İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həbsdəki OMON-çuların da tezliklə azadlığa buraxılacağına ümidliyik” - hüquqşünas

“Bu şəxslərin əksəriyyəti 60 yaşlarını haqlayıblar, onlardan hansısa təhlükə gələ bilməz”

Meşəli qatili Vaqif Xaçatryana müddətli həbs cəzası verilməsi günlərdir ki, müzakirə mövzularındandır. Bir çoxları Vaqif Xaçatryanın törətdiyi qanlı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilməsinin vacibliyini vurğulayırlar. 

Yada salaq ki, Vaqif Xaçatryanın işi üzrə dövlət ittihamçısı ona cəza tələb edərkən bu məsələyə də aydınlıq gətirmişdi. Dövlət ittihamçısı demişdi ki, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır. 

Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və insanlıq əleyhinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryanın hazırkı qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur. Bu səbəbdən dövlət ittihamçısı çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib. Məhkəmə də dövlət ittihamçısının tələbini əsaslı saylıb və Meşəli qatilini 15 il müddətinə azadlıqdan məhrum edib. 

Vaqif Xaçatryana cəza mövzusunda müzakirə tərəfi olanların bir qismi dövlət ittihamçısının bu izahı ilə o qədər də razı deyillər, deyirlər ki, OMON-çulara da Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyi tətbiq olunub, amma onlara ömürlük cəza təyin olunub.  

Əsabəli Mustafayev: “Talançı məmurların mülklərinin hərraca çıxarılması  üçün hüquqi mexanizm mövcuddur”

Əsabəli Mustafayev

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, Vaqif Xaçatryanın işində hüquqi məsələlərlə yanaşı siyasi çalarlar da var: “Ola bilsin ki, sülh danışıqları prosesində məhbusların dəyişdirilməsi də müzakirə mövzusu olacaq. Bundan başqa, mümkündür ki, Vaqif Xaçatryan istintaqla sövdələşməyə gedib və istintaq üçün maraqlı olan məlumatlar verib, faktlar açıqlayıb. Bunun müqabiliində də ona söz veriblər ki, ömürlük həbs cəzası almayacaq. Bu halda onu dəyişmək də mümkündür. Ömürlük həbs olacaqsa, bu, mümkünsüz hala gələcəkdi. Bütün dünyada istintaqla sövdələşmə qəbul olunan haldır. Azərbaycan qanunvericiliyində istintaqla sövdələşmə yoxdur. Amma qonşu Gürcüstanda qanunla istintaqla sövdələşmə nəzərdə tutulur. Azərbaycanda isə belə sövdələşmə qeyri-rəsmi olsa da var. Doğrudan da burada xalqın, dövlətin xeyrinə sövdələşmə varsa, əlbəttə, bu məsələnin üzərindən keçmək olar. Mümkündür ki, ictimaiyyətə bu məsələlərin açıqlanması ümumi işə xeyir gətirməz. Bu baxımdan, Vaqif Xaçatryana verilən cəza qəbulediləndir”.

Əsabəli Mustafayev deyir ki, nəhayət, OMON-çulara qarşı da humanizm prinsiplərindən çıxış edərək addımlar atılmalıdır: “Hər il əfv, amnistiya veriləndə əksəriyyət OMON-çulara da mərhəmət göstəriləcəyini gözləyir. Hüquq müdafiəçiləri və ictimai-siyasi sektorda olan fəal insanlar OMON-çuların azad ediləcəyini gözləyirlər. OMON-çuların günahı olubsa belə, bu adamlar kifayət qədər uzun müddətdir ki, cəza çəkirlər. Nəzərə almaq lazımdır ki, hazırda həbsdə olan OMON-çular Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüblər. Həbs olunarkən cavan insanlar olan OMON-çuların əksəriyyəti bu gün 60 yaşlarını haqlayıblar. Onlardan hansısa təhlükə də gələ bilməz. Hər il hamımız gözləyirik ki, keçmiş döyüşçülər azadlığa buraxılacaqlar”.

Əsabəli Mustafayev OMON-çuların da tezliklə azad olunacağına ümidli olduğunu deyib: “Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olmuş oğullarımız o zaman baş verən hadisələrin qurbanına çevriliblər. Bir çoxları özləri də bilmədən hadisələrdə iştirak ediblər. Bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunub, hətta ermənilərlə, torpaqlarımızı 30 il işğalda saxlayan düşmənimizlə sülhə can atdığımız biz zamanda OMON-çuların əfv edilməsi Azərbaycanın humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirər. Bu baxımdan, OMON-çuların da tezliklə azadlığa buraxılacağına ümidliyik”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR