İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimdən SOS: 6-8 yaşınadək olan uşaqlar...

“Yeni tədris ilinin başlanmasına çox qısa zaman qalıb. Valideynlər övladlarına məktəbli çantaları seçərkən bir qədər diqqətli olsunlar. Çünki düzgün çanta seçilmədikdə, sonradan onların ağırlığı getdikcə uşaqlarda bel və onurğa kimi ciddi xəstəliklər yaradır. Bu xəstəliklər daha çox 8-12 yaş aralığında olan uşaqlarda müşahidə edilir”.

Musavat.com xəbər verir ki, bunu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Gülnarə Məhərrəmova bildirib.

Həkim ağır məktəbli çantalarının yaradacağı fəsadlar barədə danışarkən deyib ki, mütəmadi olaraq ağır çantaların daşınması səbəbindən uşaqlarda ciddi bel ağrıları, skolioz, kifoz, bəzən nəfəs darlığı kimi xəstəliklər yaranır:

“Nəzərə almaq lazımdır ki, çantalar hər bir uşağın çəkisindən 10 faiz çox olmamaq şərti ilə seçilməlidir. Yəni, 40 kiloqram çəkisi olan uşağın çantasının ağırlığı 4 kiloqram olmalıdır. İçərisi boş olan çantanın çəkisi isə 700 qram qəbul edilib. Çox təəssüf ki, valideynlər bu kimi qaydalara əməl etmirlər. Onlar daha çox görüntüsü gözəl olan çantalara üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, bu uşaqların sağlamlığı üçün olduqca təhlükəlidir”.

Həkim əlavə edib ki, 6-8 yaşınadək olan uşaqların çantalarının ağırlığı içindəkilərlə birlikdə 2 kiloqram, 8-12 yaşınadək uşaqlarda ən çox 4 kiloqram, 12-15 yaşlı uşaqlarda isə 5 kiloqram olmalıdır:

“Lakin bu zaman çantanın götürülmə müddətinə də diqqət etmək lazımdır. Əgər uşaq uzun yol gedirsə çantanın daşınmasında ona köməklik edilməlidir. Bundan əlavə, kürək çantaları mütləq hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Övladlarınızın sağlamlığını diqqətdə saxlayın”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR