Onlayn ictimai-siyasi qəzet
Yox e, bilirsən ki, şalvarın topuqdan olsa, sənə “vəhhabi”, dizdən olsa, “ibnə” deyəcəklər, niyə elə geyib şəhərə çıxırsan, metroya minirsən ki, əxlaq keşikçiləri də səni tutub çığırdalar?
Adamın yadına öz ölkəmizdə, daha dəqiqi, Şirvan-Girdman bölgəsində məşhur olan bir zərbül-məsəl düşür: “Nə işin var Bığırda, xalq da tutub çığırda” (Bu ifadəni Gəncədən o tərəfdə başqa cür deyirlər: “Nə işin var Dəllərdə, aşağı ətrafın da qala əllərdə” – efvemizmdən yararlanmağı, türkün sözü, tərcih etdim).
İndi, ey iranlı gənc, hansı ölkədə yaşadığını bilmirsənmi? Kişi, bu ölkədə saçı yaylığının altından görünən qızı vurub öldürdülər, ölkə qarışdı, şəhərlər yandı, mollalar döyüldü, 3-4 yüz adamı da təzədən güllələdilər, asdılar ki, ara sakitləşsin, asayiş bərpa olunsun. Bir çəngə saça görə oldu bu. Ağzını hara vermisən, zalım balası?
Bilmirsənmi bu ölkənin tv-si xaricdə keçirilən qadın həndbolçuların oyunundan reportaj verəndə idmançıların üzlərinin və dizlərinin üstünə qara rəngli üstəgəl işarəsi qoyurlar. Çünki o əzalar görünsə, möminlər yoldan azarlar. Elə onu görürsən ki, üstəgəl işarələri gah sağa, gah sola axırlar. Bilməyən elə bilər ki, bu yeni oyundur: üstəgəllər məşhur lətifədə deyildiyi kimi, o yumru şeyi diri tutmaq istəyirlər. Hərçənd təhrikə meylli erkəklər dəqiq bilirlər ki, o üstəgəl işarələrinin altında o tərəfə-bu tərəfə qaçan kimdirlər və bu, onları, prinsipcə, təhrik edə bilər.
Bunu bilə-bilə adam öz qıçına macəra axtarır. Deyəsən, o, düzgün paralellərdə, hətta normal meridianlarda doğulmayıb, başqa dünyanın adamıdır, ağlı gedir Avropanın qərbinə, Amerikanın şərqinə, elə bilir, qısa şalvarla gəzə və salamat bel-buxun gəzdirə bilər. Elə şey yoxdur. Adamın qıçını qırarlar, belinə zopa çəkərlər, hələ sonra da aparıb meydanda şallaqlayarlar.
Bu tərəflərdə qadının saçı, topuğu, kişinin dirsəyi və dizi görünə bilməz. Mentalitetə, əxlaqa ziddir. Çünki qarşı tərəfi yoldan çıxarır, beyninə şərəşur şeylər doldurur.
İndi kimsə deyəcək ki, bəs Braziliyada, İspaniyada, ümumiyyətlə, çox yerdə nudist çimərliklər var, camaat lüm-lüt çimişir, heç kəs də təhrik olmur: birinə sataşan yox, üstünə cumub quma basmarlayan yox, sataşma - sıfır, girişmə - zero, marıtdama – yalnız günəşin qürubuna...
Onlarla bu tərəflərin camaatı bir deyil, əzizlər. Onlar yeyib doyublar, Şərqin acları hələ indi-indi iştaha gəlirlər.
Qısa şalvar geydiyinə görə keşikçilər tərəfindən döyülən adamı qınamağım o anlama gəlmir ki, sərbazlar düz eləyiblər. Haşa! Bu, bəs-bəlli vəhşilikdir. Bir oğlanın sümüyü sezilən qıllı baldırı qarşı cinsdən heç kəsdə tamah oyada bilməz, uzağı, esttetik təsəvvürü korlaya bilər. And ola “Ayaq piri”nin kəramətinə ki, zərif cinsdən olan uzmanların fikrincə, şalvarlı model oğlanlar şalvarsızlardan qat-qat cazib görünürlər.
Nə edəsən ki, bir çox Şərq ölkələri əxlaqı, namusu, tərbiyəni, qanacağı, dini, imanı gətirib bağlayıblar topuğa, dizə, paçaya, ombaya, ağız-buruna, saça-telə. Amma bu da bəs eləmir, tam örtülü geyən qadınlar gendən qara çuvala oxşasalar da, yenə təhrik predmeti olaraq qalırlar. 5-6 il əvvəl internet resurslarında bir şəkil vardı. İranda çəkilmişdi: qara çarşaba bürüncəkli bir qadın küçədə gedir, onu 2-3 metr ötüb keçmiş motosikletçi və tərkindəki gədə başlarını geri döndərərək ağzıayrıq halda ona baxırlar. Nə görmək istəyirlər? Qadının yaşı bilnmir, yalnız gözləri görünür, amma gədələr artıq sözün hər iki mənasında yoldan çıxmaq üzrədirlər, öndəki maşının altına girəcəklər.
Bildiyiniz kimi, qısa şalvar məsələsi illərdir bizdə də aktualdır. Düzdür, bizdə elə geyənləri polis tutmur, döymür, amma ictimai qınaq güclüdür. İkrahla üz çevirənlər var, qola qolay adamdırsa, sözlü sataşanlar, davaya çəkib şillə-təpiyin altına salmaq istəyənlər var. (Əlbəttə, qısa şalvarı Rəfael Ağayev və ya Zabit Səmədov geysə, onlar bir söz deməz). Tez-tez bu mövzuda ictimai polemikalar olur, qısa şalvar, yəni şortik geyənləri qınayırlar. Belə hesab olunur ki, o adamlar ya cinsi azlıqdırlar, ya da elə olmağa hazırlaşırlar.
Bu işlərin axırı yaxşı olmayacaq. Əvvəl-axır şalvar balağı üstündə kütləvi davalar baş verəcək.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ