İnsanlara hürriyət, millətlərə istiqlal!

Generallar korpusunda korrupsiya

 

Yaşımdan qabağın söhbətidir, böyüklər danışıb, yadımda qalıb. Ötən əsrin ortalarında bizim rayona Kazımov soyadlı bir raykom katibi (indiki meyarla götürsək, İH başçısı) göndəriblər. Adam əqidəli, dürüst kommunistlərdən olub. Gəlib rayonda yerli rəhbərliklə tanış olanda, görüb ki, rayonun milis rəisinin də soyadı Kazımovdur.

Bir gün raykom Kazımov səhər obaşdan işə getməyə hazırlaşanda yaşadığı həyət evinin darvazası açılıb (o vaxtın raykom katibləri 5 metrlik hasar dalında, villada, mühafizəçilərin əhatəsində yaşamayıblar), bir sürücü içəri girib, salam verib və özüylə gəyirdiyi şaqqalanmış, cunaya bükülmüş qoç cəmdəyini gətirib həyətdəki masanın üstünə qoyub. Raykom Kazımov soruşub ki, bu nədir belə, ay oğul. Sürücü bir kolxoz sədrinin adını çəkib, deyib ki, bunu o göndərdi, dedi ki, apar ver rəisin evinə.

Raykom Kazımov anlayıb ki, sürücü ünvanları səhv salıb. Ta ona bir söz deməyib, qoç cəmdəyini sürücüyə qaytarıb, deyib, apar ver sədrə, de ki, sağ olsun, ehtiyac yoxdur. Sonra o, maşınına minib gəlib raykoma, milis rəisi Kazımovu çağırtdırıb yanına, deyib, elə bu gün nazirliyə raport yaz, səni başqa rayona göndərsinlər. Rəis Kazımov məsələnin nə yerdə olduğunu anlamayıb, deyib: “Nəyə görə, yoldaş Kazımov?

Raykom katibi belə bir lakonik ifadə işlədib: “Rayonda bir Kazımov olar”.

Sonra kimsə rəisə kolxoz sədrinin sürücüsünün səhvini deyib, o da rüşvət üstə ilişməmək üçün sutka tamam olmamış rayondan gedib.

Tam real hadisədir. O zamanlar belə adamlar olub – gözü-könlü tox, qanunpərəst. Bir də ifşa olunmaqdan qorxan.

İndiki vəzifəlilər qoç cəmdəyinə yiyə durarlarmı? Əsla. Dövran çox dəyişib.

İndi işə baxın ki, o cür prinsipial rayon rəhbərlərinin, kolxoz sədrinin göndərdiyi qoç cəmdəyinə qane olan rəislərin ölkəsi korrupsiya üzrə dünya reytinqində 180 ölkə arasında 165-ci yerdədir. Bu göstərici ilə Rusiya ilə eyni pilləni bölüşürük. O Rusiya ilə ki, sovet dövründə o ölkənin aborigen xalqı haqqında beynimizə belə ifadələr yeridilmişdi: “Rusun nəyi varsa da, rüşvətxorluğu yoxdur”, “içəndirlər, amma ürəkləri qızıldır”, “iki şüşə konyakla istənilən işi aşırmaq olur” və s.

Bəlkə də o vaxt eləymiş. Bizdə qoc şaqqaları ilə düzələn işlər orda da iki şüşə “beş ulduz” konyakla həll olunurmuş. Bunu köhnə rəislər daha yaxşı bilər. Amma indi dəqiq elə deyil. Ruslar da almağı babat bacarırlar. Biri rüşvət olaraq 50 milyonuq yaxta, o biri 10 milyon dollarlıq saray, başqa biri 1 milyonluq “Maybax” alır. İndi iki şüşə konyaka yiyə duran yoxdur.

Postsovet məkanı heç, hələ keçid dövründədir. Bəs Amerikaya nə gəlib? Dünən xəbər vardı ki, Tramp Pentaqonu yoxlatdırır, hərbi idarədə böyük yeyinti varmış. “Revizor”luğu da Maska verib. Çünki Mask pullu oğlandır, 400 milyard dollar pulu var, dünyada bir nömrəli varlıdır, o, Pentaqonu yoxlayıb, yeyintiyə yol verən generalları ifşa etsə, onlardan işi bağlamaq üçün bir neçə milyon dollar rüşvət istəməz.

Yəni ABŞ-də məqsəd yoxlama aparıb generallar korpusundakı korrupsionerləri sağmaq deyil, yeyintinin qarşısını almaqdır. Generallar ağ edibmişlər, mağazalarda 100 dollara satılan bolt dəstini ordu üçün 90 min dollara sənədləşdirirmişlər (öz aramızdır, “oformit edirmişlər” deyəndə daha sanballı çıxır). Hələ başqa nələr varmış. Bu səbəbdəndir ki, Pentaqonun büdcəsi şişib-şişib 800 milyardı keçib – 80-ə yaxın dövlətin ümumi büdcəsi bu qədər deyil.

Hər şey o tərəfə dursun, indi gəl milli korrupsionerlərin qabağında dur. Bu söhbətdən sonra oturub-durub deyəcəklər, korrupsiya bütün ölkələrdə var, məsələn, ABŞ-də USAİD elə, Pentaqon belə... Axtarsaq, kim bilir ki, MKİ-də, FTB-də nə yeyintilər var. Bəlkə onlar da iş adamlarını tutub “podval”a salıb soyurmuşlar – bizdə Eldar Mahmudovun vaxtında MTN-də olduğu kimi. O vaxt bizim generalların korpusu da babat pul-para toplamışdı.

Xüləs, tamahkarlıq dünyanı bürüyüb. Yaxşı ki, Danimarka, Sinqapur kimi ölkələr var. Oralarda heç iki şüşə konyakla da nəsə bir əyri iş görmək olmur. Olsa, adları Venesuela ilə yanaşı çəkilərdi.

P.S. Öz ölkəsində korrupsiyaya qarşı çıxan Tramp başqa ölkələrdəki korrupsiyaya göz yummaq barədə sərəncam imzalayb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR