İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı ondan bunu gözləyir – “A” dan sonra nə vaxt “B” deyəcək?

Dəfələrlə yazmışıq, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına 1 nömrəli əngəl Nikol Paşinyan və komandası yox, ümumən hayların xəstə və revanşist təfəkkürüdür. Və bu təfəkkür müsbətə dəyişməyincə, iqtidarlı-müxalifətli erməni cəmiyyəti normal, adekvat topluma çevrilməyincə, qonşu ölkədə yüz hakimiyyət dəyişikliyi olsun, baş nazir postundan bir –yan gedib, digər –yan gəlsin, erməni xalqının əzabları bitməyəcək.

İndi guya Paşinyan bu yöndə nəsə etməyə çalışır. O da “dəmir yumruq”dan sonra. Ancaq “qapazın” təsiri, ağrı-acısı azaldıqca hiss olunur ki, iqtidardakı bəzi ünsürlər də daxil, təzədən Azərbaycana dil uzatmağa başlayıblar. Bakıya ünvanlı hədələr səslənməkdə, “3-5 ilə özümüzə gələk, türklərlə başqa cür danışacağıq” tipli sərsəm, radikal-revanşist bəyanatlar artmaqdadır.

Bu qənaətə Nikol Paşinyanın axırıncı ABŞ səfərindən qayıtdıqdan sonra qaraldığı böyük bir məqalədə Azərbaycana qarşı yer almış hədyanlar, o sırada onun Bakını müharibə, Ermənistana hücum hazırlığında ittiham eləməsi, separatçıların məhkəməsini “tamaşa” adlandırması, habelə kapitulyant ölkənin silahlanmağa davam edəcəyini xüsusi vurğulaması şəkk-şübhə saxlamadı. Necə deyərlər, “ilanın ağına da lənət, qarasına da”...

Doğrudur, “ağ ilan” - Paşinyan özünü vaxtaşırı sülh göyərçini kimi göstərməyi, siyasi təlxəkliyi xoşlayır. Əslində isə o, bu yolla kapitulyant ölkənin yenidən hücum silahları ilə, müasir hərbi sistemlərlə təchiz olunması üçün zaman qazanmaq niyyəti güdür. Eləcə də orta məktəblər uçun tarix dərsliklərinə Azərbaycana xoş gələn müəyyən simvolik düzəlişlər etməyə çalışdığı görüntüsü yaradır.

Amma dərsliklərdən qabaq konstitusiyaya düzəliş edib, oradan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmağa tələsmirlər. Hansı ki, regionda sülh və təhlükəsizliyə, Bakı və Ankara ilə anlaşmalara, onlarıa siyasi-diplomatik əlaqələrin qurulmasına ən böyük əngəl elə budur...

Yaxud hakim partiyanın nəzarətindəki parlament rahatlıqla Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirmək haqda qərar çıxarır, amma konstitusiya dəyişikliyi üçün referenduma getmir. Halbuki Ermənistan üçün həyati önəm daşıyan mövzu məhz budur – “Əsas Qanun”u təcili beynəlxalq hüquqa uyğunlaşdırıb Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa eləmək, təcriddən çıxıb inkişafa üz tutmaq, nəinki AB-yə abstrakt üzvlük sevdasına düşmək.

Bu “nala-mıxa vurma” siyasəti fonunda aydındır ki, revanşist-radikallar daha da ruhlanacaq, ayaqları bir az da yer alacaq. Bircə nümunə.

“Miatsum” virusundan əziyyət çəkənlərin böyük səfində yer alan erməni politoloq Edqar Kazaryan görün nə deyir. Sitat: “Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla sübut etdi ki, Ermənistanı başqa ölkənin ərazisini işğal edib, orada hakimiyyət qurub və başqa ölkənin ərazisində ordu saxlayıb. Bununla faktiki Ermənistanın işğalçı olduğu təsdiqlənib”.

Guya ona qədər aydın deyildimi ki, Ermənistan işğalçı ölkədir? Ən azından BMT TŞ-nin 4 qətnaməsi var. Onların hamısında “erməni işğalçı qüvvələri” ifadəsi keçir. “İşğalçı” sözü isə xarici qüvvəyə aid edilən anlayışdır, daxildəki separatçılara yox. Ölkə daxilində işğalçı ola bilməz - separatçı, quldur-bandit, terrorçu olar. İşğalçı, təcavüzkar qüvvə xaricdən, sərhədi pozaraq, aşaraq gəlir...

Bəs 10 noyabr (2020) kapitulyasiya sənədində baş nazir qismində Nikol Paşinyanın imzası? Bu, işğalçı ölkə olmağın növbəti, daşdan keçən sübutu deyil? Bəlkə sənədə Araik imza atıb, xəbərimiz yox? Həmin üçtərəfli bəyanat isə beynəlxalq sənəd sayılır. Yeri gəlmişkən, Qarabağdakı “dqr” adlı mifik və oyuncaq qurumu heç Ermənistanın özü tanımamışdı.

Və yaxud həftə öncəsi parlamentin spikeri Alen Simonyanın Qarabağdan könüllü köç edənlərə xitabən söylədiyi aşağıdakı sözlər: “Siz (erməni əhali – red.) Ermənistanın orda (işğal altındakı Qarabağda – red.) saxladığı silahlarla və siyasi dəstəyimizlə öz yerinizdə qala, sonadək döyüşüb mübarizə apara bilərdiniz. Amma çıxıb getdiniz. Mübarizə aparmaq lazım idi. Necə ki, Ermənistan mübarizə apardı, döyüşdü”...

Əlbəttə, kazaryanlar yuxarıdakı iddianı Ermənistan konstitusiyanın hələ də “Dağlıq Qarabağ”ı öz ərazisi sayması faktından cəsarətlənərək səsləndirir. Elə isə haqq-nahaq radikal opponentlərin hədəfinə gələn Paşinyan nədən revanşistlərin əsas bəhanəsini kəsmir? Bakının haqqına tələb etdiyi kimi, “A” dan sonra nəhayət, “B” söyləmir? Axı Qarabağ həm Azərbaycanın, həm də Ermənistanın ola bilməz. Qarabağ həmişə Azərbaycan olub, indi də var, olacaq və nida işarəsi!

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR