İnsanlara hürriyət, millətlərə istiqlal!

Gender balansı pozulan universitetlərimiz - rəylər

Qızlar bu səbəbdən həmin universitetləri seçmir...

Azərbaycanda ali təhsil müəssisələrinin əksəriyyətində gender balansı qorunur. Statistika da onu göstərir ki, universitetlərdə qızların və oğlanların sayında fərq o qədər də böyük deyil.

Lakin elə ali təhsil müəssisələri var ki, orada tələbə qızlara çox az halda rast gəlmək olur. Həmin universitetlər bunlardır: Polis Akademiyası, Fövqəladə Hallar Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası və Gömrük Akademiyası.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyası artıq bir neçə ildir ki, qız müdavimlərin qəbulunu dayandırıb. Ötən il Daxili İşlər Nazirliyindən (DİN) bildirilmişdi ki, 2023-2024-cü il üçün də oğlan abituriyentlərin Polis Akademiyasına qəbulu aparılacaq.

“Digər ali təhsil müəssisələrindən Polis Akademiyasına ali təhsilli qadınların işə qəbulu prosesi mövcuddur. Qadınlar təhsil aldığı universitetdən və ixtisasdan asılı olaraq vakansiyalar elan olunduğu təqdirdə Polis Akademiyasına işə qəbulda iştirak edə bilərlər.

Ancaq abituriyent qızların ilkin fiziki hazırlıq imtahanı və seçmə komissiyalarında iştirak etməsinə icazə verilmir. Bu qayda öz keçərliliyini qorumaqdadır", - deyə açıqlamada qeyd olunurdu. 

Bu tədris ilində Fövqəladə Hallar Akademiyasına da heç bir abituriyent qız daxil olmayıb. Akademiya bu tədris ilində yalnız oğlan kursantları qəbul edib. Amma bu o demək deyil ki, akademiyadan qızlara qadağa qoyulub. Sadəcə, qəbulda qızlar akademiya üçün sənəd verməyiblər. Onu da qeyd edək ki, akademiya qız və oğlan tələbələrə eyni şərtlər və imkanlar təmin edir. Belə ki, akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir. Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Akademiyanın məzunlarına seçdikləri ixtisasa uyğun bakalavr ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Dövlət Sərhəd Xidməti Akademiyası da yalnız oğlan abuturiyentləri qəbul edir.

O ki qaldı Dövlət Gömrük Komitəsi Akademiyasına, ali təhsil müəssisəsindən qəzetimizə verilən açıqlamada qeyd olundu ki, ötən illərə nisbətən builki qəbulda qızların sayı artıb: “2023-2024-cü il tədris ilində qəbul olunan tələblərin 64 faizini oğlanlar, 36 faizini qızlar təşkil edir. Yəni bu il 88 nəfər oğlan, 49 nəfər isə qız abituriyent qəbul olunub. 

Ötən illə müqayisədə bu il qəbul olunan qızların sayı 4 faiz artıb. Belə ki, ötən il qızların sayı 32 faiz təşkil edirdi. Qızlar əsasən Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquqşünaslıq” ixtisasına maraq göstərir. Bu il ixtisas üzrə təhsil alan qız tələbələrin sayı oğlan tələbələrin sayından çoxdur".

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura  çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

 Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ölkəmizdə fəaliyyət göstərən 51 dövlət ali məktəbində 187 min tələbə təhsil alır. Təhsil müəssisələrində oxuyan tələbələrin 46,6 faizi qadınlar, 53,4 faizi isə kişilərdir. İxtisas seçiminə görə qadınlar təbiət elmləri üzrə 70,7 faiz, hümanitar və sosial yönümlü fakültələrdə 57,4 faiz, maarif sahəsində 88,2 faiz təşkil edirlər. Kişilər iqtisadiyyat və idarəetmə (79,8 faiz), təbiət-texniki (60,2 faiz), texniki (83,9 faiz), aqrar və balıq təsərrüfatı (69 faiz), ekologiya və təbiətdən istifadə (76,0 faiz) sahələrinə üstünlük verirlər. Maarif sahəsində oxuyan kişilərin sayının az olması onların daha gəlirli sahələri seçməsindən irəli gəlir. 

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycan həm qızlar, həm də oğlanlar üçün bərabər təhsil imkanlarını təmin edir. Tələbələrin təhsil almasına və ya təhsilini başa vurmasına mane ola biləcək gender əsaslı maneələr yoxdur. Həmçinin orta məktəb kurrikulum və tədris materiallarında gender bərabərliyini təşviq etmək üçün addımlar atılıb.

Təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir və onları layiqli fəaliyyət şəraiti ilə təmin edir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır.

Ali təhsil müəssisələrinə qəbul olan oğlan və qız abituriyentlərin sayları arasında fərq kiçikdir. Onların 48.69%-ni (18589 nəfər) oğlanlar, 51.31%-ni (19589 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ali təhsil müəssisələrinə qəbul olanların isə 53.48%-ni (9167 nəfər) qız və 46.52%-ni (7974 nəfər) oğlan abituriyentlər təşkil edib. Subbakalavrlar arasında qəbul olanların 36.16%-ni (1271 nəfər) oğlanlar, 63.84%-ni (2244 nəfər) qızlar təşkil edib. Dövlət sifarişi üzrə ayrılan yerlərə qəbul olanlar arasında isə oğlanların payı 43.20% (251 nəfər), qızların payı isə 56.80% (330 nəfər) olub. Cari ilin məzunları arasında da analoji vəziyyət müşahidə olunur. Belə ki, ali təhsil müəssisələrinə ümumilikdə qəbul olanların 49.14%-ni (17157 nəfər) oğlanlar, 50.86%-ni (17760 nəfər) qızlar, dövlət sifarişi əsasında qəbul olanların isə 46.93%-ni (7558 nəfər) oğlanlar, 53.07%-ni (8546 nəfər) qızlar təşkil edib.

Təhsildə gender problemindən bəhs edərkən peşə seçimində gender balansının pozulmasının gələcək fəsadlarına da toxunmaq yerinə düşər. Ali təhsil sahəsində aparılmış tədqiqatlara əsasən aydın olmuşdur ki, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər. Belə ki, sosiologiya, pedaqogika, psixologiya ixtisasları üzrə təhsil alanların böyük əksəriyyəti qızlardır. Pedaqogika və tibb sahələrinə qızların daha çox meyl etməsi, oğlanların bu peşələri “qeyri-kişi” peşələri kimi qəbul etməsi gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının pozulacağından xəbər verir. Pedaqoji sahəni “qadın sahəsi” hesab edən oğlanlar cəmiyyətdə mövcud olan stereotiplər və bu sahədə iqtisadi çətinliklərin olması səbəbi ilə bu peşə üzrə təhsil almağa tərəddüd edirlər. Bu isə oğlanların şüurunda sosial rolların bölgüsünə dair gender stereotipinin mövcudluğundan xəbər verir.

Müasir dünyagörüşə zidd olan köhnə baxışları inkar etmək və zəruri olanı təsdiq etmək təhsildə mövcud olan gender problemlərini aradan qaldırmaq üçün günün tələbidir. Bu baxımdan pedaqoji fikir tarixində, digər humanitar elm sahələrində tarixi-nəzəri ümumiləşdirmələr, tarixi-məntiqi təhlil aparmaq lazımdır. Çünki əldə etdiyimiz keçmiş sosial təcrübəyə, malik olduğumuz əxlaqi-mənəvi dəyərlərə istinad etdikdə bu sahədəki çətinlikləri asanlıqla aradan qaldıra bilərik.

Bu gün gender təhsil və tərbiyəsi cəmiyyətin diqqət mərkəzində saxlamalı olduğu problemlərdən biridir. Ali təhsildə gender mədəniyyətinə nail olmağın meyarları aşağıdakılardır:

- gənc oğlan və qızlar arasında qarşılıqlı hörmətə əsaslanan münasibətin yaranması;

- qarşılıqlı anlaşma;

- şəxsiyyətlərarası münasibətlərdə əməkdaşlıq və tərəfmüqabilliyi əsas götürmək;

- şəxsiyyətə hörmət.

Ali təhsildə gender mədəniyyətinin formalaşması zamanı aşağıdakı amillər nəzərə alınmalıdır: tələbənin, valideynin, ictimaiyyətin və müəllimin mövqeyi. Bu 4 kateqoriyanı əhatə edən məsələlər genderlə bağlı tədqiqatlara daxil edilməlidir. Onun da əsasında aşağıdakılar durur:

- oğlan və qızların arasında qarşılıqlı münasibətlər mədəniyyətində meydana çıxan çətinliklər;

- kütləvi informasiya vasitələrinin gender tarazlığına mənfi təsiri;

- kişi və qadın idealları haqqında mövcud olan bəsit təsəvvür, kişilərin gənc nəslin mənəvi tərbiyəsində passiv rolu, davranış mədəniyyətinin formalaşmasına olan laqeyd münasibət;

- valideynlərin genderlə bağlı maarifləndirilməsi işinin və onlarla əməkdaşlığın zəif olması.

İllər ərzində aparılan maarifləndirmələr çərçivəsində qadınların, eləcə də cəmiyyətin gender stereotiplərinə qarşı müqaviməti artmışdır. Lakin bu stereotiplər qadınları nisbətən yuxarı vəzifəli, yuxarı maaşlı işlərdə işləmək üçün əksərən humanitar və təhsil sahələrində işləməyə, onların bu işləri əldə etmələri üçün elmi dərəcələrini yüksəltməyə məcbur edir. Əlavə olaraq, qadınlar yuxarıdakı qrafikdə qeyd olunan doktoranturaya qəbul olduqdan sonra heç də çox vaxt bu dərəcəni almaq üçün təhsillərini davam etdirmirlər. Çünki onların qarşılarında ailə məsuliyyəti, ana obrazını layiqincə daşımaq durur.

Hazırladı: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR