İnsanlara hürriyət, millətlərə istiqlal!

General və marşalın toqquşması – Volkov haqlı olsa da, Brejnev Ustinovun tərəfində durub

Onların mübahisəsi əvvəlcə ikilikdə başlanıb, sonra mübahisə SSRİ Müdafiə Nazirliyinin qapalı keçirilən kollegiya iclasında davam edib. Marşal Dmitri Ustinovla general-leytenant Yevgeni Volkov yenə də ortaq məxrəcə gələ bilməyiblər. Volkov iclasda Ustinovu səriştəsizlikdə ittiham edib:

- Dmitri Fyodroviç, əgər söhbət ölkənin müdafiə qüdrətindən gedirsə, bu məsələdə nazir, yaxud da Siyasi Büronun üzvü kimi yox, peşəkar mütəxəssis kimi düşünmək lazımdır. Mən elmi tədqiqat institutunun rəhbəri kimi bir daha diqqətinizə çatdırıram ki, “Selina” mobil raket kompleksinin silahlı qüvvələrin arsenalına daxil etmək məqbul deyil. Bu kpmpleksdə kifayət qədər çatışmazlıqlar var, eyni zamanda həmin kompleksə texniki xidmət mürəkkəb olduğundan biz bu məsələ ilə bağlı elmi araşdırmalarımızı davam etdirməliyik. Raket komplekslərinin sınağı və qəbulu üzrə dövlət komissiyasının sədri kimi də nəzərinizə çatdırım ki, sizin təklifiniz komissiya tərəfindən də qəbul edilməyib.

Dmitry_Ustinov_(colorized,_full).jpg (106 KB)

Kremldə əsas söz sahiblərindən və əsas fiqurlardan biri olan Ustinov Volkovun tənqidi fikirlərinə qısa cavab verib:

- Mən indi sizinlə peşəkar hərbçi kimi danışıram, amma sabah Mərkəzi Komitədə sizinlə nazir kimi danışacağam.

Beləliklə, 1981-ci ildə, həmin iclasın səhərisi günü Volkov Mərkəzi Komitəyə, baş katibin qəbuluna çağrılıb. Görüşdə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov, baş qərargahın rəisi marşal Nikolay Oqarkov və Dmitri Ustinov da iştirak ediblər. Brejnevin qısa girişindən sonra Volkov raket kompleksləri haqqında ümumi məlumat verib və sonra Ustinovun təklifinin raket qoşunlarına ziyandan başqa heç bir xeyir gətirməyəcəyini elmi əsaslarla sübut edib. Marşal Oqarkov Volkovun fikirlərini məntiqsiz sayıb. Ustinov isə nə generalın, nə də baş katibin qarşısında özünü müdafiə etməyə cəhd göstərməyib:

- Mən sizi vəzifənizdən azad edirəm. O cümlədən siz dövlət komissiyasına sədrlik vəzifəsindən də kənarlaşdırılırsınız.

Baş katib müdafiə nazirinin bu cür sərt qərarına sakitliklə reaksiya verib:

- Bu, artıq sizin daxili işinizdir və sizin səlahiyyətinizdədir. Mən buna müdaxilə edə bilərəm.
Əvvəlcədən qurulmuş ssenari bununla da yekunlaşıb. General-leytenant Yevgeni Volkov Müdafiə Nazirliyinin 4-cü Mərkəzi Elmi Tədqiqat İnstitutunun rəisi vəzifəsindən azad edilib. Qeyd edək ki, Ustinovun təklifi ilə raket qoşunlarının arsenalına daxil edilən kompleks özünü doğrultmayıb.

volkov_e_b2.jpg (39 KB)

Yevgeni Volkov 1923-cü ildə Penzada anadan olub. Orta məktəbi bitirdikdən sonra Bauman adına Moskva Dövlət Texniki Universitetinə daxil olub. Bu universitetdə iki il oxuduqdan sonra təhsilini Leninqrad Ali Artileriya Məktəbində davam etdirib. Sovet-alman müharibəsi illərində o, müdafiə sənayesi müəssisələrinin təxliyəsi ilə məşğul olub, gənc olmasına baxmayaraq, zavodların daşınmasında və yenidən qurulmasında bacarıqlı mütəxəssi kimi tanınıb.

Müharibədən sonra Volkov bütün fəaliyyətini elmi sahəyə yönəldib, namizədlik və doktorluq işini müdafiə edərək elmi dərəcələrə sahib olub. 1958-ci ilin noyabrında Volkov Dzejinski adına Hərbi Akademiyada raket mühərrikləri kafedrasını yaradıb ki, bu kafedra raket mühərikləri sənayesinin əsas elmi bazası sayılıb.

1968-ci ildə Volkov Müdafiə Nazirliyinin 4-cü Mərkəzi Elmi Tədqiqat İnstitutuna rəis müavini, 1970-ci ildə isə rəis təyin edilib. Bu institut tam məxfi şəkildə fəaliyyət göstərib. Hətta Volkovun ailəsi belə onun harada xidmət etdiyini bilməyib. Elə 1976-cı ildə Volkov Sosialist Əməyi Qəhrəmanı adı alanda da təltiflə bağlı sərəncam mətbuatda dərc edilməyib.

Volkov eyni zamanda 1973-cü ildən qitələrarası ballistik raket sistemlərinin sınaqdan keçirilməsi və istismara verilməsi üzrə dövlət komissiyasına rəhbərlik edib. Sovet dövründə bu komissiyaya rəhbərlik ən etibarlı şəxlərə həvalə edilib.

26851981177.67268.jpg (88 KB)

Volkov Ustinovun tələbi və tələsi ilə vəzifəsindən kənarlaşdırıldıqdan sonra hərbi mundirinə əlvida deyərək fəliyyətini mülki şəxs kimi Dzerjinski adına Hərbi Akademiyada davam etdirib.

1983-cü ildə Yuri Andropov sovet raket sənayesinin inkişafı ilə bağlı Mərkəzi Komitədə mütəxəssislərlə iclas keçirəndə Volkovun bu toplantıda iştirak etməməsinə görə Ustinova irad tutub:

- Volkov peşəkarlığından yox, vəzifəsindən uzaqlaşdırılıb. Ona qarşı belə mövqe tutmaq haqsızlıqdır.

Hətta Andropov Volkovun yenidən instituta rəis təyin edilməsi ilə bağlı məsələ qaldırıb. Volkov bu təklifdən qəti şəkildə imtina edib:

- Raket sənayesində, xüsusilə də raket mühərrikləri sənayesində bizim yaratdığımız elmi baza hələ uzun illər ölkəmiz üçün yetərli olacaq. Mən artıq özümü həmin vəzifədə görmürəm.

Həqiqətən də, Volkovun elmi kəşfləri uzun illər SSRİ-nin, sonralar isə Rusiyanın raket sənayesinə böyük töhfələr verib.

volkov-evgenij-borisovich-grave3.jpg (190 KB)

Yevgeni Volkov 2008-ci ildə, 84 yaşında vəfat edib. Onu vəsiyyətinə uyğun olaraq Troekurovsk qəbirstanlığında doğmalarının yanında dəfn ediblər.

İlham Cəmiloğlu, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR