Onlayn ictimai-siyasi qəzet
Ekspert: “İnhisarçılıq meyllərindən qaynaqlanan inflyasiya da çox yüksəkdir”
“Biz istəsək də, istəməsək də ərzaq məhsulları üzrə idxaldan həmişə asılı olacağıq, bu birmənalıdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib.
Nazir müavini fikrini belə əsaslandırıb: “Həm su, təbii ehtiyatlar, həm torpaqların şoranlaşması, eləcə də müxtəlif faktorlar baxımından idxaldan asılılığımız olacaq. Biz hansısa məhsul növləri üzrə idxaldan asılılığı azalda bilərik, amma taxıl, şəkər və ya ilkin istehlak üçün tələb olunan mallardan asılı olacağıq. Əvvəllər Ukraynadan, Rusiyadan, Qazaxıstandan hər hansı məhsul idxal edirdiksə, bu gün biz o məhsulu Braziliyadan idxal edirik. Bu da logistika xərclərinə görə məhsulların qiymətinin qalxmasına səbəb olur. Ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bu işi görürük. Ona görə də bizim bu problemlərimiz olacaq və buna hazır olmalıyıq ki, bazarda qida məhsulları ilə bağlı inflyasiya yüksəkdir. Bunlar olacaq”.
Xatırladaq ki, may ayında İqtisadiyyat Nazirliyi 2023-cü il üzrə makroiqtisadi proqnozlarında dəyişiklik edib. Yeni proqnoza əsasən, hökumət bu il ölkədə iqtisadi artımın 2,7 faiz deyil, 1,8 faiz olacağını gözləyir. Orta illik inflyasiya proqnozu isə əvvəlcədən proqnozlaşdırılan 6,9 faizdən 10,4 faizə qaldırılıb. Azərbaycan hökuməti makroiqtisadi proqnozlarındakı bu dəyişikliyi dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalarla əsaslandırır.
Hökumət üzvlərinin açıqlamalarından görünür ki, inflyasiya hazırda ən ciddi çağırışlardan biri hesab olunur. Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov da bildirmişdi ki, onları ən çox narahat edən məsələ inflyasiyadır: “Bizi narahat edən inflyasiyadır. Aprel ayında inflyasiyanın səviyyəsi 12,8 faiz olub. Burada əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3 faiz olacaq. Yanvar ayının inflyasiya proqnozu isə 7,9 faiz olub”.
AMB rəhbərinin dediyindən aydın olur ki, bu qurum da inflyasiya proqnozunda artıma doğru dəyişiklik edib.
İqtisadiyyat Nazirliyi ilə AMB-nin proqnozları arasındakı fərqin müzakirələrə səbəb olmasını nəzərə alan E.Əliyev bu məsələyə aydınlıq gətirib. Bildirib ki, onlar istehlak qiymətlərini əvvəlki illə müqayisədə, AMB isə 2023-cü ilin əvvəlki ayları, yəni 12 aylıq müqayisədə proqnozlaşdırırlar.
Milli Məclisin üzvü, iqtisadçı-alim Əli Məsimlinin fikrincə, Azərbaycanda inflyasiya törədən amillər çoxdur, amma onların içində xaricdən gələn idxal inflyasiyasının payı çox yüksəkdir: “İnhisarçılıq meyllərindən qaynaqlanan inflyasiya da çox yüksəkdir. Azərbaycan iqtisadiyyatında gedən proseslərin məntiqində inflyasiya dayanır”.
Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsinə edilən dəyişikliklərdə hökumət inflyasiyadan qaynaqlanan gəlirlərdə artımlar gözləyir. Belə ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 52,5 faizi və ya 17739,7 milyon manatı neft sektorunun, 47,5 faizi və ya 16039,8 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 1 milyard 442,7 milyon manat və ya 8,9 faiz, qeyri-neft sektoru üzrə isə 1562,8 milyon manat və ya 10,8 faiz artırılır. Nəticədə bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 0,5 faiz-bənd artaraq 47,5 faiz təşkil edəcək.
Yeni büdcədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların məbləği 14 milyard 932,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 1 milyard 530,0 milyon manat və ya 11,4 faiz çoxdur. Xidmətin xətti ilə daxilolmaların 6 milyard 2,0 milyon manatı və ya 40,2 faizi neft sektorunun, 8 milyard 930 milyon manatı və ya 59,8 faizi isə qeyri-neft sektorunun payına düşəcək. Qeyri-neft sektoru üzrə daxilolmalar cari il üçün təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 545,0 milyon manat və ya 6,5 faiz çox proqnozlaşdırılır.
Gəlir mənbələri üzrə artırılan maddələrə baxdıqda, əsas artımın inflyasiya hesabına olacağı görünür. Belə ki, əlavə dəyər vergisi üzrə gəlir proqnozu 1 milyard 109,9 milyon manat artırılıb. Bunun 832,2 milyon manatı malların idxalına görə tutulan əlavə dəyər vergisinin hesabına təmin ediləcək. Aksizlər üzrə vergi gəlirlərində 7 milyon manatlıq artım nəzərdə tutulur. Bu zaman malların idxalına görə aksizlərdə 5 milyon manatlıq azalma olacaq. Bu isə o deməkdir ki, hökumət daxildə satışdan hesablanan aksizlərdə 12 milyon manat artım gözləyir.
Çox maraqlıdır ki, qlobal səviyyədə inflyasiyanın azalması prosesi gedir. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən, may ayında qlobal ərzaq qiymətləri indeksi aprellə müqayisədə 3,4 bənd və ya 2,6 faiz azalmaqla 124,3 bəndə bərabər olub. Bu, ötən ilin eyni dövrünə nəzərən 35,4 bənd və ya 22,1 faiz azalma deməkdir.
May ayında qlobal bazarlarda bitki yağlarının, taxıl və süd məhsullarının qiyməti azalıb, şəkər və ət məhsullarının qiyməti isə bahalaşıb. Belə ki, taxıl məhsulları qiymət indeksi aprellə müqayisədə 6,5 bənd və ya 4,8 faiz azalaraq 129,7 bənd təşkil edib. Bu, ötən ilin rekord göstəricisindən 43,9 bənd aşağıdır. Mayda buğda qiymətləri aprelə nəzərən 3,5 faiz, qarğıdalı 9,8 faiz ucuzlaşıb.
118,7 bənd olan bitki yağları qiymətlərində bir ayda 11,3 bənd və ya 8,7 faiz azalma olub. Bu, 2022-ci ilin analoji dövründəkindən 48,2 faiz aşağı deməkdir.
Süd məhsullarında aylıq azalma 3,9 bənd və ya 3,2 faiz təşkil edib.
Ət məhsulları qiymət indeksi mayda əvvəlki ayla müqayisədə 1,1 bənd və ya 1 faiz artıb. Şəkər qiymətləri indeksində isə 8,2 bənd və ya 5,5 faizlik artım qeydə alınıb.
Qlobal bazarlardakı bu prosesin yalnız artım istiqamətləri Azərbaycan bazarında hiss olunmaqdadır: ət qiymətlərində hər kiloqramda 0,5-1 manata yaxın artım var. Şəkər məhsullarında isə artım daha böyükdür: 1 kq konfetdə 2 manatdan yuxarı.
Buğdanın, maye yağların, süd məhsullarının qiymətində aylardır davam edən ucuzlaşma hələ də Azərbaycan bazarında əksini tapmayıb. Əgər daxildəki qiymətlər həqiqətən xarici bazarlardan asılıdırsa, ona uyğun da dəyişməlidir. Necə ki, əksər ölkələrdə dəyişir: kiçik istisnalarla, bütün dünyada inflyasiyanın azalması gedir və əhali bunu öz alış-verişində açıq hiss edir.
ABŞ-dan tutmuş Avropa İttifaqı, hətta ən ağır sanksiyalar altında olan Rusiyada belə inflyasiyanın kəskin azalması müşahidə olunur və bu, pərakəndə ticarət şəbəkələrindəki qiymətlərə yansıyır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına əsasən, təşkilata daxil olan ölkələrdə istehlak qiymətləri indeksi illik ifadədə 7,7 faizdən 7,4 faizə düşüb. Qiymət azalması 38 üzv ölkənin 27-də hiss olunur. Yalnız iki ölkədə - Türkiyə və Macarıstanda inflyasiya səviyyəsi 20 faizdən yuxarı, 10 ölkədə isə 10 faizdən yüksək olub.
OECD ölkələrində aprel ayında ərzaq qiymətləri indeksi 14 faizdən 12,1 faizədək geriləyib.
Qonşu Türkiyə xaricində, Azərbaycanın ərzaq idxal etdiyi ölkələrin, bazarların hamısında qiymət ucuzlaşması gedirsə, niyə hökumət inflyasiya proqnozunu artırır? Hökumətin inflyasiya gözləntilərindəki artım qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin tariflərinin qaldırılmasına hesablana bilərmi?
Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu, real deyil: “Hökumət üçün ən ciddi çağırış inflyasiyadır. Tənzimlənən qiymətlərin artırılması onu daha da sürətləndirər. Büdcədəki dəyişikliklərdən görünən budur ki, mövcud inflyasiya gəlir artımlarında əsas paya malik olacaq. Lakin bu inflyasiyanın tənzimlənən qiymətlərin artırılmasından gözlənməsini real hesab etmirəm. İnflyasiyanı belə sürətləndiriləcək tariflərin hamısı - qaz, su, benzin qısa müddət əvvəl bahalaşdırılıb. Buna görə də düşünürəm ki, hökumət əvvəlki dövrdə inflyasiyanı, onun yaratdığı gəlirləri düzgün proqnozlaşdırmayıbmış. İndi görürlər ki, inflyasiyanın yaratdığı əlavə gəlir imkanları var və onu nəzərə alırlar. Ümumiyyətlə, son vaxtlar inflyasiyanın hesablanması ilə bağlı ciddi şübhələrim yaranıb. Çünki ölkədə pul kütləsinin artımı məhsul və xidmət istehsalının artımını kəskin şəkildə üstələyir. Bu baxımdan, düşünürəm ki, inflyasiyanın düzgün hesablanması sahəsində ciddi problemlər var”.
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ