Onlayn ictimai-siyasi qəzet
Özünü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, vəzifəli şəxslərin yaxın adamı kimi təqdim edən 1986-cı il təvəllüdlü Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, Ruslanın 5 nəfərə qarşı dələduzluq etdiyi məlum olub.
O, dəymiş zərərin bir hissəsini ödəyib.
Zərərçəkmiş və şahidlərin ifadəsindən məlum olub ki, Ruslan özünü korrupsiyanın əməkdaşı, hakim və nüfuzlu şəxslərlə əlaqələri olan şəxs kimi təqdim edib. Aldatdığı beş nəfərdən üçünün həbsdə olan ailə üzvlərinin azadlığa buraxılmasını vəd edərək pul alıb.
Ruslan ilk olaraq həbsdə olan Elnur adlı şəxsin ailə üzvlərindən 16 500 manat alıb.
Elnur barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə araşdırma gedirmiş. Həmin ərəfədə Ruslan Elnurun əmisinin obyektini icarəyə götürübmüş. Elnurun əmisi vəkillə danışan zaman Ruslan bunu eşidib və Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi ilə münasibətinin olduğunu deyib.
Bir gün sonra Ruslan Elnurun ailə üzvləri ilə görüşərək məsələni danışdığını, təcili 11 min manat çatdırılmalı olduğunu deyib. Pul gecikəndə isə Ruslan “mənim onlarla başqa işlərim də var. Onların yanında məni gözükölgəli qoyursunuz” - deyərək narazılığını da bildirib.
Ruslan pulu alsa da, heç nə etməyib və Elnura 8 il cəza verilib. Elnurun ailəsi Ruslandan şikayət edib və pulun ödənilmədiyini deyiblər.
Məhkəmədə o da məlum olub ki, Ruslan özünü Turhan Məmmədov kimi də təqdim edirmiş.
Ruslanın digər qurbanı narkotik ittihamı ilə həbsdə olan Rəşad və onun ailə üzvləri olub. Ruslan Sumqayıt Ağır Cinayətlər Məkəməsində davam edən məhkəmə işini “həll” edəcəyini, Rəşadın azadlığa çıxmasını təmin edəcəyini deyərək 9600 manat alıb. İstintaq müddətinə bu hissədə ziyan ödənilib.
Həbsdə olan Azad Əmirovun yaxınları da Ruslan tərəfindən eyni üsulla aldadılıb. Azad Əmirovun azadlığa buraxılması üçün onun ailə üzvlərindən 26 min manat pul alıb. Şikayətlərdən sonra həmin məbləğ geri qaytarılıb.
Zərərçəkənlərdən biri isə qızını Dövlət Gömrük Komitəsində işə düzəltmək üçün Ruslana 5 min manat pul verib.
Maraqlıdır ki, zərərçəkmiş şəxs Ruslanı elə komitənin qarşısında gördüyü, daha əvvəl tanımadığı bir kişinin vasitəsi ilə tanıyıb. Belə ki, zərərçəkmiş şəxs qızı ilə komitənin qarşısında olan zaman bir nəfər ona yaxınlaşaraq nə üçün gəldiklərini soruşub. Zərərçəkmiş də qızının imtahanı üçün gəldiyini deyib. Həmin şəxs zərərçəkmişə “Gömrükdə pulsuz heç nə olmur” deyərək ona Ruslanın nömrəsini verib. Ruslanla danışan şəxs qızını komitədə işə düzəltmək üçün 5 min manat verib.
Beşinci zərərçəkmiş şəxs isə Ruslandan avtomobil almaq üçün 11 min manat pul verib. Onların aldadılma epizodu da maraqlıdır. Belə ki, Ruslan zərərçəkmişdən pulu alandan sonra ona icarəyə götürdüyü maşını verib. Deyib ki, bir neçə gün sonra sənədləşmə edəcəklər. Zərərçəkmişi yolda polis əməkdaşları saxlayıb və etibarnaməsiz maşın sürdüyü üçün cərimə meydançasına aparıblar. Zərərçəkmiş orada öyrənib ki, maşın icarəyə götürülübmüş.
Elan edilmiş ittihamla özünü təqsirli bilən Ruslan qeyd edib ki, zərərçəkmiş şəxslərə vəzifədə olan tanışlarının olduğunu deyərək onları aldadıb.
O, əməlindən peşman olduğunu, zərərin bir qismini ödədiyini deyib. Ruslan məhkəməyə bildirib ki, azadlığa buraxılarsa, zərəri ödəməsinə imkan olacaq.
Məhkəmə istintaqı zamanı Ruslanın zərərçəkmiş şəxslərə yazdığı mesajlar da tədqiq edilib. Zərərçəkmiş şəxslərin Ruslanın adını “Korrupsiya Ruslan” kimi qeyd ediblər.
Araşdırma zamanı məlum olub ki, Ruslan daha əvvəl dələduzluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb.
Bu dəfə isə Ruslan törətdiyi əmələ görə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ