İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdən Paşinyana göndərilən o məktubun gizli şifrələri...

Siyasi ekspertlər Saakaşvilinin yazdıqlarını izah edir: xəbərdarlıq və...

Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib. Saakaşvili müraciətinin ilk hissəsində Paşinyan-Putin münasibətlərinə toxunub:

“Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, "rəngli inqilab" nəticəsində gəldiniz və inanın ki, onu nə qədər sevindirsəniz, sədaqət andı içsəniz də, o, sizi heç vaxt bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də “Roma statutu”nun təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla - daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək".

Saakaşvili yazır ki, Paşinyan hakimiyyətə gələndən sonra  fundamental islahatlar apara bilməyib və “ona görə də indiki dövlət aparatı Kremlin "beşinci kolonu"dur": “Avropaya inteqrasiya üçün də gecikmisiniz. Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar açır. Müəyyən müddətdən sonra biz sərhədləri açıq olan üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü bir kənara atmalı, "va-bank"a getməlisiniz. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin, Avropa İttifaqı və NATO-ya ərizə verin".

Saakavşili daha sonra yazıb: “Siz açıq şəkildə bəyan etməli, dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız.

Sizdə şəxsi və siyasi cəsarət əskik deyil və ümid edirəm ki, Putinin sizi devirməsinə, eyni zamanda ölkənizi məhv etməsinə, regionumuzu tamamilə sarsıtmasına imkan verməyəcəksiniz. Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz".

Saakavşilinin Paşinyana məktubunun gizli şifrələri nədir? Sülh sazişinin imzalanması ilə bağlı dedikləri aydındır, bəs Rusiyaya qarşı faktiki müharibə qərarı verməyə çağırışın anlamı nədir?

Millət vəkili Arzu Nağıyev: “Sumqayıt Dövlət Universiteti bütövlükdə  yerləşdiyi region üçün əhəmiyyətə malikdir” – SumqayitXeber.Com

Arzu Nağıyev

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev Saakaşvilinin tövsiyələrinin yerinə yetirilməsinin Paşinyan iqtidarının sonu demək olduğunu söylədi: “Düşünürəm ki, Saakaşvilinin bu məktubu əsasən Rusiyaya qarşı yönəlmiş addımlardan biridir. Bu, ilk növbədə, Qərbin dəstəklənməsi deməkdir. Paşinyana tövsiyə edir ki, KTMT-dən, MDB-dən, Gömrük İttifaqından çıxsın, hətta deyir ki, NATO-ya üzvlüklə bağlı addımlar atsın. Bu da ilk növbədə ciddi qarşıdurma deməkdir. Birmənalı şəkildə bu tövsiyələri Paşinyan yerinə yetirsə, bu ciddi qarşıdurma ilə nəticələnər. Və bu qarşıdurma da heç də Paşinyanın hakimiyyətdə qalması ilə nəticələnməyəcək. Ona görə deyirik ki, bu, öncəliklə Kremlə qarşı atılan addımlar deməkdir. Hətta Paşinyan devrilsə belə, Rusiya imkan verməyəcək ki, onu qərbyönlü bir şəxs əvəz etsin. Çünki Rusiyanın orada kifayət qədər öz adamları var. Birinci məsələ budur. İkincisi də, guya bu tövsiyələr ondan ibarətdir ki, Cənubi Qafqazda üç dövlət razılığa gələ, müəyyən kommunikasiyaları aça, Baltikyanı ölkələr kimi sərhədsiz yaşaya bilərlər. Bu həm də öz varlığını ortaya qoymaq və bir növ gələcəyin proqnozunu vermək üçün edilən cəhdlərdən biridir. Lakin əsas məqam sırf Rusiyaya qarşı atılan addımdır. Amma bu heç də o demək deyil ki, Avropa İttifaqı məhz Ermənistanı bir müttəfiq kimi görür. Sadəcə, Fransa regionda Rusiya və Türkiyəyə qarşı ciddi siyasət aparır. Belə bir məqamda, xüsusilə Paşinyanın Avropa Parlamentindəki çıxışından sonra bu cür bəyanatların səslənməsi həm Saakaşvilinin özünün siyasi reabilitasiyası, həm də paralel olaraq, Ermənistanda anti-Rusiya təbliğatının aparılması istiqamətində tövsiyələrdir”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

 Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, Saakaşvili  Gürcüstanda siyasətə qayıtmaq üçün bu cür yollara baş vurur: “Əvvəla, onu deyim ki, Saakaşvili gündəmdə qalmaq üçün bu cür addımlar atır. Qərbə hələ lazımlı və vacib adam olduğunu göstərmək istəyir. Saakaşvili Gürcüstan siyasətinə qayıtmaq istəyir. Onu, Zelenski və Paşinyanı postsovet məkanında Qərb projeləri hesab edirəm. Ümumiyyətlə, regionumuzda hər hansı bir siyasi projenin əleyhinəyəm. Fərq etməz, istər rus, istər Qərb, istərsə də İran projesi olsun. Fikrimcə, Qərbin siyasi projeləri postsovet məkanında iflasa uğradı. Harada rəngli inqilab oldu, o ölkə ərazi itirdi, müharibədə məğlub oldu. Bunun bariz nümunəsi kimi, Gürcüstan, Ukrayna və Ermənistanı göstərə bilərik. İnqilablar olan bir Qırğızıstan ciddi ərazi itkisindən qurtula bildi, o da daim Tacikistanla münaqişə vəziyyətindədir. MDB-də rəngli inqilabın ilk qaranquşu Saakaşvili isə ümumiyyətlə həbsxanadadır. Bu təhlükə və hətta daha acınacaqlı sonuc, zənnimcə, Zelenski və Paşinyanı da gözləyir. O ki qaldı Saakaşvilinin Paşinyana məsləhətlərinə, adama deyərlər belə yaxşı məsləhət verənsən, get öz durumuna bax. Amma bu cür məsləhətlərə əməl edərsə, Ermənistanı daha da böyük fəlakətlərə aparacaq. Bu da Azərbaycanın tam maraqlarına cavab verir. Düzdür, düşünürəm ki, Paşinyanın Saakaşvilinin məsləhətlərinə ehtiyacı var. Lakin bu iki şəxs eyni projenin adamı olduğu üçün eyni səhvləri təkrarlayacaqları da gözləniləndir”.

Şeirlər - Tural TURAN | Edebiyyatqazeti.az

Tural Turan 

Politoloq Tural Turan isə düşünür ki, Saakaşvilinin Ermənistanın baş nazirinə ünvanladığı məktub olduqca rəmzi məna daşıyır: “Saakaşvili də Paşinyan kimi "narıncı inqilab"la hakimiyyətə gəlmişdi. Yəni hər ikisi “Sorosun uşaqları”dır. Saakaşvili həbsxanadan məktub yazmaqla bir növ Paşinyana onun aqibətinin hansı istiqamətə sürükləndiyinə işarə edir. Demək istəyir ki, ehtiyatlı oynamasan, yüz ölçüb bir biçməsən, Qərb səni də mənim günümə salacaq, yəni bir həmlədə xərcləyəcək. Hazırda Paşinyan Qərblə Kreml arasındakı bazarlığın astanasındadır. Əgər Zəngəzur dəhlizi ilə bağlı məsələləri yubatsa, o cümlədən sülh sazişini süni şəkildə gecikdirsə, o zaman bu həm Ermənistan, həm də onun hazırkı rəhbərliyi üçün çox ağrılı olacaq. Artıq Kreml Nikol Vovayeviçlə bağlı düyməyə basıb, yəni Moskva Paşinyanın fiziki məhvi üçün uyğun zaman axtarışındadır. Saakaşvili bununla Paşinyana işarə edir ki, Azərbaycanla sülh müqaviləsini ən yaxşı halda Gürcüstanda, ən pis halda Rusiyada imzalasın. Qərb variantı regionda yeni fəlakətlərin başlanğıcı ola bilər. Rusiya bunun heyfini Zəngəzur və Göyçə gölü hövzəsi ilə çıxa bilər. Azərbaycanın öz tarixi torpaqlarında suverenliyini bərpa etməsi üçün bütün elementlərə göz yumar. Beynəlxalq hüququn və onun ali mexanizmlərinin işləmədiyi bir zamanda bu, o qədər də müşkül məsələ deyil. Saakaşvili demək istəyir ki, hazırda Gürcüstanın gələcəyi də faktiki olaraq Ermənistanın atacağı addımlardan asılıdır. Bir sözlə, Saakaşvili Paşinyana tövsiyə edir ki, həssas durumda Qərblə məsafəni qorusun. Onun hər dediyi ilə oturub-durmasın. Əks halda, Nikolu gözü dönmüş Vladimirin əlindən heç kim ala bilməyəcək. Paşinyan əvvəllər telefondan asılı qalırdısa, bu dəfə Saakaşvili kimi qalstukunu çeynəyəcək".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR