Onlayn ictimai-siyasi qəzet
Türkiyədə xəstə həkimini bıçaqlayıb.
Niğde Ömer Halisdemir Universitetinin Təhsil və Araşdırma Xəstəxanasının beyin və sinir cərrahiyyəsi şöbəsində çalışan mütəxəssis həkim Burak Yürük (34) bıçaqlanıb. Hadisəni törədən 62 yaşlı Tufan Saraçoğlu həbs olunub.
Saraçoğlu həkimi niyə bıçaqladığı sualına cavab olaraq, "O, beynimə süni intellekt yerləşdirib. Başımda onun cihazları var" deyib.
Xəstə həkimin ona çip yerləşdirdiyini və süni intellektlə onu idarə etdiyini iddia edib. Xəstə əməliyyatla süni intellekti əlaqələndirib və həkimi günahlandırıb. Hadisə zamanı həkim başından və bədəninin müxtəlif yerlərindən bıçaq xəsarətləri alıb. Xəstəxananın mühafizəçiləri müdaxilə edərək hücumçunu zərərsizləşdirib və polisə təhvil veriblər.
Dr. Burak Yürük verdiyi açıqlamada Tufan Saraçoğlunu yeddi ay əvvəl beyin şişi səbəbilə əməliyyat etdiyini bildirib. Həkimin sözlərinə görə Saraçoğlu əməliyyatdan sonra vaxtaşırı müayinəyə gəlib, lakin sonradan narkotik maddə istifadəsi və evdən qaçma kimi halları qeydə alınıb. Hadisə günü Yürük otağında tək başına xəstə nəticələrinə baxarkən Saraçoğlu içəri girib və "Bu işlər boş işlərdir, əmanətimi geri ver" deyərək ona hücum edib.
Həkim müalicə aldığı xəstəxanadan evə buraxılıb./Milli.Az/
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ