Onlayn ictimai-siyasi qəzet
Onlar öz sevgilərini platonik sevgi adlandırıblar. Amma çox keçməmiş bu platoniklik, əlçatmazlıq adi aşiq-məşuqə əlaqələri səviyyəsinə enib, yataq münasibətlərinə çevrilib. 3-cü Reyxin əsas simalarından biri, SS reyxsfüreri Henrix Himmler katibəsi Hedviq Pottxastla ilişkisini gizlətməyə çalışmayıb. O zamanların hakimiyyət komandasında məmurların nikahdankənar münasibətlərinə normal baxılıb, hətta nasist ideologiyasında belə münasibətlər nəsil artırmaq adı altında təbliğ edilib.
1912-ci ildə Kölndə anadan olan Hedviq Pottxast orta təhsilini başa vurduqdan sonra katiblik kursunu bitirib, eyni vaxtda bir neçə xarici dil öyrənib. Artıq 1934-cü ildə o, SS-in qərargahında özünə kiçik bir vəzifə tapa bilib. Himmlerlə tanışlıq da elə buradan başlanıb. Çox keçmədən adi xidməti münasibətlər şəxsi münasibətlərə çevrilib və 1936-cı ildə Himmler onu özünə şəxsi katibə götürüb.
Pottxast əsasən əməkdaşlara yardımların verilməsi və təltiflərlə məşğul olub. Ona SS kimi böyük və nüfuzlu bir qurumda son dərəcə hörmətlə yanaşıblar. Bu hörmətin bir səbəbi Pottxastın mehriban davranışı, işə məsuliyyəti, qadın kimi cəlbediciliyi olub. Digər səbəb isə Himmlerin “xanımı” olduğuna görə qurum əməkdaşları ona ehtiram göstərməyi özlərinə borc biliblər.
Pottxast rəsmi tədbirlərdə Himmlerin yanında dayanıb, ona çoxları “general xanımı” deyə müraciət ediblər. Pottxast 3-cü Reyx rəhbərliyinin xanımları ilə rəfiqəlik edib. Ən yaxın rəfiqəsi isə Bormanın həyat yoldaşı olub.
Himmlerin rəsmi həyat yoldaşı Maqda ərinin katibəsi ilə münasibətlərindən bir-iki il sonra xəbər tutub. Maqda uşaqları ilə Berlindən 700 kilometr uzaqda, kurort şəhəri olan Teqernzedə yaşayıb. Bu xəbərdən sonra onsuz da münasibətləri gərgin olan Himmlerlə Maqda arasında növbəti gərginlik yaşanıb.
Himmler Maqdanın qarşısında həmişə aciz görünüb. Son dərəcə imkanlı bir ailənin qızı olan Maqda SS şefindən 7 yaş böyük olub. Himmlerin vəzifə karyerasında Maqdanın geniş ətrafı və böyük pulları mühüm rol oynayıb. Elə ailədə də əsas söz sahibi Maqda olub. O, dəfələrlə qonaqların arasında Himmleri aşağılayıb, ona elədiklərini dilə gətirib. Sözsüz ki, belə münasibətlərdə cütlük arasında heç bir sevgi telləri olmayıb.
Rəsmi ailəsindən fərqli olaraq Himmlerlə Pottxast arasında böyük sevgi romanı yaşanıb. SS şefi “dovşan” adlandırdığı katibəsinə mənzil, torpaq sahələri, avtomobil, qiymətli zinət əşyaları hədiyyə edib. Onların 1942-ci ildə oğul, 1944-cü ildə qız övladları dünyaya gəlib. Uşaqların dünyaya gəlməsini 3-cü Reyx rəsmiləri təntənə ilə qeyd ediblər. Ziyafətlərin aparıcısı isə Martin Borman olub.
Himmler sonralar üzə çıxan gündəliyində Pottxast haqqında qeydlərə geniş yer verib:
“Pottxast mənim həyatımda və Almaniyaya xidmətimdə bir yenilikdir, uğur rəmzidir. O, öz xarakteri, davranışı, həmkarlarımla rəftarında mənə başucalığı gətirir. Ən çətin məqamlarda, gərgin vaxtlarda Pottxast mühiti yüngülləşdirməyi bacarır. Mənə iki övlad bəxş etməsi isə onun ürəyinin, mənə sonsuz sevgisinin məhsuludur. Özümü çox şanslı və xoşbəxt sayıram ki, ikinci seçimimdə yanılmamışam...”
Müharibə Almaniyanın məğlubiyyəti ilə sona yaxınlaşanda cütlüyün görüşləri də məhdudlaşıb. 1945-ci ilin yanvarında Himmler məşuqəsini Avstriyaya göndərib, bu ölkədə tikdirdiyi son dərəcə dəbdəbəli iqamətgahını da ona bağışlayıb. Bormanın oğlu sonralar yazdığı xatirələrində həmin iqamətgah haqqında maraqlı aşıqlamalar verib:
“Mən Himmlerin Avstriyadakı iqamətgahanda bir neçə dəfə qonaq olmuşam. Bu qeyri-adi tikilini bir memarlıq incisi də adlandırmaq olar. Yəqin ki, Himmler iqamətgahın inşasına dünyanın ən tanınmış memarlarını cəlb edib. Bu sarayda Pottxast daha cazibədar görünürdü. Məndə olan məlumatlara görə, Himmlerin gözündən uzaq olan Pottxast məhz bu iqamətgahda gənc oğlanlarla SS şefinə dəfələrlə xəyanət edib. İqamətgahda diqqəti çəkən ən maraqlı məqam isə yataq otağındakı mebel idi. Bu mebellər insan sümüyündən hazırlanmışdı...”
Müharibənin son aylarında sevgililər yalnız telefonla əlaqə saxlayıblar. Pottxast Himmlerin ölümünü (23 may 1945-ci ildə həbsdə olarkən Himmler zəhərli maddə içərək intihar edib) radiodan eşidib.
Həbs təhlükəsinin yaxınlaşdığını görən Pottxast bir müddət Rozenqeym şəhərində gizlənib. İki aydan sonra o, Amerika hərbçiləri tərəfindən həbs olunub. Münhen həbsxanasında saxlanılan Pottxast bir neçə gün sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb.
1947-ci ildə Pottxast ailə həyatı qurub. Onun Himmlerdən olan oğlu yataq xəstəsi olduğundan ömrünün sonuna kimi anasının yanında qalıb. Qızı isə tibb təhsili alaraq şəxsi klinikaya sahib olub.
Sonralar Himmlerin rəsmi nikahdan olan qızı Hudrun atasının nikahdankənar övladlarını axtarıb tapıb. Amma Pottxast onların görüşünə icazə verməyib.
Hedviq Pottxast 1994-cü ildə, 82 yaşında vəfat edib. Jurnalistlərə verdiyi müsahibələrdə o, Himmlerlə birgə yaşadığı illəri ömrünün ən xoşbəxt dövrü kimi dəyərləndirib:
“Himmler haqqında danışanda ilk növbədə onu nasist kimi təqdim edirlər. Bu düzgün yanaşma deyil. Mövcud dövr belə tələb edirdi. O, 3-cü Reyxin yüksək vəzifəli məmurlarından biri idi və öz vəzifəsini icra edirdi. Bəs niyə demirlər ki, Himmler olduqca işgüzar, yüksək təşikatçılıq qabiliyyətinə malik məmur, savadlı, alicənab, mədəni bir şəxsiyyət idi. Ən başlıcası isə Himmler əsl kişi idi...”
İlham Cəmiloğlu, Musavat.com
13 Noyabr 2024
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ