İnsanlara hürriyət, millətlərə istiqlal!

İki nəfəri öldürən ZƏHƏR - Həkimlər deyir ki...

Meşədən özbaşına göbələk toplamaq risk deməkdir; papaqlı göbələklərin 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir

Oktyabrın 28-də saat 01:00 radələrində 1985-ci il və 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. TƏBİB-dən bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün təcili tibbi yardım avtomobili vasitəsilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü (qadın cinsli) şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

1985-ci il təvəllüdlü (qadın cinsi) şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Bütün reanimasiyon tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumdur ki, yeməli göbələklərdən qədim zamanlardan istifadə olunur. Bu məhsul zülallar, aktiv fermentlər, bitki şəkərləri, A, C, D, B qrupu vitaminləri, həmçinin selen, kalium, dəmir və sink duzları ilə zəngindir. Diqqətlə seçilmiş göbələklərdən düzgün hazırlanmış yeməklər təhlükəsiz və ləzzətli olur. Müasir dietoloqlar məhsulun faydalılığı ilə bağlı müxtəlif fikirlər bildirirlər. Göbələklər bir tərəfdən qiymətli zülalların, təbii duzların və fermentlərin mənbəyi olmaqla yanaşı, digər tərəfdən, çətin həzm olunan qidalar hesab edilir. Uşaqlar və hamilə qadınlar tərəfindən istehlakı arzuolunmazdır. Göbələklərin toplanmasına, saxlanmasına və emalına düzgün əməl olunmadıqda, onlar insan həyatı üçün potensial təhlükə yaradır.

Göbələkdən zəhərlənməyə səbəb onların tərkibində toksinlərin olmasıdır. Papaqlı göbələklərin 3000 çeşidi arasında yalnız 400 növü yeməlidir. Qalanları zəhərlidir və ya yeyilməməsi tövsiyə olunur.

Göbələkdən zəhərlənmə ən çox yayılmış mövsümi qida zəhərlənmələrindən biridir. Azərbaycanda adi şampinyon, yay boletusu, çıxıntı boletus, ağ göbələk, qəşəng boletus, çəhrayı südlücə, narıncı südlücə, palıd südlücəsi, sarı yağlıca və digər yeməli göbələklərə rast gəlmək olar. Yeməli olmayan göbələklərə isə qızılı qaravul, sarı qaravul, gözəlayaqlı boletus, palıd boletusu, kele boletusu, yalançı sarıca, acıqoxu, kobud panus və digərlərini misal göstərmək olar.

Sağlamlıq üçün ən böyük təhlükəsi olan solğun amanita, sezar amanitası, qırmızı amanita, panterli amanita, şeytani boletus, ağarmış klitosibe, qifvari klitosibe, oyuqlu entoloma, konusvari  hiqrosibe, kükürdlü qifoloma, çəhrayı lepiota, təmiz misena və digər göbələk növlərini numunə göstərə bilərik. Göbələk səhv yığılarsa və emal şərtləri pozularsa, onun istehlakı insan həyatı üçün təhlükə yaradar.

Göbələk zəhərlənməsinə səbəb ola biləcək halların siyahısına aşağıdakılar daxildir:

- tanış olmayan və şübhəli olan göbələklərin yığılması;

- yol kənarında, sənaye müəssisələrinin yaxınlığında, radioaktivliyin yüksək olduğu yerlərdə göbələklərin yığılması;

- qurdlu və ya çürük, köhnə göbələklərin yığılması;

- aşağı keyfiyyətli qablaşdırmadan istifadə;

- göbələk yığarkən şəxsi gigiyena qaydalarına əməl edilməməsi;

- emal olunmamış məhsulun uzunmüddətli (üç saatdan çox) saxlanması;

- köhnəlmiş göbələklərin qidada istifadəsi;

- göbələklərin spirtli içkilərlə birlikdə istehlakı.

Göbələkdən zəhərlənmənin əlamətləri onların növünə, hazırlanması və istehlak xüsusiyyətlərinə, alınan toksinin miqdarına görə dəyişir. İlk simptomlar zəhərin bədənə daxil olmasından yarım saat sonra  başlayır. Bəzi hallarda göbələk intoksikasiyasının klinik mənzərəsi hər hansı bir qida zəhərlənməsinin tipik təzahürləri ilə eyni olur: mədə ağrısı, ürəkbulanma və qusma, ishal, artan bədən hərarəti, titrəmə hissi.

Göbələkdən zəhərlənmə təhlükəsi məhsulu emal etməklə tamamilə aradan qaldırılmır.

Konservləşdirilmiş göbələklər qapalı qabda uzun müddət saxlandıqda botulizmə səbəb ola bilər.

Konservləşdirmə texnologiyasına riayət olunmalı və yeməyin hazırlandığı otağın gigiyenasına nəzarət edilməlidir. Kortəbii, bazarlarda və ya keyfiyyət sertifikatı olmayan hazır konservləşdirilmiş göbələk istehlak edilməməlidir.

Göbələklərdən zəhərlənməyə ilk şübhə yarandığı halda, dərhal həkimə müraciət etmək lazımdır.

Göbələk zəhərlənməsinin qarşısını almaq üçün göbələklərin tanınması, toplanması, daşınması, saxlanması, emalı texnologiyasına ciddi riayət etmək tövsiyə olunur. (AQTA)

Həkim Azər Maqsudov həbs oluna bilər

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mətbuata bildirib ki,  zəhərlənmələr əsasən iki növ göbələkdən olur - qırmızı papaqlı, ağ nöqtəli milçəkqıran göbələyi  və solğun əzvay: “Zəhərlənib ölənlər göbələyin ən təhlükəli növü olan solğun əzvayı yeyiblər. Bu göbələyi qaynadanda da, bişirəndə də zəhəri parçalanmır. Bir ya iki ədəd solğun əzvay göbələyi 10-15 nəfərin vəziyyətini pisləşdirib, ölümünə səbəb ola bilər. Göbələk zəhərlənməsinin ilk əlaməti ürəkbulanma, tək-tək hallarda  qusma, qarın nahiyəsində köpdür".

Məhsəti Hüseynova: Qidalar bizi niyə zəhərləyir? - Sağlam Qida

Məhsəti Hüseynova

Qida mütəxəssisi Məhsəti Hüseynova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, göbələkləri tanımadan meşədən özbaşına toplamaq öz-özlüyündə risk deməkdir. Mütəxəssis belə göbələklərdən istifadə etməməyi tövsiyə edir: “Zəhərli göbələklərin bir çox növü var, Azərbaycanda yetişən zəhərli göbələk növlərindən ən təhlükəlisi Amanit göbələyidir, belə ki, bu göbələyin bir hissəsinin yeyilməsi belə faciəyə səbəb ola bilər: Amanitlərin toksinləri əsasən qaraciyər və qan hüceyrələrini məhv edir. Zəhərli göbələkləri digərlərindən seçməyin bir neçə üsulu var. Göbələkləri görünüşünə, rənglərinə görə fərqləndirmək olar. Tünd, qırmızıya çalan rəngdə olan göbələklər adətən zəhərli olur, daha kəskin, xoşagəlməz qoxusu var ki, bu da onun yeyilə bilməyən olduğunu göstərir”.

Qeyd edək ki, yeyildikdən 6 saat sonra meydana çıxan zəhərlənmələrdə ürəkbulanma, qusma, ishal, qızdırma, nəbz artımı, qarın ağrısı, vaxt keçdikcə qaraciyər, böyrək pozuntuları, bu pozuntulardan qaynaqlanan əlamətlər ortaya çıxa və koma, ölümlə nəticələnə bilər. Göbələk yeyən insanda bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduğu təqdirdə mütləq vaxt itirmədən ən yaxın tibbi mərkəzə çatdırılmalıdır.

Göbələk zəhərlənmələrinin müalicəsi əsas etibarilə zəhərlənmə əlamətlərinə əsasən təyin edilir. Dəqiq müalicəsi yoxdur. Bütün müalicələrə baxmayaraq bəzən ölümlə nəticələnən hallar çox olur. Ancaq göbələk zəhərlənməsinin qarşısını almaq mümkündür və bunun üçün təbii mühitdə yetişən göbələklərin yeyilməməsinə diqqət etmək lazımdır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR