Onlayn ictimai-siyasi qəzet
Bir neçə gündür ki, həkimlərin xaricə axını barədə ictimaiyyətdə geniş müzakirələr aparılır.
“Azərbaycandan Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı dəqiqdir”.
Bu barədə tanınmış kardioloq Üzeyir Rəhimov sosial şəbəkə hesabında paylaşım edib. “12 il xarici ölkədə tibb təhsili alıb vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik”, - tanınmış həkim qeyd edib. Həkimin bu paylaşımına digər həmkarları da qahmar çıxıblar, onlar bununla bağlı həyəcan təbili çalıblar.
Musavat.com-a danışan tanınmış həkim, professor Adil Qeybulla da mövzu ilə bağlı deyib ki, Azərbaycandan xarici ölkələrə, xüsusilə də qardaş Türkiyəyə və Almaniyaya tibbi təcrübə, eləcə də işləmək üçün xeyli həkim axını var:
“Bu, yeni problem deyil. Amma bunun bir müsbət tərəfi ondan ibarətdir ki, mütəxəssis hazırlanması baxımından bu gün Almaniya məktəbi nisbətən daha əlçatandır. İnsanlarımız da bundan uğurla istifadə edirlər. Bu gün ölkəmizdə Almaniyada çalışan xeyli mütəxəssis fəaliyyət göstərir. Digər bir tərəfdən, problem ondadır ki, ölkədə həkimlər üçün lazımi şərait yaradılmalıdır. Bu, birinci növbədə maddi rifaha, ikincisi işin təşkilinə aiddir. Biz bütün tibbi prosedurları, tibdə münasibətlər sistemini beynəlxalq standartlara uyğun tənzimləməliyik. Həkimlərlə bağlı stimullaşdırıcı tədbirlər icbari tibbi sığorta çərçivəsində standartlarla olmalıdır. Bütün bunlar tənzimlənməsə, beyin axını da, mütəxəssis axını da davam edəcək. Amma deyilən rəqəmlər, bu axın həm də mütəxəssis hazırlığına bağlıdır. Ölkə daxilində müəyyən işlər sahmana salınmalıdır ki, təbabətin bir hissəsi ola bilək”.
Həkim-radioloq Aydın Əliyev də məsələ ilə bağlı öz etirazını bildirib. O qeyd edib ki, hazırda Lerik rayonunda cərrah yoxdur, ümumiyyətlə, rayonda 47 həkim və 60 tibb işçisi çatışmazlığı var:
“Astara rayonunda isə 50 nəfər həkim ştatı boşdur. Lerik rayonunda barmağı kəsilən bir insan, barmağını sarıtdırmaq üçün Lənkərana getməlidir. 1400 həkim Azərbaycandan təkcə Almaniyaya gedib. Başqa ölkələrə gedənlərin sayı bundan da çoxdur”.
Pediatr Vaqif Qarayev isə deyib ki, “beyin axını” dünyanın hər yerində olsa da, bu bizim üçün arqument olmamalıdır:
“Gedənlər peşəkar həkim kimi geri qayıdacaqsa, bunu alqışlamaq olar. Qayıtmayacaqsa, vəziyyət qəlizləşir. Onsuz da qayıtmırlar. Düzdür, TƏBİB sərfəli şərtlərlə xaricdə işləyən həkimlərimizi ölkəyə dəvət edir, amma bu, epizodikdir. Pandemiya vaxtı hər gün xaricdəki peşəkar həkimlərimizi əhalini maarifləndirmək üçün efirlərə qoşurdular. Çünki ölkədə boşluq var idi. Könül istərdi, Türkiyə ilə bir müştərək universitet yaradılsın, ya da Türk Universitetinin burada filialı açılsın”.
Afaq MİRAYİQ,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ