İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüdudsuz səlahiyyətləri olan DTK generalı – o, Kreml məmurları üçün arzuolunmaz şəxs olub

 

Sovet dövründə, xüsusilə də Leonid Brejnev hakimiyyətə gəldikdən sonra baş katib Dövlət Təhlükəsizlik Komitəsinin quruma rəhbər təyin etdiyi Yuri Andropovun səlahiyyətlərini daha da artırıb. Qeyd edək ki, Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sayca dördüncü sədri olub. O, əvvəlki sədrlərdən, İvan Serovdan, Aleksandr Şelepindən, Vladimir Semiçastnıdan peşəkarlığına, vəzifə məsuliyyətinə, dövlət məmurları ilə münasibətdə həssas, pərdəli davranışı ilə fərqlənib. Andropov bütün məsələlərin həllində həmişə ehtiyat variant saxlayıb. Amma bu balanslaşdırılmış siyasət heç də Andropovun xidməti fəaliyyətini problemlərdən tam xilas edə bilməyib. Bu problemləri yaradanlardan biri də elə Andropovun öz müavini, ordu generalı Georgi Sinyev olub. Belə ki, Brejnev Sinyevə qeyri-rəsmi olaraq sərhədsiz səlahiyyətlər verib.

Andropovla dostluq münasibətində olan Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazov öz xatirələrində DTK sədrinin problemləri haqqında aşağıdakıları qeyd edib:

“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq, xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Hər iki müavini, Semyon Sviqun və Georgi Sinyev Brejnevlə yaxın əlaqədə idilər. Hətta DTK-nın bəzi məsələlərini müavinlər birbaşa Brejnevlə müzakirə edirdilər. Sözsüz ki, subordinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, müavinlərinə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi. Çünki müavinlər Brejnevə Andropovun onlara qarşı münasibətləri haqqında da məlumat verirdilər. Brejnev Andropovun onun “dostlar”ına qarşı xoş münasibətini eşidəndə məmnun qalırdı. DTK-dan Brejnevə daha çox məlumat ötürən isə Georgi Sinyev idi...”

Brejnevlə Sinyevin yaxınlığı haqında baş katibin kürəkəni Yuri Çurbanov da öz xatirələrində yer ayırıb:

“Leonid İliçlə Sinyev arasında heç bir rəsmi münasibətdən söhbət gedə bilməzdi. O, istədiyi vaxt Brejnevin bağına gedirdi, Qalina ilə zarafatlaşırdı, Viktoriya Petrovnanın (Brejnevin həyat yoldaşı) mətbəxinə də ərklə baş çəkirdi. Sonra baş katiblə bir süfrə arxasına keçirdi. Zarafatlaşırdılar, bir-birlərinin sağlığına qədəh qaldırırdılar, daha sonra ciddi söhbətlər başlanırdı. Sinyev DTK-da baş verənlərdən, Andropovun gördüyü işlərdən ətraflı və böyük həvəslə danışırdı. Sonda Brejnev ona növbəti məxfi tapşırıqlarını verirdi...”

Maraqlıdır, Brejnevlə Sinyev arasındakı bu isti münasibətlər haradan qaynaqlanıb?

Brejnevdən bir yaş kiçik olan Georgi Sinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya institutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Sinyev Brejnevin tabeliyində işləyib.

Köhnə dostları müharibə ayırıb. Sinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.

1954-cü ildən Georgi Sinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Sinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra o, DTK-da əsas simalardan birinə çevrilib, general-polkovnik rütbəsini alaraq DTK sədrinin müavini vəzifəsinə təyinat alıb.

Georgi Sinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməkdən çəkinməyib. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Sinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.

Sinyev təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə qədəh toqquşdurması olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio- video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu səlahiyyəti ilə də Sinyev Kreml məmurlarını gərginlik içərisində saxlayıb və bununla da yüksək ranqlı dövlət məmurları üçün o, arzuolunmaz şəxsə çevrilib.

Hələ Semiçastnı DTK sədri olanda Sinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Sinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmazlıq” statusu verilib.

1978-ci ildə, 71 yaşında olarkən Sinyevə ordu generalı rütbəsini Brejnev şəxsən özü təqdim edib. Nitqində problem olan, danışanda çətinlik çəkən baş katib Kremldə keçirilən təqdimat mərasimində Sinyevin xidmətləri haqqında düz 23 dəqiqə nitq söyləyib. Brejnev bu nitqi ilə Kreml məmurlarına dolayısı yolla başa salıb ki, Sinyev adi generallardan biri deyil.

1982-ci ildə Yuri Andropov DTK sədrliyindən Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə yaxşı anlayıb ki, Sinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Sinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.

Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Sinyevi vəzifəsindən azad edə bilməyib. Sinyevdə həm Andropov haqqında, həm də onun ətrafındakılarla  bağlı kifayət qədər materiallar olub və onun istənilən vaxt istədiyi yüksək çinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.

Sinyev yaşına və gərgin xidməti fəaliyyətinə baxmayaraq çox sağlam, gümrah və enerjili bir adam olub. O, bu durumu ilə baş katiblər, Brejnevin, Andropovun,  Çernenkonun dəfn mərasimlərində “yorulmadan” fəxri qarovulda dayanıb.

Nəhayət, Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən altı ay sonra ordu generalı rütbəsində olan Geogi Sinyev DTK sədrinin birinci müavini vəzifəsindən istefaya göndərilib. O, sonrakı fəaliyyətini Müdafiə Nazirliyinin generallardan ibarət inspeksiyasında davam etdirib. Ordu generalı 1996-cı ildə, 89 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR