük güzəştdir.

Fransa və Yunanıstan Ermənistanı silahlandırmaqla ənənəvi hikkəsini təmin  edir -ANALİZ

Bütün bunlardan sonra Prezident İlham Əliyev bəyan edir ki, Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır.

Və... Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər.

Diqqət edin, “sülhü poza bilər...” Demək ötən ilin son günlərində Rusiyadan təbrik alan “Qarabağ klanı”nın cani başçılarının de-fakto rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının, revanşist deputatlarının Tovuzqala istiqaməti və Zəngəzur bölgəsindəki döyüş postlarına gəlib, meymunluq eləmələri təsadüfi deyil. Bu, Ermənistanın 2024-cü ildə aldığı silahların, özüyeriyən artilleriya qurğularının yerləşdirildiyi şərti sərhədlərdə baş verirsə, deməli, təsadüf kimi qəbul oluna bilməz və Azərbaycan dövləti planlardan xəbərdardır. Həm də bu dəfə keçəndəfəki kimi olmayacaq, necə ki, cənab Prezident söylədi. Növbəti xəbərdarlıq: “Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq!”

Ermənistan Azərbaycan qazını ala bilər - Prezident

Bəli, olduqca ciddi mesajdır. Ermənistan 26 illik “atəşkəs” dövründə, ondan sonrakı hərbi toqquşmalar zamanı Azərbaycanın dinc sakinlərini nümayişkəranə şəkildə hədəfə aldı, çoxsaylı insanlarımız, günahsız körpələr, qadınlar həlak oldular. Amma bunun qarşılığında ordumuz erməni sakinlərini nişangah olaraq seçmədi, hətta Qarabağda bir günlük hərbi əməliyyat zamanı da. Amma Ermənistan Azərbaycanın bunca himanizmindən həvəslənib, mülki əhalinin yaşadığı ünvanlarda yerləşdirdiyi raketlərə arxayın olmasın. Aazərbaycan beynəlxalq hüquqa əsasən, əhalisinin təhlükəsizliyi naminə qabaqlayıcı zərbələr endirə bilər, əgər Ermənistan həyasız davranışlarını davam etdirərsə...

Qonşu ölkənin ərazisini on illərlə işğal altında saxlayan, saysız cinayətlər törədən, bu cinayətlərə görə hələ də dövlətimizə kompensasiya ödəməyən, üstəlik, sürətlə silahlanan Ermənistana yerini göstərmək hüququ var Azərbaycanın. Əslində Ermənistan rəhbərliyi Beynəlxalq Məhkəmə qarşısında cavab verməlidir, nəinki silahlanma yarışına çıxmalı...

Paşinyan bildirib ki, Qazax rayonunun 4 kəndi geri qaytarılmalıdır

Heç şübhəsiz, 2024-cü ildə qızıl hərflərlə, rəqəmlərlə yazılan tarixlərdən biri də Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Dövlat başçımız hər zaman bu barədə ayrı-ayrı dövlətlərin başçıları və rəsmiləri ilə danışırdı, “unutmamışıq”, xəbərdarlığını edirdi, Ermənistanı “fağır” libasda təqdim edənlərə. Bəli, tarixi kəndlərimiz haqqında dövlətimiz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmadı, bu kəndləri unutmadı, nəticə də ortada. Bəzən kəndlər məsələsini ucuz demoqogiya mövzusuna çevirməyə çalışanlar olurdu. Amma “nəyi, nə zaman etməyi yaxşı bilən” lider məqamını gözləyirdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını hələ 2003-cü ildəki andiçməsində bəyan edən dövlət başçısı hər şeyi, bütün məsələləri inamla və ardıcıllıqla həll etdi. Zəfərlərin davamı gələcək, şübhəmiz zərrə qədər də yoxdur. Təbii ki, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Necə ki, Paşinyan və sələfləri dəfələrlə bir qarış da olsa, torpaq qaytarmayacaqlarını bəyan edirdilər, hətta konstitusiyaya istinadları da var idi. Guya Ermənistan Konstitusiyasına görə, işğal edilmiş ərazilərimiz onlara məxsus imiş. Azərbaycanın diqtə etdikləri oldu. Bundan sonra Ermənistan Konstitusiyası da yenidən yazılmalıdır, əksini iddia edənlər uduzacaqlar! Çünki Prezident Əliyev sülhün açarı kimi məhz konstitusiya düzəlişlərini tələb edib!

Rusiyadan Ermənistanı silahlandırmaqla bağlı AÇIQLAMA - GlobalInfo.az

Ermənistanı silahlandırmaqla silah şirkətləri heç şübhəsiz ki, Azərbaycan büdcəsinin də önəmli hissəsinin silah-sursata xərclənməsinə nail olmağa çalışırlar. Qərbin belə təcrübəsi var axı, sovetlərin iqtisadi cəhətdən çöküşünə məhz “ulduz müharibələri” iddiaları, “nüvə yarışmaları” ilə nail oldular. Həm də 72 milyardlıq valyuta ehtiyatları olan ölkəmizin sərvətlərindən bəhrələnmək istəyirlər, bazara varlı alıcı cəlb etməyə çalışırlar, məncə... Amma Azərbaycanla şantaj dili ilə danışmağın mənası yoxdur, onun lideri və müstəqil siyasəti var! Azərbaycan dövləti milli maraqlara, prinsipial, müstəqil və tam suverenlik prinsipinə əsaslanan siyasət yürüdür. Bu siyasətin əsasında Vətən müharibəsindən sonra yaranmış yeni reaallıqlar dayanır. Bu reallığı Prezident İlham Əliyev yaradıb və onun alternativi yoxdur. Təyyarə olayında bu iradə, bu qətiyyət bir daha dünyanı heyrətləndirdi. Həm də xalqımız Dəmir Yumruq ətrafında birləşdi! Bu xəbərdarlıqdan nəticə çıxarmalıdır Ermənistan və digərləri!

Düşmən unutmamalıdır ki, dəmir yumruq yerindədir

Ermənistan isə ordu saxlamaq hüququndan belə, məhrum edilməli olduğu halda, Avropa Sülh Fondu kimi Qərb təsisatları onun silahlanmasına dolayı dəstək verir. Sözsüz ki, Azərbaycan növbəti dəfə ərazisinə qəfil təcavüzün baş verməsini gözləyə bilməz. Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, ölkəmizin illik büdcəsinin tən yarısı xərclənib bu vaxta kimi, 30 minədək insan yurduna qayıdıb. Qarşıdakı müddətdə 160 minədək əhali həsrətində olduğu evlərinə dönəcəklər. Dövlətimiz onlara təhlükəsiz həyat vəd edərək qaytarır, təbii, durub gözləyə bilməz ki, Ermənistan hansısa təxribata əl atsın: Dəmir Yumruq yerindədir, bütün şərti sərhədlər boyunca! Söz deyilib, qarşı tərəfdən addımlar gözləyirik...Vaxt gedir...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR