Onlayn ictimai-siyasi qəzet
Ekspertlər hesab edir ki, təhsil müəssisələrinin də fərqli saatlarda işə başlaması Bakıda sıxlığın azalmasına xeyli təsir edəcək
Uzun illər idi ki, Bakıda tıxac probleminin qarşısının alınması məqsədilə dövlət qurumlarının iş qrafikinin dəyişdirilməsi məsələsi müzakirə edilirdi. Ekspertlər bu addımın nəqliyyat sıxlığını azaltmaqda və şəhərdaxili hərəkəti optimallaşdırmaqda əhəmiyyətli rol oynayacağını vurğulayırdılar.
Milli Məclisdə də deputatlar nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tıxacların aradan qaldırılması üçün müxtəlif tədbirlərin, o cümlədən iş qrafiklərinin dəyişdirilməsinin vacibliyini qeyd edirdilər.
Nəhayət ki, bu məsələ ilə bağlı qərar verildi. Belə ki, Bakıda dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. “Yeni Müsavat” xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə təhlillərin aparılmasını, müvafiq siyahıların təsdiq edilməsini və müvafiq siyahıya uyğun dəyişkən iş rejiminin təşkil edilməsini təmin etməlidir.
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a deyib ki, eyni saatda yola çıxan nəqliyyat vasitələri yolda sıxlıq yaradırdı və daha sonra bu sıxlıq tıxaca çevrilirdi: “Bizim də bununla bağlı təkliflərimiz var idi. Neçə il idi, cəmiyyətdə də müzakirələr gedirdi ki, bəzi iş yerlərinin iş saatları dəyişdirilsin. Məsələn, hansısa bir idarədə iş səhər saat 8-də başlayırsa, onun saat 4-də bitməsi normal ola bilər. Yaxud da, iş saat 10-da başlayıb saat 6-da bitə bilər. Bu məsələ artıq dövlət proqramında da təsbit olunub. Düşünürəm ki, bu proses həyata keçiriləcək və əlbəttə ki, bunun şəhərdə və şəhər ətrafı ərazilərdə yaranan sıxlığa böyük müsbət təsiri olacaq. Burada təhsil müəssisələri də qeyd olunub. Düşünürəm ki, təhsil müəssisələrinin fərqli saatlarda işə başlayıb, fərqli saatlarda bitirməsi şəhərdə sıxlığın azalmasına xeyli təsir edə bilər.
Və düşünürəm ki, iş yerlərinin müxtəlif saatlarda başlayıb, müxtəlif saatlarda bitməsinin hər hansı bir iqtisadi zərəri olmayacaq. Əksinə, bunun həm ekoloji, həm də iqtisadi müsbət tərəfləri olacaq.
Ekoloji müsbət tərəfi ondan ibarətdir ki, tıxaclar olduğu zaman nəqliyyat vasitələrindən atmosferə buraxılan karbon qazının miqdarı artır. Eyni zamanda, işə gecikən insanların özü də iqtisadiyyata ziyan vurur. İstehsalat sahəsində gecikən insanların vaxt itkisi Azərbaycan iqtisadiyyatının iş səmərəliliyinə təsir edir. Bu səbəbdən də düşünmürəm ki, bunun hər hansı bir iqtisadi fəsadı olmayacaq".
Yasin Mustafayev
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də bizimlə söhbətdə deyib ki, illərdir müzakirə edilən və təklif kimi irəli sürülən məsələ nəhayət ki, reallaşır: “Burada söhbət kompleks tədbirlərdən gedir. Şəhərdə sıxlığı aradan qaldırmaq lazımdır, bunun üçün də mənzil alarkən, uşağı məktəbə qoyarkən, iş yeri seçərkən bütün bunları nəzərə almalıyıq. Eyni zamanda da dövlət qurumları maksimal dərəcədə iş qrafiklərini elə seçməlidirlər ki, müsbət nəticəsi olsun. Məsələn, bizim işlədiyimiz şirkətdə biz iş qrafikini səhər saat 8:00-dan 17:00-a qədər və 10:00-dan 19:00-a qədər təşkil etmişik. Çünki saat 9-da hər kəsin işə getdiyi vaxt böyük sıxlıq yaranır. Buna görə də dövlət qurumları iş qrafiklərini fərqli şəkildə müəyyən etsələr, bu, sıxlığın azalmasına böyük dərəcədə təsir göstərəcək”.
Onu da nəzərə çatdıraq ki, nəqliyyat sıxlığının aradan qaldırılması üçün Bakının 2040-cı ilədək nəzərdə tutulan Baş Planında da bir sıra tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Burada mövcud yolların genişləndirilməsi və yeni yolların inşası planlaşdırılır. Eyni zamanda, metro xətlərinin və stansiyalarının sayının artırılması, tramvay və metrobus kimi yeni nəqliyyat vasitələrinin tətbiqi nəzərdə tutulur. Şəhər daxilində 285 km uzunluğunda velosiped yollarının salınması planlaşdırılır.
Bundan əlavə, şəhərin mərkəzində yerləşən bəzi universitetlərin kənar ərazilərə köçürülməsi məsələsi də uzun illərdir müzakirə edilir. Bu addım mərkəzi ərazilərdə nəqliyyat yükünü azaltmağa və şəhərin tarixi hissəsinin qorunmasına yönəlib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bəzi universitetlərin Bakıdan kənara köçürülməsinin mümkünlüyünü qeyd edib. Eləcə də, şəhərin bir neçə mərkəzdən ibarət olması da təkliflər sırasındadır. Bu da mərkəzi hissələrdəki sıxlığı azaltmağa kömək edəcək. Məsələn, Mərdəkan, Ələt, Zığ, Hövsan, Binəqədi və Lökbatan qəsəbələri alt-mərkəzlər kimi inkişaf etdiriləcək.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ