Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Hazırda hakimiyyətdə olan qüvvələr Rusiya ilə münasibətləri düzəltmək xəttini götürüb”
Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Tiflisdə "Xarici agentlər haqqında" qanuna qarşı növbəti yürüş keçirilir. Bazar günü və dünən müxalifətin “Xarici agentlər haqqında” qanuna qarşı növbəti etiraz yürüşü keçirilib.
Etirazçılar Respublika meydanından şəhərin mərkəzindəki Gürcüstan parlamentinə doğru yürüş ediblər.
Yürüş iştirakçıları ölkənin adını və “Rusiya qanunlarına yox!” şüarlarını səsləndiriblər. Parlament binasının üzərinə “Rusiya işğalçıdır!” yazısı və Gürcüstan bayrağı proyeksiya edilib.
Müxalifət bəyan edir ki, “Xarici agentlər haqqında” qanun Moskvanın göstərişi ilə hakim partiya tərəfindən qəbul edilir. Qanun layihəsinin müəllifləri isə müxalifətin iddialarını təkzib edirlər.
Hakim “Gürcü arzusu” qanun layihəsinin tərəfdarlarının aprelin 29-da yürüş-mitinqini təşkil edib.
Bazar günü keçirilən mitinq zamanı isə nümayişçilər qanun layihəsinin tərəfdarlarının çıxışı üçün qurulmuş səhnəyə keçməyə cəhd ediblər. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Bu zaman bir neçə nəfər saxlanılıb. Onların arasında Gürcüstanın Avropaya inteqrasiya üzrə keçmiş naziri Aleksi Petriaşvili də var. Daxili İşlər Nazirliyi onu xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham edib.
Dünən isə parlamentdə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi başlayıb. 2023-cü ildə muxalifətin və vətəndaş cəmiyyətinin etirazlarından sonra analoji sənəd onun müəllifləri tərəfindən parlamentdən geri götürülüb.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı sözügedən qanun layihəsini kəskin tənqid edir və Tiflisi onu geri götürməyə çağırırlar. ABŞ Senatının bir qrup üzvü, əks halda, Gürcüstanın rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq ediləcəyini, Brüssel isə ölkənin Avrointeqrasiya kursunun ciddi şəkildə zədələnəcəyini bəyan edib.
Ekspertlər hesab edir ki, hakim partiyanın Qərbin təzyiqləri qarşısında geri çəkilməməsi, əksinə, tərəfdarlarını küçələrə çağırması Gürcüstanda payızda keçiriləcək parlament seçkiləri ərəfəsində ciddi siyasi böhranın baş verəcəyini göstərir.
Gürcüstanı kim qarışdırır? Rusiya Gürcüstana qayıdır?
Azad Məsiyev
Politoloq Azad Məsiyev “Yeni Müsavat”a bildirdi ki, məsələyə daha qlobal səviyyədə yanaşmaq düzgün olar. Hazırda dünya qlobal güclərinin arasında böyük savaş gedir. Bu savaş indi də Gürcüstana transfer olunur: “ABŞ Rusiyanı düşmən elan edib və bütün postsovet məkanından sıxışdırıb tamamilə çıxarmaq, Rusiyanı zəif, sözə baxan ölkəyə çevirmək, hətta mümkün olsa, dünya siyasi xəritəsindən silmək istəyir. Bunun üçün Qərb koalisiyası Rusiya ətrafında qaynar ocaqlar yaradır, Rusiyanı müharibələrə cəlb edir, rəngli inqilablar, demokratiya adı altında ayrı-ayrı dövlətlərdə hakimiyyət dəyişiklikləri təşkil edir, hakimiyyətə gətirdiyi adamlarını Rusiyaya qarşı siyasət aparmağa yönəldir. Bunun bariz nümunəsinə Gürcüstanda, Ukraynada, Moldovada şahid olmuşuq, indi isə Ermənistan nümunəsində şahid olmaqdayıq. Amerika hətta Belarusda hakimiyyəti inqilabla dəyişib öz adamlarını iqtidara gətirmək istədi. Gürcüstanda bir zamanlar Mixail Saakaşvilini inqilabla hakimiyyətə gətirdilər və bundan sonra Gürcüstan Rusiyaya qarşı açıq-aşkar siyasi xətt götürdü. Sonda itirən Gürcüstan və Saakaşvili oldu. Gürcüstan ərazilərini, Saakaşvili azadlığını, sağlamlığını itirdi. Qərb bu gün nə Gürcüstanın torpaqlarının geri qaytarılması üçün, nə də Mixail Saakaşvilinin azadlığa çıxması üçün tükünü belə tərpətmir. Bir müddət sonra Ukrayna ilə bağlı da belə bir vəziyyətin şahidi olacağıq. Ukraynanı Rusiya ilə qatı düşmən edib sonda kənara çəkiləcəklər. Nəticədə Ukrayna parçalanacaq, Zelenski isə ən yaxşı halda Saakaşvilinin taleyini yaşayacaq.
Gürcüstanda hazırda hakimiyyətdə olan qüvvələr Rusiya ilə münasibətləri düzəltmək xəttini götürüb. Bu, ən düzgün yoldur. Nəhəng qonşu dövlətlə konfrontasiyanın Gürcüstana xeyir verməyəcəyini anlayırlar. Lakin bunu hələ anlamayanlar da var. Ona görə də Gürcüstanda ikihakimiyyətlilik yaranıb. Prezidentlə baş nazir arasında yaranan fikir ayrılığı bu vəziyyəti yaradıb. Prezident anti-Rusiya mövqeyindədir, baş nazir isə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Gürsütanda son zamanlar yaşanan qarışıqlığın səbəbi budur. Yəni bu mitinqlərdə bu amil rol oynayır. Əslində söhbət haqqında danışılan qanundan gedirsə, bu qanunun qəbul olunması Qərbə sərf etmir. Deməli, məntiq onu deyir ki, ölkənin qarışmasında, mitinqlərdə Qərb dairələri, ölkənin daxilindəki Qərbə bağlı olanlar maraqlıdır. Onlar bu yolla hökumətə, parlamentə təzyiq və təsir göstərməyə çalışırlar".
Politoloq qeyd etdi ki, aksiyaları keçirənlər, qarşıdurma yaradanlar əsasən Qərbin Soros Fondu kimi təşkilatlarından qidalanan QHT-lər, siyasi təşkilatlardır. Çünki onlar maliyyə qaynaqlarından məhrum olacaqlarını düşünürlər: “Qərb və ona bağlı olan daxildəki qüvvələr etirazların miqyasını genişləndirib hökuməti devirmək həddinə qədər inkişaf etdirməkdə maraqlıdırlar. Bütün gücləri ilə buna çalışırlar. ABŞ başda olmaqla, Qərb Gürcüstanın Rusiya ilə münasibətləri normallaşdırmasının qarşısını almaq üçün hökumət dəyişikliyi etmək planı qurub. Bu plana görə hökuməti devirib tamamilə Qərbə bağlı olan qüvvələri iş başına gətirmək nəzərdə tutulub. Bu tendensiya artıq açıq-aydın görünür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ