Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Əfəndizadə Abdulla Hikmət oğlu arasında məhkəmə çəkişməsi başa çatıb.
Musavat.com xəbər verir ki, Abdulla Əfəndizadə feysbuk sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Buna görə də vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib.
Sabunçu Rayon Məhkəməsi Abdulla Əfəndizadəni Cinayət Məcəlləsinin 147.1-ci (böhtan atma) maddəsi ilə təqsirli bilərək 1000 manat cərimə cəzasına məhkum edib. Həmçinin Abdulla Əfəndizadənin üzərinə yaydığı yalan məlumatın rəsmi qaydada təkzib edilməsi və məlumatları yaymasına görə üzr istəməsi, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.
Abdulla Əfəndizadənin bu qərardan verdiyi apellyasiya şikayəti təmin edilməmişdi.
Hüquqşünas Abdulla Əfəndizadə son olaraq Ali Məhkəməyə üz tutub. Martın 14-də keçirilən iclasda Ali Məhkəmə Abdulla Əfəndizadənin kassasiya şikayətini təmin etməyib və qərar qüvvədə saxlanılıb.
Vəkil Cavid Alıyev
İlkin Muradov,
Musavat.com
16 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ