Onlayn ictimai-siyasi qəzet
Aqşin Kərimov: “Həm Qərb meylli, həm də Rusiya meylli qüvvələr idarəolunan xaos ssenarisinə hazırlıq məşqləri keçirlər”
Bu gün, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilir. Parlament seçkilərindən sonra Gürcüstanda toqquşmaların və iğtişaşların olacağı barədə gözləntilər var. Britaniyanın "The Financial Times" nəşri yazıb ki, həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir.
Qeyd edək ki, əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə "Gürcü Arzusu"ndan daha çox səs toplayarlarsa, "texniki hökumət" yaradacaqlar. Məlumat üçün bildirək ki, "texniki hökumət" və ya "milli razılıq hökuməti" hüquqi terminlər deyil. Bunlar siyasi sahəyə aiddir və siyasi terminlərdir.
Gürcüstan Prezidenti Salome Zurabişvili isə mətbuat konfransında bildirib ki, Gürcüstanda parlament seçkilərinin nəticələrinə görə heç kim dövlət çevrilişi etməyi, Mərkəzi Seçki Komissiyasının (MSK) binasına soxulmağı planlaşdırmır.
“Heç kim və ilk növbədə mən burada dövlət çevrilişi etməyi planlaşdırmıram”.
Onu da nəzərə çatdıraq ki, Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da yekun vurulacaq seçkilərdə 3 milyon 508 min 294 vətəndaşın iştirak edəcəyini, onlardan 3 milyon 113 min 747 nəfərin elektron texnologiyalardan istifadə ilə iştirak edəcəyini bildirib. Gürcüstanda və xaricdə 3 111 seçki məntəqəsi açılacaq ki, onlardan 67-si 42 ölkədə olacaq.
Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları realdır: hakim "Gürcü Arzusu" Partiyası və müxalif "Vahid Milli Hərəkat" Partiyası, "Dəyişikliklər Koalisiyası", "Güclü Gürcüstan" və "Gürcüstan uğrunda" partiyaları.
Seçkiləri 111 yerli və 76 beynəlxalq təşkilat, həmçinin 199 media qurumu müşahidə edəcək.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb: “Gürcüstandakı seçki və onun nəticələri ilə əlaqədar küçə qarşıdurmaları, iğtişaşların olacağı barədə həyəcanlı fikirlər gündəmi zəbt edib. Gürcüstandakı seçki geniş mənada Rusiya ilə Qərbin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzərində vahid şəkildə strateji nəzarəti gücləndirmək rəqabətinə əsaslanır.
Qərb də, Rusiya da bu məsələdə Gürcüstan hökumətindən istifadə etmək niyyətindədir, bu baxımdan hər iki tərəf özünə sərf edəcək qüvvələrin hakimiyyətdə təmsil olunmasını hədəfləyir.
Ancaq milyarder Bidzina İvanişvilinin Gürcüstanın səhnə arxası həyatında qalıb-qalmayacağı ölkədaxili nizama, Tbilisinin xarici siyasət kursunu müəyyənləşdirəcək xətlərə əsas təsir göstərən amildir.
Yəni Gürcüstanda Qərb meylli qüvvələr hakimiyyət savaşında uduşlu çıxsa belə, bu, hələ Gürcüstanın ümumi qələbəsini təyin edən funksiya olmayacaq.
Çünki İvanaşvili Gürcüstanda güclü əldir və onun seçki nəticələri ilə ölkəni asanlıqla tərk edəcəyi proqnozlaşdırılmır.
Əgər Rusiya ilə əməkdaşlığa önəm verən “Gürcü arzusu” parlament seçkilərini qazansa, onda Moskva ilə Tbilisi arasında mühüm strateji yerləşməni izah edən tendensiyalar formalaşacaq.
Bu ssenarilər seçkidən sonrakı qarşıdurma səhnələrinə yön verir, bu o deməkdir ki, təkcə Qərbmeylli qüvvələr deyil, Rusiya meylli dairələr də analoji idarəolunan xaos ssenarisinə hazırlıq məşqləri keçirlər”.
Analitik qeyd edir ki, Gürcüstandakı seçki prosesinə çox da gündəmə gətirilməyən fərqli bir aspektdən də baxmaq zərurəti yaranır: “Belə ki, Rusiya seçkiləri Moskvanın Gürcüstanda iqtisadi təsirlərini artıran strateji səylərin tərkib hissəsi kimi baxır. Rusiya özündən yan keçərək Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin əsas elementinə nüfuz etmək üçün daha geniş gündəmə xidmət edən planlar hazırlayır.
Təbii ki, bu, Cənubi Qafqazda, o cümlədən Gürcüstanda təsirlərini gücləndirən Çinin xoşuna gəlməyə bilər. Çin ilə Avropa isə Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri pikə qaldırmaq niyyətindədir. Deməli, Gürcüstandakı seçkiyə geosiyasi mübarizə müstəvisində təkcə Rusiya-Qərb rəqabəti ilə deyil, Çin nizamı ilə də baxmaq vacibdir”.
Onu da nəzərə çatdıraq ki, Azərbaycandan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tbilisi şəhərinə səfəri ediblər.
Afaq MİRAYİQ,
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ