İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçisi: Xocalı qətliamı insanlığa qarşı təcavüzdür

Ermənistanın törətdiyi Xocalı soyqırımından 31 il keçsə də, bu dəhşətli qətliam hələ də yaddaşlardan silinməyib. Dünyada analoqu olmayan bu faciə miqyasına görə 2001-ci ildə ABŞ-da baş vermiş terrorla müqayisə edilir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni şovinistlərinin “böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm ideyasını reallaşdırmaq cəhdi azərbaycanlılar yaşayan kənd, qəsəbə və rayonların viran qoyulması, çoxlu sayda günahsız insanların ölümü, ömürlük şikəst edilməsi, bir milyondan artıq soydaşımızın öz tarixi və əzəli torpaqlarından didərgin salınması ilə nəticələndi. XX əsrin ən dəhşətli faciələrindən hesab edilən Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin vandal aktlarındandır. XX əsrin sonunda ermənilərin törətdikləri bu faciə təkcə xalqımıza deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı faciəsi tarixin yaddaşına əbədi həkk olunmuş Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələrlə bir sırada dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dünya tarixində bənzəri çox az olan Xocalı soyqırımını törətməkdə erməni işğalçılarının məqsədləri nə idi? Niyə məhz Xocalı hədəfə alınmışdı? Hər şeydən əvvəl Xocalı Qarabağda azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli mövqe idi. Düşmənin digər məkrli niyyəti isə ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu da səbəbsiz deyildi. Xocalı elə bir yaşayış məskəni idi ki, orada Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələri əks olunurdu. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir. Xocalının strateji mövqeyə malik olması işğalçı Ermənistanın maraq dairəsində idi. Erməni silahlı dəstələrinin qarşısına qoyulmuş əsas vəzifələrdən biri Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və hava limanını ələ keçirilmək idi.

Komitə sədri fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələrinin SSRİ-dən qalma 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini darmadağın edərək etnik azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətdiklərini diqqətə çatdırıb. Vurğulayıb ki, Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək onlar vəhşicəsinə qətlə yetirilmişlər. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi. Bu faciə keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.

Ç.Qənizadə deyib ki, Xocalı soyqırımının epizodları barədə eşidəndə adam dəhşətə gəlir: Hətta ermənilərin özləri də həmkarlarının törətdikləri bənzərsiz vəhşiliyi etiraf etmişdilər. Məsələn, Xocalı qətliamını icra edənlərdən biri David Xeyriyan Beyrutda nəşr etdirdiyi “Xaç naminə” kitabında faciə ilə əlaqədar xatirəsində yazır: “Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: ”Qorxma, ürəkli keç! Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlıqdan keçdim... Ayaqlarım və fotokameram qana batmışdı...".

Hüquq müdafiəçisi həmin kitabın başqa səhifəsində erməni vəhşiliyinin, qəddarlığının özünü daha açıq şəkildə göstərdiyini bildirib və bir sıra faktları diqqətə çatdırıb. Orada yazılıb: “...Martın 2-də meyitlərin yandırılması işini həyata keçirən “Qaflan” adlı erməni qrupu yüzdən çox azərbaycanlı meyiti toplamışdı. Həmin meyitləri Xocalıdan təxminən bir necə kilometr aralıda yandırdılar... Meyitləri gətirən axırıncı maşında alnından güllə yarası almış, qolları qırılmış, təxminən 10 yaşlarında bir qız gördüm. Aclığa, şaxtaya, göyərmiş sifətinə, yaralarına baxmayaraq, qızcığazda hələ də həyat rəmzi vardı, o, nəfəs alırdı... Bir anda Tiqranyan familiyalı erməni qızı götürüb digər meyitlərin üstünə atdı. Sonra meyitləri yandırdılar. Bir anlıq yanan meyitlərin içindən birinin çığırdığını eşidən kimi oldum, sanki biri yardım və mərhəmət diləyirdi... Mən bunlardan sonra daha irəli gedə bilmədim və geri döndüm. Digərləri isə xaç naminə savaşlarına davam etdilər...".

Erməni silahlı qüvvələrinin Xocalıya hücum zamanı istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə etdiyini bildirən hüquq müdafiəçisi deyib ki, bu da Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozduğunu, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı törətdiklərini təsdiqləyən faktdır. “Azərbaycanın da qoşulduğu dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi dəhşətli soyqırımları pisləyir, bunu insanlığa qarşı təcavüz hesab edirlər”, – deyə Ç.Qənizadə bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR