İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquq müdafiəçilərindən Novella Cəfəroğlu və Osman Kazımova DƏSTƏK

Laçının geri alınması münasibətilə Ali Baş Komandan İlham Əliyevi təbrik etdiyi üçün Müsavat Partiyasının başqan müavini Osman Kazımovun Partiyadan kənarlaşdırılması təklifini irəli sürənlər var. Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, onu və Osman Kazımovu söyənlər "əldəqayırma" müsavatçıdırlar.

Musavat.com xəbər verir ki, Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu məsələ ilə bağlı bəyanat yayıb:

"Son günlər sosial şəbəkələrdə Müsavat Partiyasının iki ünlü üzvü – vəkil Osman Kazımova və hüquq müdafiəçisi Novella Cəfəroğluya qarşı səslənən xoşağəlməz çağırışlar bizi narahat etməyə bilməz. Sözdə tolerantlığı bəyan edən, lakin başqasının söylədiyi fikrə qarşı bolşevikcəsinə, dözümsüz yanaşanları biz çox görmüşük. Belə üsulları gələcək nəsillərə ötürməyin, cəmiyyətdə çaxnaşma, narazılıq, anlaşmazlıq yaranmasının daima əleyhinə olmuşuq. Biz ölkədə korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına, insan hüquqlarının pozulmasına qarşı barışmaz mövqedə olmuşuq və bu cür neqativ halların aradan qaldırılmasında açıq dialoqun vacibliyini həmişə vurğulamışıq. Dövlətçiliyimizin qorunması və güclənməsi naminə cəmiyyətin bütün təbəqələri arasında siyasi dözümlülüyə, plüralizmə, tolerantlığa, qanunun aliliyinə söykənən dialoq platforması daima işləməlidir.

ohas.jpg (41 KB)

Azərbaycan bu gün öz gücünü, şücaətini, əzmini hərb meydanında göstərərək 44-günlük savaşda 30 il həsrətində olduğumuz Vətən torpaqlarını azad etdi. Bununla yanaşı, informasiya və diplomatiya sahəsində də qalibiyyət qazanaraq dünyaya haqlı olduğumuzu, beynəlxalq hüququn bizim tərəfdə olduğunu sübut edə bildik. Bu qələbəni bizə yaşadan müzəffər Ordumuza, Vətən uğrunda canlarından keçən şəhid oğullarımıza, qazilərimizə, Ali Baş Komandana təşəkkürlərimiz sonsuzdur. Bəli, biz qələbəni qazandıq, indi isə onu qorumaq, işğal altında bədəni cadar-cadar olmuş torpaqlarımızı sahmana salıb yeni nəfəs vermək, gözəl kənd və şəhərlər inşa etmək, yollar çəkmək, qələbəmizi sona qədər aparmaq ən vacib və ümdə vəzifəmizdir.

Gənc nəslə üzümüzü tutub deyirik: bizim nəsil Azərbaycanın müstəqilliyinin bərpası, müqəddəs üçrəngli bayrağımızın başımızın üstündə dalğalanması naminə mübarizə aparan nəsil olub. Azərbaycanın gələcəyi isə sizin əllərinizdədir. Üzərinizə düşən öhdəliklərin ən vacibi müstəqilliyimizi göz bəbəyi kimi qorumaq, Vətəni daha da cazibəli etmək, onun inkişafına, rifahına  ürəyinizi və əqlinizi sərf etmək, lazım gələndə isə düşmənə aman verməməkdir. Siz Azərbaycanın yeni şərəfli tarixini yazanlarsınız!

Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB sədri

Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri

Çingiz Qənizadə - Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri

Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR