İnsanlara hürriyət, millətlərə istiqlal!

İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT

Tovuzda iki tibb bacısı “TikTok”da tanış olduqları şəxsin vədlərinə inanaraq başqa şəxsləri aldadıblar. Onlar işə adam düzəltmək adı ilə bir neçə nəfərdən pul alıblar. Onlar aldatdıqları şəxsləri Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində işə düzəldəcəklərini deyiblər.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslər ümumilikdə 18 nəfərdən işə düzəltmək adı ilə pul alıb.

Həmin şəxsləri sürücü, aşpaz, xadimə və başqa vəzifələrə işə düzəldəcəklərini deyərək hər birindən 2000-3000 manat civarında pul alıblar.

Təqsirləndirilən Nazxanım Həsənova ifadəsində deyib ki, “TikTok”da tanış olduğu Mehmet Tuncay adlı şəxsin yalanlarına aldanıb. Onun sözlərinə görə, Mehmet Tuncay özünü Türkiyə vətəndaşı kimi təqdim edib və uzun müddət Azərbaycanda Müdafiə Nazirliyində işlədiyini deyib. O, nazirlikdə yüksək vəzifəli şəxslərlə əlaqələrinin davam etdiyini bildirib.

Təqsirləndirilən şəxsin dediyinə görə, Mehmet Tuncay ona yeni hərbi hissə açılacağını və oraya şəxsi heyət üçün işçilər lazım olacağını deyib. Qohumlarını ora işə düzəltməyi təklif edib.

Nazxanın Həsənova bu barədə iş yoldaşı Xavərə məlumat verib. Xavərdən də işə düzəltmək üçün adam tapmasını istəyib. Bundan sonra hər iki şəxs əsasən qohumları və yaxın münasibətdə olduqları şəxslərdən pul almağa başlayıblar. Onlar Mehmet Tuncaya verdikləri pula görə özləri də müəyyən məbləğ qazanc əldə ediblər.

Ümumi dəymiş ziyan 32 min manat olaraq müəyyən edilib.

Nazxanın Həsənova pulları verdiyi Mehmet Tuncayın onu aldatdığını deyib. Bildirib ki, sonradan onunla əlaqəsi kəsilib. Hazırda onun ölkədə olmadığı bildirilir.

İstintaq müddətində və məhkəmə araşdırması zamanı N.Həsənova vurduğu ziyanın bir hissəsini geri qaytarıb. Zərərin böyük hissəsi N.Həsənovaya məxsusdur. Xavər isə vurduğu zərəri ödəyə bilməyib.

Zərərçəkənlər pullarını geri ala bilmədikləri üçün şikayətçi olub. Onlara qanunla nəzərədə tutulan şəkildə cəza verilməsini istəyiblər.

Məhkəmə istintaqı davam edən ərəfədə N.Həsənova barəsində həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmə yekunda onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verib.

Xavər isə məhkəmə istintaqı dövründə ev dustaqlığında idi. Məhkəmə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR