Onlayn ictimai-siyasi qəzet
O, Kosmonavtlar Dəstəsinin ən gülərüz və mehriban üzvü sayılıb. Ən çətin vəziyyətlərdə, gərgin təlimlərdə, hətta onu səmalara aparacaq kosmik gəmiyə doğru addımlayanda da Georgi Qreçkonun çöhrəsindən təbəssüm əskik olmayıb. Kosmonavtın bu nikbinliyi həmkarlarına da sirayət edib, ona uğur rəmzi kimi baxıblar.
Qreçko təkcə kosmonavt olması ilə deyil, həm də bir alim və televiziya aprıcısı kimi də məşhurlaşıb. Çoxları onun uğurlarını SSRİ-nin müdafiə naziri marşal Andrey Qreçko ilə bağlayıb, elə düşünüblər ki, onlar qardaş, yaxud da yaxın qohumdurlar. Bu söhbətlərə son qoymaq üçün kosmonavt jurnalistlərə açıqlama vermək qərarına gəlib:
“Biz marşal Andrey Qreçko ilə qardaş deyilik, heç bir qohumluq əlaqəmiz də yoxdur. Bunun üçün ata adlarımıza, doğum yerlərimizə nəzər salmaq kifayətdir. Mən Leninqradda, marşal isə Rostovda anadan olub. Diqqət yetirsəniz, görəcəksiniz ki, heç bir oxşarlığımız da yoxdur. O, daha zəhmli, mən isə daha çox gülərüzəm. Qohum, qardaş olmasaq da, biz hər ikimiz eyni vəzifəni daşıyırıq. Sadəcə, o yerdə, mən göydə...”
1931-ci ildə Leninqrad şəhərində anadan olan Qreçkonun atası ukraynalı, anası belarus olub. 1941-ci ilin iyunun 15-də, 10 yaşı olanda valideynləri Qreçkonu tətili keçirmək üçün Ukraynaya, Xarkov şəhərinə nənəsinin yanına göndəriblər. Müharibə başlandığından o, geri, Leninqrrada qayıda bilməyib. Beləliklə, gələcəyin kosmonavtı iki il almanlar tərəfindən işğal olunmuş Ukraynada yaşamağa məcbur olub.
Qreçko orta təhsilini başa vurduqdan sonra Leninqrad Hərbi Mexanika İnstitutunda ali təhsil alıb və bu təhsil ocağını qırmızı diplomla bititrib. Bir müddət “Energiya” Raket-Kosmik Korporasiyasında işlədikdən sonra 1966-cı ildə onu Kosmonavtlar Dəstəsinə qəbul ediblər.
Georgi Qreçko kosmosa üç uçuş həyata keçirib, 1975, 1977, 1985-ci illərdə. Ümumilikdə o, kosmosda 134 sutka 20 saat 32 dəqiqə keçirib. Bu uşuşlar zamanı Qreçko 1 saat 28 dəqiqə açıq kosmosda olub.
Kosmosa üçüncü uçuşunda, 1985-ci ildə Qreçko rekorda imza ataraq kosmosun ən yaşlı “sakin”i olub. Belə ki, həmin vaxt onun 54 yaşı olub ki, Qreçko bu rekordu 10 il özündə saxlayıb.
Hələ Kosmonavtlar Dəstəsinə yenicə üzv olunanda gərgin təlimlərə baxmayaraq Qreçko elmi yaradıcılığına da vaxt ayırıb. 1967-ci ildə o, dissertasiya müdafiə edərək texnika elmlər namizədi edlmi dərəcəsini alıb. 1984-cü ildə isə kosmonavt doktorluq işi müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru adına sahib olub. Onun elmə olan hədsiz marağı o dərəcəyə çatıb ki, hətta həmkarları da bu meylliliyi təəccüblə qarşılayıblar.
Qreçkonun ən böyük şakərlərindən biri marka toplamaq olub. O, bu işə hələ uşaqlıq illərindən həvəs göstərib. Leninqradın mühasirəsi illərində markaları itəndə bu hadisə Qreçkonun yaddaşına ən ağır hadisə kimi həkk olunub və o, yenidən marka toplamağa başlayıb. Onun kolleksiyası əsasən kosmos, texnika və bu sahənin tanınmaşlarının markalarından ibarət olub. Kosmonavt ilk dəfə kosmosa uçanda özü ilə böyük müəllimi saydığı Sergey Korolyovun əks olunduğu altı ədəd markanı da kosmosa aparıb. Sonralar həmin markaları o, Korolyovun ailəsinə hədiyyə edib. Qreçko tanınmış filatelist kimi Ümumittifaq Filatelistlər Cəmiyyətinin ən fəal üzvlərindən biri olub. Hətta ona “SSRİ filateliyası” jurnalının müxbiri vəsiqəsi də verilib.
Qreçko ədəbiyyata, incəsənətə də böyük maraq göstərib. Bu sahələrin tanınmışları ilə yaxın münasibətlər yaradıb. Növbəti dəfə kosmosa uçanda isə o, özü ilə Struqatski qardaşlarının yazdığı “Allah olmaq çətindir” kitabını da götürüb. Səmalara hər səfərində müəyyən olmuş rejimi pozduğuna görə Qreçko həmişə “danlanıb”. O, kosmik gəmidə gah gündəlik yazıb, gah kitab oxuyub, gah da rabitə vasitələri ilə mövzuya aid olmayan söhbətlər aparıb.
Qreçko hələ Kosmonavtlar Dəstəsinin üzvü ola-ola mərkəzi televiziyada “Bu fantastik dünya” verlişinin aparıcısı olub. 2001-ci ilin aprel-dekabr aylarında isə Qreçko “ORT”-nin həftəlik xəbərlər proqramında tamaşaçıları hava proqnozu ilə tanış edib. O, eyni zamanda bir neçə filmə çəkilib, bir neçə filmdə məsləhətçi kimi iştirak edib. Bir sözlə, kosmonavtın işi təkcə göylərlə olmayıb, o, yerdə də özünə həmişə iş tapıb.
1989-cu ildə Georgi Qreçkonun Moskva şəhərindən SSRİ xalq deputatlığına namizədliyi irəli sürülüb və seçki kampaniyası çox uğurla aparılıb. Kosmonavt sonda öz namizədliyini geri götürərək seçicilərindən Boris Yeltsinə səs verməyi xahiş edib.
İllər ötsə də, Leninqradın adı dəyişsə də, Qreçko həmişə özünü leninqradlı adlandırıb. Səbəbini isə belə izah edib:
“Bir vaxtlar Leninqrad mədəniyyət, elm, incəsənət mərkəzi idi. Mən Leninqradda məhz həmin vaxtlar anadan olmuşam, həmin dövrdə yaşamışam. Sonralar çox şeylər dəyişdi, ad da, kontingent də və s. Hətta bu şəhər haqda “Banditiskiy Peterburq” serialı da çəkildi. Mən elə leninqradlı qalsam daha yaxşıdır, mən o dövrün leninqradlısıyam...”
Qreçko uzun illər Rusiya Elmlər Akademiyasın Obuxov adına Atmosfer Fizikası İnstitutunu laboratoriyasına rəhbərlik edib.
“Əfsanəvi insan” adını qazanmış kosmonavt Georgi Qreçko 2017-ci ildə, 85 yaşında vəfat edib. O, Moskvada Troekurovsk qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu, Musavat.com
13 Noyabr 2024
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ