Onlayn ictimai-siyasi qəzet
Yeni reallıqlar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsini zəruri edir. Bu, Azərbaycanı xarici risklərdən də qoruyacaq.
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a şərhində bildirdi ki, Azərbaycan sərhəd təhlükəsizliyinin təmin olunması dedikdə həm quru, həm hava, həm də dəniz sərhədləri nəzərdə tutulur. O qeyd etdi ki, quru sərhədlərin Dövlət Sərhəd Xidmətinin (DSX), dəniz sərhədinin isə həm DSX-nin sahil mühafizə strukturunun, həmçinin Hərbi Dəniz Qüvvələrinin əhatə dairəsinə aid olduğu məlumdur. Hava məkanının təhlükəsizliyinin mühafizə olunması isə Hərbi Hava qüvvələrinin nəzarəti dairəsindədir:
“Bu gün Azərbaycan hava sərhədlərinin mühafizəsi üçün lazımi bütün avadanlıqlara malikdir. Azərbaycanın hava sərhədlərini müxtəlif təyinatlı hava hücumundan müdafiə sistemləri, zenit-raket kompleksləri qoruyur. Üstünlük yaradan məsələlərdən biri ölkə ərazisinin çox böyük olmamasıdır. Bu, Azərbaycan Silahlı Qüvvələrinə hava məkanının mühafizəsi üçün lazımi tədbirləri həyata keçirməyə imkan yaradır. Bu gün keçmiş SSRİ-dən qalan, Rusiya, İsraildən satın alınan hava hücumundan müdafiə sistemləri bunun üçün yetərlidir”.
Ekspert qeyd etdi ki, Ermənistanla şərti sərhəd xəttində yeni tələblər var: “İşğaldan azad edilən ərazilərdə lazımi texnikalar quraşdırılıb. Bu gün birmənalı şəkildə deyə bilərik ki, işğaldan azad edilən ərazilərdə, Ermənistan və İranla sərhəd mühafizəsi təmin olunur. Bunun üçün həm gecəgörmə, həm termal qurğular əldə olunub. Təbii ki, risk hər zaman var. Boşluqların müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Düşünürəm ki, Azərbaycan bu texnologiyaların bir qismini istehsal edə bilər. Dövlət müəyyən konstruktor bürolarına, elmi-tədqiqat mərkəzlərinə dəstək verməlidir ki, xarici ölkələrdən bu təyinatlı məhsulların elmi-nəzəri bazasının ölkəmizə inteqrasiyası həyata keçirilə bilsin. Bu, həm də Azərbaycana gəlir gətirə bilər.
Bizim əsas düşmənimiz Ermənistandır. Ermənistanın ata biləcəyi addımlardan qorunmaq üçün yeni çağırışlara hazır olmaq lazımdır. Ermənistan müasir texnologiyalarla silahlanan ordu yaratmağa çalışır, pilotsuz uçuş aparatları arsenalını artırmağa cəhd edir. Bunun üçün müşahidə-kəşfiyyat, zərbə, silahlı pilotsuz uçuş aparatları lazımdır. Hesab edirəm ki, PUA əleyhinə sistemlər formalaşdırılmalıdır. Əks təqdirdə bu istiqamətdə müəyyən çətinliklərlə üzləşə bilərik. Həm müasir texnika, həm də mexaniki silahlarla təminat olmalıdır ki, müəyyən edilən təhlükələrin qarşısı alına bilsin”.
Nigar HƏSƏNLİ,
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ