Onlayn ictimai-siyasi qəzet
1919-cu ildə fəaliyyətə başlayan Versal Sülh Konfransı dünyada yeni təhlükəsizlik sistemi qurmalı idi. Hələ o vaxt Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilson Azərbaycan nümayəndə heyətinə də görüş zamanı bildirmişdi ki, amerikalılar dünyanı hissələrə bölmək istəmir.
Yalnız bolşevik təhlükəsi Cənubi Qafqaza yaxınlaşanda müttəfiqlər üç respublikanın müstəqilliyini de-fakto tanıdılar.
Qərbin dəstəyinə ümid edən Bütün Rusiyanın Ali rəhbəri Admiral Kolçak elə fransızlar tərəfindən bolşeviklərə təhvil verdildi. Yəni Versal sistemi əslində çökmüşdü. Atlantik okeanından Cənubi Qafqaza qədər qurulmalı olan coğrafi Avropanın siyasi təzühürü tam iflasa uğradı. Sonrakı proseslər Almaniyada nasistlərin hakimiyyətə gəlməsi ilə nəticələndi. İkinci Dünya müharibəsindən sonra Şərqi Avropa ilə Qərbi Avropa arasında dəmir pərdə yarandı. Əslində, bütün proseslərin baş verməsi Versal sülh konfransının qərarlarının işləməməsi, ikili standartlar səbəbindən dünyanın yeni təhlükəsizlik sisteminin qurulmamasında idi.
Necə ki, Qərbi Avropa ölkələri Adolf Hitlerin işğalçılıq siyasətinə göz yumurdular.
Necə ki, SSRİ nasist Almaniyası ilə gizli məxfi protokollar imzalamışdı. Yəni heç nə sıradan baş vermir. İkinci Dünya müharibəsindən sonra vahid Avropa evinin qurulmasından söhbət gedə bilməzdi. Amma yaxınlaşma baş vermişdi. ABŞ, Böyük Britaniya, Fransa və SSRİ artıq qərarları birgə qəbul edirdilər. Lakin Soyuq müharibənin başlanması bu yaxınlaşmanın tən ortasından dəmir pərdənin çəkilməsi ilə nəticələndi.
Artıq ötən əsrin 80-ci illərindən başlayaraq Helmut Koll və Fransua Mitteran "Vətənimiz Avropadır", yaxud "Vətənlərimiz Avropadır" şüarları ilə çıxış edirdilər. Hər iki yanaşma əslində mahiyyətcə eyni idi. Vahid Avropa evinin qurulması təkcə siyasi müstəvini əhatə etməməli idi. ABŞ prezidenti Ronald Reyqan 1985-ci ildə Berlin divarının qarşısında çıxış edərkən, Sovet rəhbərliyinə xitabən demişdi. "Baş katib Qorbaçov, bu divarı dağıdın!"
Sovet İttifaqının çökməsindən sonra İttifaq ərazisində yaranan müxtəlif dövlətlər xüsusilə coğrafi Avropaya daxil olan ərazilər Moldova, Gürcüstan və Azərbaycan separatçılıqdan əziyyət çəkməyə başladılar. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Dnestryanı torpaqların separatçıların əlinə keçməsi vəziyyəti gərginləşdirdi. Coğrafi Avropanın bərqərarı möhkəm siyasi iradə üzərində, ikili standartların mövcud olmadığı şəraitdə qurulmalı idi. Qərbi Avropa dövlətləri, eləcə də Ağ Evin sələflərinin buraxdığı səhvləri təkrar etdilər. Rusiya prezidenti Boris Yeltsinin dövründə Qərb Vankuverdən Vladivostoka qədər təhlükəsizlik sisteminin qurulmasını təklif etmişdi və Rusiya buna razılığını vermişdi. Düzdür, 1991-ci ildən sonrakı Rusiya Çar, yaxud Kolçak dövrünün Rusiyası olmasa da, hər halda Versal Sülh Konfransında ağqvardiyaçı Rusiyanın nümayəndələri dəvət olunmuşdu. Yəni vahid Avropa və yeni təhlükəsizlik sistemində qütbləşmə və qarşıdurmadan söhbət gedə bilməzdi. Əslində, bütövləşmə prosesi ötən əsrin 90-cı illərində başlanmışdı. Həmin illərdə ABŞ ilə Rusiya o qədər yaxınlaşmışdılar ki, artıq yaranmış mənzərə dünyada bundan sonra hər hansı blokların olmamasından xəbər verirdi.
Bu ilin əvvəlində daha bir fakt ortaya çıxdı, yaxud yaddaşımız təzələndi. Rusiya prezidenti Vladimir Putinin ABŞ-nin dünya şöhrətli jurnalisti Taker Karlsona verdiyi müsahibədə bir sıra məqamlar diqqətçəkəndir. Məsələn, prezident Putin bildirir ki, vaxtilə ABŞ prezidentləri Bill Klintiona və Corc Buşa təklif vermişdi ki, gəlin, təhlükəsizlik sistemini birlikdə quraq. Hətta Rusiyanın NATO-ya üzv olması məsələsi də gündəmdə imiş. Amma sonralar Ağ Ev bu təklifdən imtina edir və bu imtinanı kollektiv Qərb üzvlərinin ümumi fikri kimi təqdim edir. Əlbəttə, bu gün Ukraynada aparılan müharibə, insan ölümləri yolverilməzdir. Amma bu və digər münaqişə ocaqları baş verməyə bilərdi, əgər kollektiv Qərb qlobal təhlükəsizlik sistemi qurmaq marağında olsaydı. Əlbəttə, bu missiyanı ATƏT öz üzərinə götürməli idi. Çünki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1975-ci ildə yaradılarkən məhz qlobal təhlükəsizlik maraqlarını özündə əks etdirirdi. Zaman ötdükcə məlum oldu ki, ATƏT sadəcə öz missiyasını yerinə yetirə bilmir. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədlərini daşısa da, bu istiqamətdə hər hansı həlledici addım atılmadı. ATƏT-in Minsk qrupu əvvəldə qeyd etdiyim 100 ildən bəri mövcud olan ikili standartlar mexanizmlərindən irəli gəlirdi.
Gəlin, bütövlüyə Azərbaycan nümunəsindən baxaq. Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etməklə vahid Avropa evi və qlobal təhlükəsizlik sistemini qurmaq istəyənlərin bütün tərəddüdlərinə əyani və əsaslı nümunə göstərmiş oldu.
Rusiya-Ukrayna müharibəsinin başlanması və sonra müşahidə edilən proseslər sübut etdi ki, vahid Avropanın strukturları işlək mexanizmə malik deyil. 2022-ci ilin may ayının 9-da Avropanın gələcəyi ilə bağlı keçirilən Konfransda Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin yaradılması ideyasını irəli sürür. Bu yeni Avropa təşkilatı ona üzv olan Avropa ölkələrinin əməkdaşlığı baxımından yeni platforma olmalı idi. Söhbət təkcə Avropa İttifaqına daxil olan dövlətlərdən deyil, coğrafi Avropada yerləşən dövlətlərdən gedirdi. Yəni Cənubi Qafqaz da bu coğrafiyanın birmənalı olaraq tərkib hissəsidir. Bəs Avropa (coğrafi Avropa) buna hazır idimi? Məsələn, Makron özü də etiraf edir ki, Ermənistanı silahlandırır, özü də bunu guya müdafiə məqsədilə edir.
Ermənistan işğalçılıq statusu BMT nizamnamələri ilə təsdiq edildiyi halda, kapitulyasiyadan sonra silahlandırıla bilməzdi. Bunu beynəlxalq hüquq açıq-aydın diktə edir. Üstəlik, beynəlxalq təcrübədə nasist Almaniyasında işğaldan sonra 3D siyasəti tətbiq edildi ki, bunlardan biri demilitarizasiya yəni silahsızlaşdırmaq idi. Bu siyasətin müəlliflərindən biri Fransa prezidenti general Şarl De Qoll idi. Amma bu gün Fransa kapitulyasiya aktına imza atmış Ermənistanı - işğalçını silahlandırır. Makron Fransası De Qoll Fransasının əksinə addım atır. Ermənistanı silahlandırmaqla onda revanşizmi gücləndirməyə çalışır. Halbuki sülh sazişinin imzalanması həm də Avropa Siyasi Birliyinin bütövlüyünə və güclü struktura çevrilməsinə səbəb ola bilər.
Ümumiyyətlə, Avropa Siyasi Birliyi yeni ideya deyil, coğrafi Avropanın öz sərhədlərinin bütövlüyü məsələsidir. Berlin divarı yoxdur, amma bu gün Avropada onlarla "Berlin divarları" hələ də qalmaqdadır. Məsələn, Avropa İttifaqının xarici siyasət üzrə komissarı Jozef Borrel Macarıstanın Baş naziri Viktor Orbanı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi samitində iştirakına görə tənqid etmişdi. Orbanın da cavabı kəskin məntiqli idi. Odur ki, bu gün Avropa İttifaqında, NATO-da olmalarına baxmayaraq Qərbi Avropa Şərqi Avropanı tənqid edir, bəzən bu ölkələrin hansı səviyyədə fəaliyyətinə veto da qoyur. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını qeyd etmək yerinə düşür. Baxmayaraq ki, rəsmi London Avropa Siyasi Birliyinin IV Sammitinə ev sahibliyi edirdi. Və ən əsası - tarixin ağır sınaqları və bu sınaqlardan əldə edilmiş dərslər var. "Berlin divarları" uçulmalıdır. Qlobal təhlükəsizlik sistemi yenidən qurulmalı, Avropa öz sərhədlərində möhkəmlənməli, Qərblə Şərqin bir yerdə olması qaçılmaz həqiqətə çevrilməlidir.
Avropa Siyasi Birliyinin Londonda keçirilən IV Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşı tərəflərin dəvəti ilə digər 12 Avropa lideri ilə görüşlər keçirdi, söhbətlər apardı.
Bu, təkcə Azərbaycanın maraqları deyil, eyni zamanda vahid və təhıükəsiz Avropa evinin qurulması naminə addımlardır. Qarşı tərəflər Prezident İlham Əliyevlə görüşmək istədiklərini bildirmişdilər, çünki Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi və təchizatında mühüm rol oynayır. Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında İtaliyanın Ambrosetti beyin mərkəzində nitq söyləyərkən faktiki olaraq Avropanın yeni enerji xəritəsini cızmışdı. Şimal axını məlum partlayışdan sonra fəaliyyətini dayandırıb. Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə 8 Avropa ölkəsinə ötürülür. Yəni Prezident İlham Əliyev yeni Avropa evinə siyasi birliyin enerji təchizatı və təhlükəsizliyi, dayanıqlı iqtisadiyyat üzərində qurulduğunu bəyan edir. Siyasi iradə və ikili standartların tam olaraq yığışdırılması 1919-cu ildə Paris Sülh Konfransının başlatdığı və elə Versalın öz yanaşması səbəbindən yarımçıq qalmış vahid coğrafi Avropanın qurulmasını sürətləndirə bilər.
Kamran QASIMOV,
Real Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri,
Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü (ABŞ)
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ