Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlilini təqdim edib.
İKTA 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qәdәr olan dövrdә MDB-yə daxil olan Azәrbaycan, Ermәnistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan vә Özbәkistanda internet performans göstәricilәrini təhlil edib.
Qeyd olunub ki, təhlil dövründə Azərbaycanda internet abunəçilərinin sayı 2,1 milyondan çox olub və illik müqayisədə mobil internetin sürətində də artım olub. Belə ki, 2023-cü ilin sentyabrında ölkədə mobil internetin median sürəti (download) 44,88 Mb/s olduğu halda bu ilin analoji dövründə həmin göstərici 23,93 faiz artaraq 55,62 Mb/s-yə çatıb. Mobil internetin median sürəti (upload) 2,09 Mb/s, yaxud 15,94 faiz yüksələrək 13,11 Mb/s-dən 15,20 Mb/s-yə çatıb. Bu göstəricilərə görə Azərbaycan 8 pillə irəliləyərək, 56-cı yerdən 48-ci pilləyə qalxıb.
"Azәrbaycan son bir ildә bütün göstәricilәr üzrә yalnız irәlilәyiş әldә edib vә heç biri üzrә gerilәmәmiş 3 MDB ölkәsindәn biridir", - deyə qurumun açıqlamasında bildirilib.
Musavat.com xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz İKTA-nın bu təhlilini tənqid edib.
Ekspert qeyd edib ki, internet istifadəçiləri sürətli internetə əlçatanlıqla bağlı deyil, tələbata uyğun sürət seçə bilməməklə əlaqədar problem yaşayır:
"Dağın başında daxmada yaşayan bir kəndliyə zorla 100 Mb/s internet xidməti verərək internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəlməyimizi elan etmək İKTA-ya yaraşırmı?
İndiki halda ictimai əhəmiyyət kəsb edən məsələ sürət deyil, sürətin seçimidir, daha doğrusu, tələbata uyğun sürətlərin seçimidir. Hazırda ölkədə belə bir seçim məhdudlaşdırılıb. Provayderlər separat sövdələşmə edərək eyni anda minimal tarifləri qaldırıb və vətəndaşların seçim imkanı məhdudlaşıb.
Doğrudanmı, İKTA müşahidə edə bilmir ki, sosial mediadakı minlərlə insanın müzakirələri, İKTA-ya və Antiinhisara olan yüzlərlə müraciətlər sürətli internetə əlçatanlıq yox, tələbata uyğun sürət seçə bilməməklə bağlıdır.
Dağın başında olan tənha bir qocaya, heç bir imkanı olmayan, sahibkarlıqla məşğul olmayan və tələbatı olmayan kəndliyə zorla 100Mb/s xidmət verib, bununla da internet sürətilə bağlı hansısa beynəlxalq reytinqdə yüksəldiyimizi elan etməyi İKTA-ya və orada əyləşən dostlarımıza yaraşdırmıram.
İKTA fərqində olmalıdır ki, artıq ölkəmizdə sürətli internetə əlçatanlıq deyilən problem bitib. Bu mövzu artıq qapanıb. Sağ olsunlar, on illərlə həll olunmayan problemi RİNN həll edə bilib. Nəhəng iş görülüb. Artıq kimə, harada böyük sürət lazımdır heç bir problem yoxdur. Provayderlər hətta 1 Gb/s verə bilərik deyə mesajlar verirlər.
Belə bir anda İKTA kimi tənzimləyici bir qurumun internet sürətilə bağlı təhlil aparması qəribə görsənir və ağlabatan bir şey deyil. İKTA indiki anda ölkədə tələbata uyğun internet sürətlərinin mövcudluğu ilə bağlı, yəni vətəndaşlarımızın özünə lazım olan sürətləri seçmək imkanının olması ilə bağlı, qonşu ölkələr və dünyada internet qiymətləri ilə bağlı müqayisəli təhlillər aparsa, daha məntiqli, daha faydalı, daha ağlabatan olardı.
İKTA fərqində olmalıdır ki, ilin-günün bu vaxtında vətəndaşlarımız regionlarda nə üçün internetdən imtina edirlər və yaxud nə üçün "şərikli internetə" üz tuturlar. İKTA fərqində olmalıdır ki, internet ictimaiyyəti indiki anda nə tələb edir, internet istifadəçilərini nə maraqlandırır".
Xalidə Gəray
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ