İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həmin dövrdə xalqın qərarı yekdil oldu"- Çingiz Qənizadə

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq. 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan YAP-ın əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

YAP-ın çox çətin və mürəkkəb şəraitdə yarandığını vurğulayan hüquq müdafiəçisi deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyəti ələ keçirən qüvvələrin dövlət idarəçiliyindəki naşılığı ölkəni addım-addım uçuruma sürükləyirdi. Azərbaycan müstəqilliyini elan etsə də, ölkə köhnə sovet qanunları ilə idarə olunurdu. Ziyalılar dövlət idarəçiliyinə yaxın buraxılmır, savadsız, dövlət idarəçiliyində səriştəsi olmayanlar müxtəlif vəzifələrə təyin edilirdi. Tanınmış ictimai-siyasi ziyalılar, mədəniyyət və incəsənət xadimləri Azərbaycanı tərk edib xarici ölkələrə üz tuturdular. Ölkədə yaranmış qarşıdurma getdikcə geniş vüsət alırdı. Belə bir şəraitdə xalqı arxasınca apara biləcək dövlət idarəçiliyində zəngin təcrübəsi olan liderə böyük ehtiyac yaranmışdı. Həmin dövrdə xalqın qərarı yekdil oldu. Azərbaycanı düşdüyü vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi.

1992-ci il oktyabrın 16-da ölkəmizin bir qrup tanınmış ziyalısı Heydər Əliyevə müraciət edərək bildirmişdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir. Müraciətin əvvəlində müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda mövcud vəziyyət, onun başvermə səbəbləri öz əksini tapmışdı. Ziyalılar müraciətlərində qeyd edirdilər ki, uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər.

Komitə sədri həmin illərdə baş verən hadisələrin canlı şahidi kimi, deyib ki, Ulu Öndərin ziyalılara cavabı çox gecikmədi. Heydər Əliyevin cavabında deyilirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Ç.Qənizadə YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yarandığını vurğulayıb. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. Həmin vaxtdan başlayaraq, Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətli dəyişikliklər bir-birini əvəz etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Müdrik şəxsiyyət cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Hüquq müdafiəçisi Ulu Öndərin xalqın təkidli xahişi ilə Azərbaycanın siyasi hakimiyyətinə rəhbərliyə qayıdışından söhbət açaraq bunu YAP-ın qazandığı ilk və ən böyük qələbəsi adlandırdı. Heydər Əliyevin yaratdığı partiya ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib. Komitə sədri deyib: “Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında partiyanın yeni Sədri – Prezident İlham Əliyev seçilib. Bu, Heydər Əliyevin siyasi irsinə sadiqliyin bariz nümunəsi idi. Həmin vaxtdan başlayaraq, YAP yeni inkişaf mərhələsinə qədəm qoydu, beynəlxalq əlaqələri daha da genişləndirildi və Cənubi Qafqazda ən böyük və nüfuzlu siyasi partiyaya çevrildi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, YAP Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb”.

Ç.Qənizadə YAP-ın VII qurultayında qəbul olunmuş qərarlardan, hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyündən, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığından söhbət açıb: “Bu həmrəylik Vətən müharibəsində özünü açıq şəkildə büruzə verdi. Xalq Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad edilməsi yolunda canından keçməyə hazır olduğunu nümayiş etdirdi. Bu, həm də dövlətimizin başçısına olan inamdan irəli gəlirdi. Bu birlik və həmrəylik Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR