İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Azərbaycanın yeni dövr hədəfini bəlirlədi: Texnoloji inkişafa, yaşıl enerjiyə əsaslanan iqtisadiyyat

Azərbaycanın qarşıdakı yeddi ildə bəlirlədiyi iqtisadi hədəflər, onlara çatım yollarını ehtiva edən tezislər ölkə ictimaiyyətinə açıqlanıb. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışında bu hədəf və tezisləri xalqa elan edib. Bildirib ki, Azərbaycanın dövlət büdcəsinin ən böyük xərc maddələri müdafiə və azad olunan ərazilərin bərpası olaraq qalır: “Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır”.

44 günlük Vətən Müharibəsi, ardınca 2023-cü ilin sentyabrında gerçəkləşən antiterror əməliyyatından sonra dövlətimiz yüz illərlə Azərbaycanın qanayan yarasına çevrilmiş erməni separatizmindən azad olub. Bu tarixi qələbənin  memarı olan Prezident İlham Əliyev yaxın və ortamüddətli dövrdə dövlətin qarşısında duran ən mühüm vəzifənin məcburi köçkünlərin öz yurdlarına qaytarılması olacağını elan edib. Vətəndaşının rifahını, inkişafını, firavanlığını prioritet sayan bir dövlət üçün bu, təbii görünən vəzifədir. Lakin 30 ilə yaxın müddətdə dağıdılann, viran qoyulan ərazilərin bərpası, özü də ən yüksək səviyyədə, müasir tələblərə cavab verən səviyyədə bərpası külli miqdarda vəsait, əmək tələb edir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət bu vəsaitlərin əldə olunması üçün geniş fürsətlər yaradır. Məhz bu siyasətin nəticəsində indiyədək 5400 keçmiş köçkün beş yaşayış məntəqəsinə qaytarılıb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.

Prezident bildirib ki, bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir: “Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”.

Azad olunan ərazilərdə bütün sosial infrastruktur inşa edilir: “Xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq”.

2021_06_18_765211_18.6.2021.8.jpg (80 KB)

Uğurlu iqtisadi siyasət bu ilin ilk ayında əldə olunan nəticələrdə özünü açıq büruzə verir: Yanvarda Azərbaycanın Ümumi Daxili Məhsulu 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb: “2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq.

Sosial sahədə görülmüş işlər göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır”.

Ölkə başçısı yoxsulluq və işsizliyə qarşı mübarizənin hökumətin əsas hədəflərindən biri kimi qalacağını qeyd edib. Bildirib ki, bunun üçün ölkə iqtisadiyyatının yeni iş yeri yaratma imkanları genişləndirilməlidir: “Yoxsulluqla və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq”.

Aydın məsələdir ki, məkrli qüvvələrin daim hədəfində olan Azərbaycan həm də öz təhlükəsizliyini təmin etmək üçün ən müasir orduya sahibliyini davam etdirməlidir. Bu isə irihəcmli vəsait tələb edir. Bu şəraitdə ölkənin azad olunan əraziləri bərpa etmək üçün xarici investisiyalara ehtiyacı yaranır. Bu ehtiyacı təmin etmək üçün xarici investorlara əlverişli mühitin yaradılmasına artıq başlanıb: Rəqabət Məcəlləsi qəbul edilib, azad olunan ərazilərdə çalışacaq investorlara münasibətdə kompleks güzəşt və imtiyazlar müəyyənləşdirilib. Eyni zamanda azad olunan ərazilərdə biznesin fəaliyyəti üçün zəruri olan şərtlər sürətlə yaradılır: yollar çəkilir, enerji və digər təminat şəbəkələri qurulur.

Prezident bu məsələyə öz çıxışında xüsusi yer ayırıb: “Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq”.

Müasir dünyada iqtisadiyyatın inkişafı texnologiyalardan kənarda təsəvvür belə edilmir. Dünya texnologiyalar sahəsində böyük sürətlə irəliləməkdədir. Qarşısını iqtisadiyyatının dayanıqlı inkişafını qoyan Azərbaycan nəinki bu prosesdən kənarda qalmamaq, onun aktiv iştirakçısı olmaq istiqamətində sürətlə irəliləməkdədir. Bu proses Prezident İlham Əliyev tərəfindən son dərəcə səruri vəzifə kimi qarşıya qoyulur: “Vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü.

Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır. Son 1-2 il ərzində böyük inkişaf mövcuddur. Kadr hazırlığı olmadan heç bir texnoloji yenilik kifayət etməyəcək. Son müddət ərzində bir neçə min Azərbaycan gənci treninqlərdən keçib, xüsusi proqramlardan keçib. Texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi – bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar”.

Son 10 ildə Azərbaycan beynəlxalq yükdaşımaların öz ərazisindən həyata keçirilməsini təmin etmək, regional transit mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atıb: həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə artan yük həcmlərini maneəsiz və sürətli ötürülməsi üçün zəruri olan infrastruktura milyardlarla manat sərmayə yatırılıb. Bunun nəticəsidir ki, yeni geosiyasi reallıqların yaratdığı şərtlər fonunda hər iki dəhliz üçün Azərbaycan vazkeçilməz ölkəyə çevrilib.

-3da972c316354189163940527141033.jpg (137 KB)

Dövlət başçısı bu sahədə fəaliyyətlərin davam etdirilməsini daha bir hədəf kimi qarşıya qoyub: “ Nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq;

Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik. Həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir;

Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur. Ancaq buna baxmayaraq, bu gün biz nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq, necə ki, bu gün xahişlə müraciət edirlər ki, “bizə qaz verin, bizə qaz verin, bizdə qaz çatmır” və sair, burada da eyni mənzərə olacaqdır”.

Ənənəvi enerjidaşıyıcılarının  hasilatçısı və ixracatçısı olan Azərbaycan dünyada sürətlə irəliləyən yaşıl enejiyə keçid prosesinin də aktiv iştirakçısına çevrilməkdədir: “Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Bərpaolunan enerji layihələri xarici investorlar tərəfindən icra edilir və ediləcək. Biz indi xarici investorların rəqabət prosesini də görürük. Çünki o qədər çox ölkə Azərbaycanda bu sahəyə vəsait qoymaq istəyir ki, bizim bu qədər imkanımız hələ ki, yoxdur. Halbuki Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR