Onlayn ictimai-siyasi qəzet
Həkim-kadrların kurs keçməsi yerli qurumun icazəsi ilə olacaq - iki rəy
Azərbaycanda həkimlik və əczaçılıq fəaliyyəti üçün yeni tələblər müəyyənləşir. Bu, aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılan Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
Qüvvədə olan qanunda isə fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olurdular.
Yeni tələblərin əhəmiyyəti nədir? Bu, tibbi xidmətin keyfiyyətinə necə təsir edəcək?
Zülfüqar Yusifov
Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Səhiyyə sistemində digər sahələrdə olduğu kimi, davamlı olaraq kadrların peşəkarlığı məsələsi əsas problem olaraq qalır. Bu istiqamətdə müəyyən qanunlar qəbul olunur. Bu baxımdan son dövrlər sertifikasiya prosedurlarını yenilik kimi ortaya qoymaq olar. Mütəmadi olaraq kadrların imtahanlara cəlb olunması, kurslara cəlb olunması öz üzərlərində davamlı olaraq işləməsinə hesablanmış addımlardır.
Burada bir məsələ də var ki, kadrların peşəkarlığının çox aydın şəkildə ölçülmə düsturu və ya vahidi təəssüf ki, ortada yoxdur. Bütün dünyada bu işlər müxtəlif üsullarla həyata keçirilir. Bunlardan biri əlbəttə ki, sertifikasiya imtahanlarının mütəmadi keçirilməsidir. İkincisi, mütəmadi olaraq müəyyən kursların keçirilməsidir. Xüsusən bu günlərdə aktual olan və müzakirələrdə də xüsusi diqqət yetirilən məsələlərdən biri odur ki, kadrların mütəmadi olaraq səhiyyə nazirlərinin təsdiq etdiyi müxtəlif konfranslarda, vorkshoplarda iştirakının vacib olmasıdır. Sadəcə, düşünülür ki, bu kimi tədbirlərdə həkimlər iştirak etdikdə, onlar daha çox yeniliklərlə tanış olma imkanı əldə edirlər. Yenilikləri mənimsəmək üçün müəyyən kurslarda, vorkshoplarda da onların daha aydın şəkildə imkanları yaranır.
Belə bir təklif də var ki, hansısa bir kadr həmin 5 il ərzində bal yığarsa, yəni konfranslarda, simpoziumlarda, elmi tədbirlərdə iştirak etməklə hətta onun sertifikasiya imkanı adekvat qiymətləndirilə bilər. Çünki bu, həmin kadrın bu illər ərzində mütəmadi olaraq öz peşə səviyyəsini artırdığını və inkişaf etdirdiyini göstərir.
5 il ərzində tamamilə işləməmiş kadrların isə həm kurslara cəlb olunması, həm də sertifikasiyaya yönləndirilməsi doğru bir tələbdir. Çünki 5 il az müddət deyil və bugünkü sürətli inkişaf dövründə tibbdə baş verən dəyişiklikləri izləmək, yenilikləri mənimsəmək və ya itirilən bilik, bacarıqları bərpa etmək baxımından belə kadrların müəyyən kurslara ehtiyacı var".
Həkim əlavə edib ki, sertifikasiya imtahanı ilə fəaliyyət adekvatlığının təsdiqlənməsinə ehtiyac var: “Burada vacib olan detallardan biri hansı kursların, imtahanların olması deyil. Çox vacib olan məsələ xüsusən kursların keçirilmə səviyyəsi, kursların hansı şəkildə keçirilməsi və sertifikasiya imkanlarının daha da təkmilləşdirilməsidir. Çünki sertifikasiya imkanları təkmilləşərsə, sadəcə, müəyyən bilgiləri yox, həkim kadrların müasir təbabətin tələblərinə uyğun yiyələndiyi bilikləri optimal şəkildə dəyərləndirmək imkanı verərdi”.
Tibb Universitettinin farmokologiya kafedrasının dosenti, farmokoloq Aydın Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu və ya digər səbəbdən işləyə bilməyən insanlar, işləmək istəyirsə, qanunda da düzgün olaraq göstərilir ki, müvafiq orqanın müəssisəsində hazırlıq keçməlidir, bundan sonra sertifikasiyadan keçməlidir. Yəni o, qarşıya qoyulan elmi və praktik məsələlərin cavablarını mənimsəməlidir, sertifikasiyadan keçməlidir, bundan sonra işləməsinə şərait yaradılır. Buna çox normal yanaşılmalıdır. Bu və ya digər səbəblərdən olur ki, hansısa səbəbdən işləyə bilmir. Amma sonra özündə güc tapır və işləmək istəyir. Bu mənada qanun iki üsulla icazə verir, müvafiq tibb müəssisəsində praktikanı keçməlidir və sertifikasiyadan keçməlidir. Bu mənada müsbət yanaşıram. Bir şəxsin əczaçılıq hüququnun bərpa olunması üçün qanun imkan verir və belə vəziyyətdə olan insanlara da yol açıq olduğunu göstərir. Təki sən bu sənətin elmi praktiki əhəmiyyətini dərk edəsən”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ