İnsanlara hürriyət, millətlərə istiqlal!

İki cəbhənin qəhrəmanı – o, həm Hitler, həm də Stalinlə qədəh toqquşdurub...

1948-ci ildə Kremldə növbəti dəfə sovet-alman müharibəsində fərqlənən hərbçilərə ali dövlət mükafatları təqdim edildikdən sonra Stalin onları ziyafətə dəvət edib.

Sovet lideri qəhrəmanların şərəfinə qədəh qaldırıb və ziyafət zamanı onlardan birinə yaxınlaşıb:

- Siz burada o yaramazın (Hitleri nəzərdə tutub) yanından fərqli olaraq özünüzü sərbəst və qürurlu apara bilərsiniz. Çünki siz qalibsiniz. Sizin şərəfinizə!

Maraqlıdır, Stalinin şəxsən vurğuladığı və nə vaxtsa Hitlerin də yanında olan qəhrəman kim olub?

Həmin şəxs İvan Fyodorov olub ki, o, həm nasist Almaniyasının ən yüksək mükafatlarından birinə - “Dəmir xaç”a, həm də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

FDOR.jpg (44 KB)

1914-cü ildə Xarkovda anadan olan İvan Fyodorov 4 yaşı olanda ailə Luqanska köçüb. Fyodorov hər iki valideynini uşaq vaxtı itirib. Bir müddət o, 123 yaşlı babasının himayəsində qalıb. Beş sinif bitirdikdən sonra Fyodorov texniki peşə məktəbində oxuyub, daha sonra zavodda çilingər işləyib. Zavodda işlədiyi dövrdə o, Luqanskda “Osoaviaxim” (DOSAAF) cəmiyyətindəki təyyarəçilər məktəbində təhsil alıb. 1932-ci ildə Fyodorova nümunəvi işçi kimi zavoddan Luqansk 11-ci hərbi pilotlar məktəbinə göndəriş verilib. Bununla da onun hərbi xidmət yolları başlanıb.

Fyodorov peşəkar hərbçi kimi xidmətinə Kiyev Hərbi Dairəsinin hərbi hava qüvvələrinin 59-cu qırıcı aviabriqadasından başlayıb. Bir ildən sonra o, Moskvada Ali Pilotlar Məktəbində təhsilini davam etdirib.

Fyodorov 1937-ci ilin may ayından 1938-ci ilin fevralına kimi İspaniyada vətəndaş müharibəsində iştirak edib. Bu müddət ərzində o, 158 döyüş uçuşu həyata keçirib. İspaniyadakı xidmətlərinə görə pilot iki dəfə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib.

İspaniyadan qayıtdıqdan sonra Fyodorov Kiyev Hərbi Dairəsində aviasiya alayının komandiri təyin edilib. O, eyni zamanda sınaqçı pilot kimi də fəaliyyət göstərib və ölkənin tanınmış pilotlarından biri sayılıb.

1939-cu ildə Fyodorov bir neçə həmkarı ilə Almaniya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq üçün bu ölkəyə ezam edilib. Həmin ərəfədə Almaniya istehsalı olan “Henkel-100” qırıcıları ən sürətli qırıcı təyyarə kimi məşhur olub. Amma bu qırıcıların idarə olunması alman pilotları üçün əsl problemə çevrilib. Hitler “Henkel-100” qırıcılarına böyük maraq göstərib, başlayacağı müharibədə bu qırıcıların xüsusi rolu olacağına inanıb.

Fyodorov Almaniyada olarkən “Henkel-100” qırıcılarının sınaq uçuşu keçirilib. Bu tədbirdə Hitler özü də iştirak edib. Fyodorov həmkarlarından sınaq uçuşunda iştirak etməyi xahiş edəndə alman pilotlar onun bu xahişinə istehza ilə yanaşıblar, yəni sovet pilotunun bu sürətli qırıcını idarə edə biləcəyinə inanmayıblar. Amma onlar Fyodorovun xahişini yerə salmayıblar. Sovet pilotu təyyarəni səmaya qaldırıb. Fyodorov dəqiqələr ərzində səmada elə manevrlər edib ki, Hitler əllərini göyə qaldırıb, böyük sevinclə onu alqışlayaraq qəhrəman adlandırıb. Amma fürerin pilotun kim olduğundan xəbəri olmayıb.

Fyodorov səmada “Henkel-100”lə ağlasığmaz “gediş”lər edəndə Hitler ətrafındakılara göstəriş verib:

- Bu pilota “Dəmir xaç” ordeni verilməsi ilə bağlı təcili təqdimat hazırlayın, o, bu gün şam yeməyində mənim şəxsi qonağım olacaq.

Sonradan fürerə bildirəndə ki, pilot sovet vətəndaşıdır, Hitler təəssüf hissi keçirib, amma sözünün üstündə durub. Fyodorova “Dəmir xaç” ordeni təqdim edilib, həmin gün o, fürerin iqamətgahında qonaq olub, Hitlerin təşkil etdiyi ziyafətdə əsas qonaq qismində iştirak edib.

Sovet-alman müharibəsi başlananda Fyodorov ən ağır döyüş bölgələrində xidmət aparıb. 1942-ci ildə Stalinin əmri ilə Kalinin cəbhəsində qırıcı-pilotların cərimə batalyonu yaradılanda Fyodorovu həmin hərbi hissəyə komandir təyin ediblər. Fyodorov “qanunları pozan” hərbi pilotlarla döyüşlər zamanı ən yüksək nəticələr əldə edib.

CEBHE.jpg (95 KB)

Fyodorov döyüş bölgələrində xidmət aparmaqla yanaşı, bütün yeni təyyarələrin sınaq uçuşunu da həyata keçirib. Yeni təyyarələr haqqında onun rəyi böyük rol oynayıb. Bu da Fyodorovla konstruktorlar arasında mütəmadi olaraq mübahisələrə və gərginliklərə səbəb olub.

Fyodorova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı dəfələrlə təqdimat yazılıb. Amma bu təqdimatlar nəticəsiz qalıb.

Həmin təqdimatlar Kremlin kabinetlərində lazımsız kağız kimi siyirmələrə atılıb. Bu işin əsas təşkilatçısı, maneçilik törədəni isə konstruktor Artyom Mikoyan olub. O, qardaşı Anastas Mikoyan vasitəsi ilə Fyodorova qəhrəman adı verilməsinə mane olub. Belə ki, Artyom Mikoyanla Fyodorov arasında sınaq uçuşları zamanı tez-tez fikir ayrılığı yaranıb ki, bu da erməni konstruktorun imicinə zərbə vurub.

Amma bütün bu əngəlliklərə baxmayaraq, Fyodorovun hərbi aviasiya sahəsindəki xidmətləri, müharibədə göstərdiyi qəhrəmanlıqlar Stalinin diqqətindən yayınmayıb və marşal Vasilevskinin təqdimatı ilə Stalin pilota layiq olduğu “qızıl ulduz”u şəxsən təqdim edib.

Fyodorov sonralar uzun illər Xarici İşlər Nazirliyinin strukturunda işləyib. Qəhrəman pilot 2011-ci ildə, 96 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR