Onlayn ictimai-siyasi qəzet
- Günay xanım, ilk öncə bilmək istərdik ki, günvurma nədir və bu zaman insan orqanizmində nə baş verir?
- Günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində yaranan patoloji vəziyyətdir. Günvurma zamanı beynin bütün nahiyələrində hipertermiya yaranır. Bu isə beyin ödeminə, mədəciklərin onurğa beyni mayesi ilə dolmasına, arterial təzyiqin yüksəlməsinə, beyindəki qan damarlarının genişlənməsinə səbəb olur. Bəzən kiçik beyin qan damarlarının zədələnməsi baş verir. Nəticədə həyati funksiyalara cavabdeh olan sinir mərkəzlərinin (ürək-damar, tənəffüs və s.) fəaliyyəti pozularaq həm ani, həm də gecikmiş patoloji dəyişikliklər yaranır.
- İsti havalarda çöldə olan şəxs özünü pis hiss edərsə, hansı əlamətlərdən günvurma olduğunu anlaya bilər?
- Günvurma zamanı ilk növbədə mərkəzi sinir sistemi tərəfindən şikayətlər yaranır, ağır hallarda isə bütün orqan və sistemlərin fəaliyyəti ciddi şəkildə pozulur. Simptomlar həm dərhal, həm də günəşə məruz qaldıqdan bir neçə saat sonra baş verə bilər. Günvurmanın ilk əlamətləri ümumi zəiflik, süstlük, baş ağrısı, başgicəllənmə, gözlərin önündə qaralma və iştahsızlıqdır. Bəzi hallarda bədən istiliyi də yüksəlir. Vaxtında zərərçəkənə yardım göstərilmədikdə ürəkbulanma, qusma və burun qanaması da müşahidə olunur. Ağır hallarda isə kəskin ürək-damar çatışmazlığı müşahidə olur.
- Günvurma ağırlıq dərəcəsinə görə neçə qrupa ayrılır?
- Günvurma əlamətlərinin ağırlığı günəş şüalarının başa təsir müddəti, intensivliyi, həmçinin insanın yaşından və xroniki xəstəliklərdən asılıdır. Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır: yüngül dərəcə, orta dərəcə, ağır dərəcə.
Yüngül dərəcədə əsasən ümumi halsızlıq, əsəbilik, aqressivlik, baş ağrısı, başgicəllənmə, ürəkbulanma, nəbzin və tənəffüs sayının artması müşahidə olunur.
Günvurmanın orta dərəcəsi üçün isə şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, qeyri-sabit yeriş, gözlərin önündə qaralma, hətta huşun itirilməsi və bədən hərarətinin 39-40 dərəcəyə qədər yüksəlməsi xarakterdir.
Günvurmanın ağır dərəcəsi çox təhlükəli bir vəziyyətdir. Bu zaman zərərçəkmişin vəziyyəti kəskin pisləşir, üz əvvəlcə hiperemiyalı olur, sonra isə solğunlaşır, bədən hərarəti 41-42 dərəcəyə qədər yüksəlir, şüur pozula bilir, hallüsinasiyalar və huşun itirilməsi müşahidə olunur. Vaxtında zərərçəkənə müvafiq yardım göstərmədikdə kəskin ürək-damar çatışmazlığı da baş verə bilir.
- İstivurma ilə günvurma arasındakı fərq nədir?
- Hər iki vəziyyət temperatur təhlükəli dərəcədə yüksək səviyyəyə çatdıqda bədənin özünü soyuda bilməməsi ilə əlaqədardır. Əsas fərq ondan ibarətdir ki, günvurma bir qayda olaraq, açıq havada inkişaf edir, birbaşa gün şüaları başa təsir edir və bu pataloji vəziyyət başın həddindən artıq qızması nəticəsində yaranır.
İstivurma isə hər hansı çox isti mühitdə baş verə bilir və isti bütün bədənə təsir edir. Yüksək hərarət nəticəsində orqanizmdə termorequlyasiya prosesləri pozulur və bədən istiliyi əhəmiyyətli dərəcədə yüksəlir. İstivurma qapalı yerlərdə (lift, hamam, sauna, avtomobil), həmçinin isti havada ağır fiziki iş görərkən baş verə bilər. Yüksək rütubət, susuzluq, dar olan sintetik, dəri və ya rezin parçadan hazırlanmış geyimlərdə uzun müddət qalmaq istivurma riskini artırır.
İstivurma və günvurmanın simptomları təxminən eynidir. Yeganə fərq - günəş vurması zamanı daha çox üzün qızarması, istivurmada isə bütün bədənin dərisi qızara bilər.
- İnsanlara isti havada sərinləmək üçün çimərliyə günün hansı saatında getmələrini məsləhət görürsünüz?
- Günəş vannası qəbul etmək üçün optimal vaxt səhər 8-dən 11-ə, axşam 16-dan 19-a qədərdir. 11:00-dan 16:00-a qədər vaxt çimərlik üçün arzuolunmazdır. Günvurma və günəş yanıqları adətən bu saatlarda baş verir, çünki bu zaman ultrabənövşəyi şüalar daha aktivdirlər.
Günəş yanığı günvurma qədər təhlükəlidir, onun nəticələri çox ciddi ola bilər. Qızartı, ağrı, yerli qızdırma, şişkinlik kimi şikayətlərdən başqa günəş yanıqlarının gecikmiş ağır fəsadları ola bilər. İntensiv günəş şüaları təsiri altında dəri vaxtından əvvəl qocalır. Belə ki, günəş dərini elastik və hamar edən kollagen və elastin liflərini məhv edir. Zədələnmiş dəri özünü bərpa etmək qabiliyyətini itirir. Əsasən üz dərisi günəşə çox həssasdır. Üzdə günəş şüaları təsirindən hiperpiqmentasiyalı sahələr, vitiliqo, dərinin kobudlaşması, qırışması və sallanması ola bilir.
- Kimlər daha çox risk altındadır?
- Günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir. Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir.
Həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar.
- Çox vaxt günəş şüalarının xeyirli, təbii D vitaminin mənbəyi olduğu barədə fikirlər səsləndirilir. Sizcə, bu fikir nə qədər doğrudur?
- Vitamin D günəş işığının ultrabənövşəyi şüalarının təsiri altında insan dərisində sintez olunur, buna görə də onu "günəş vitamini" adlandırırlar. D vitamini orqanizmin həyatında əvəzolunmaz elementdir və sağlamlıq üçün çox faydalıdır.
İnsan orqanizmində D vitamininin əsas rolu qidada olan kalsium və fosforun nazik bağırsağdan sorulmasını təmin etməkdir. Bu elementlər isə sümüklərin normal inkişafını, dişlərin sağlamlığını təmin edirlər. Vitamin D immun, sinir, əzələ, hormonal, reproduktiv sistemlərin fəaliyyətini möhkəmləndirir, metabolizmi sürətləndirir.
- Günvurma zamanı nə etmək lazımdır?
- Günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir. Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur.
Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal (şaquli düz) vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ