İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq-müdafiəçisi AZTV-ə qarşı ittihamlara CAVAB VERDİ

“Ötən gün AZTV-nin “Əsas məsələ” verilişində Milli Məclisin deputatı, tanınmış və hörmətli tarixçi alimimiz Anar İsgəndərovun, eyni zamanda hörmətli, tanınmış təhqiqatçı alimimiz Nəsiman Yaqublunun, həmçinin tarixçi alim və şəxsiyyətinə hörmət etdiyim Şikar Qasımovun iştirakı ilə gedən verilişlə bağlı iki millət vəkili tərəfindən sosial şəbəkə vasitəsilə verilişin səviyyəsizlikdə ittiham edilməsi, düzü məni düşünməyə vadar etdi. Təkrar həmin verilişə baxdım və verilişdə iştirak edən digər hərbi-siyasi ekspert Telman Qasımovun da çıxışını xüsusilə izlədim. Bilirsiniz ki, AZTV Azərbaycan dövlət siyasətini təbliğ edən bir şirkətdir. Belə hesab edirəm ki, son illərdə AZTV-nin xüsusilə 44 günlük Vətən müharibəsinə qədərki dövrdə, həmçinin müharibə və müharibədən sonrakı dövrlərdə siyasi mövzulara həsr etdiyi bu verilişləri xüsusilə təqdirəlayiqdir. Dünənki verilişlərdə də alimlərimiz tərəfindən Qərbi Azərbaycanla bağlı səsləndirilən fikirlər, tarixi faktlara söykənən məqamlar xüsusilə vurğulandı. Çox təəssüflər olsun ki, iki millət vəkili Əziz Ələkbərli və sonra da ona dəstək verən Etibar Əliyev tərəfindən həm bu verilişə, həm də AZTV-nin işinə və onun rəhbərliyinə qarşı xoşagəlməz, bəlkə də təhqiredici ifadələr və verilişin özünün də səviyyəsini  və siyasətimizə uyğunluğunu şübhə altına qoyan məqamlar öz əksini tapdı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib. 

“Hər iki millət vəkilinə böyük hörmətim var. Belə hesab edirəm ki, şəxsi məsələləri, şəxsi münasibətləri bu formaya çevirərək, ona  siyasi don geyindirməklə, digər tərəfə qarşı belə fikirlərin işlədilməsi yolverilməzdir. Eyni zamanda, mən AZTV-nin də sosial şəbəkədəki paylaşımını diqqətlə oxudum. AZTV-nin açıqlamasında da qeyd olunur ki, millət vəkillərindən biri verilişdə iştirak edən qonaqlardan biri ilə şəxsi münasibətləri o qədər də yaxşı deyil. Bu açıqlamalar şəxsi münasibətlər üstündən köklənib və o baxımdan da mətbuata sızıb. Bir şeyi də qeyd etmək istəyirəm ki, bu gün həqiqətləri, operativ məlumatları, dövlətimizin apardığı siyasi kursun hansı istiqamətdə olduğunu məhz AZTV-dən görürük. Məhz AZTV-nin apardığı verilişlərin mövzusundan və məzmunundan görürük. Belə hesab edirəm ki, bu gün AZTV-də gedən bu verilişləri səviyyəsiz adlandırmaq, AZTV-də gedən islahatları və son illərdə görülmüş işləri görməmək ən azı başa düşülən deyil və yolverilməzdir. Bir çox televiziyalarda təbii ki, dövlətin siyasi xəttini yürüdən verilişlərlə zəngindir. Amma AZTV-nin verilişləri xüsusi diqqətə, hörmətə layiq verilişlərdən biridir. Belə hesab edirəm ki, verilişi tənqid edənlər öz arqumentlərini və faktları ortaya qoymalı idilər. Sübut etməli idilər ki, sizin verilişdəki  bu məsələlər bu faktlara və həqiqətlərə söykənmir. Amma bunlar olmadan, bir neçə cümlə ilə verilişi hədəf almaq və AZTV-nin layihələrini və onun gənc, bacarıqlı, savadlı, işgüzar kollektivini hədəf almaq belə hesab edirəm ki, bu yalnız və yalnız şəxsi münasibətlərdən və şəxsi ambisiyalardan irəli gələn fikirlərdir. Bu cür faktlara söykənməyən arqumentsiz fikirlər AZTV-nin kollektivinin işgüzar nüfuzuna xələl gətirmək və onun fəaliyyətini kölgə altına almaq cəhdlərindən başqa bir şey deyil”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR