İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclərlə bağlı dövlət proqramları həyata keçirilməlidir”

Niyaməddin Orduxanlı: “Vətənpərvərliyin inkişafı, qorunması, Vətənə sevgi hissini yaratmaq təkcə ailənin öhdəliyinə düşməməlidir”

Azərbaycan dövləti gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsinə xüsusi diqqət yetirir. İllərdir bu istiqamətdə önəmli addımlar atılır. Dövlət siyasətinin tərkib hissəsi kimi ideoloji iş gücləndirilib. Həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində bu məsələyə həssas yanaşma nəzərə çarpır. Medianın rolunu da vurğulamaq yerinə düşər. 

Televiziyalar, o cümlədən çap mediası vasitəsilə gənclərin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, o cümlədən bu istiqamətdə görülə biləcək işlərlə bağlı təbliğat aparılır. Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər, savadlı kadrların yetişməsi dövlətin gənclərlə bağlı siyasətinin göstəricisi ola bilər. Bu siyasət mütəmadi təkmilləşdirilir. Hər zaman olduğu kimi, ölkənin aparıcı qüvvəsinə çevrilməsindən savayı, artıq yeni dövrdə gənclərin ictimai-siyasi həyatdakı rolunun artırılması, onların potensialından maksimum faydalanmaq üçün münbit şəraitin yaradılması müzakirə mövzularıdır. İdman, mədəniyyət, sosial sahələrdə əldə edilən uğurlarda gənclərin payı çoxdur, lakin gənclər siyasətinin genişlədirilməsi ilə bu payın daha da artırılmasını təmin etmək olar.   

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov iyunun 4-də “Şuşa-İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının açılış mərasimində çıxışı zamanı deyib ki, gənclər problemləri yaradan yox, onları həll edən qüvvə olmalıdırlar. Mətbuata açıqlama verən administrasiya rəsmisi qeyd edib ki, dünyada mövcud olan iqlim dəyişikliyi problemləri, bərabərsizlik, münaqişələr insanlardan kollektiv səyləri tələb edir: "Gənclər də dünyadakı bu çağırışları qəbul etmək üçün potensial qüvvədir. Gənclər bizim gələcəyimiz olmalıdır. Onlar dəyişiklikləri gətirən qüvvə olmalıdırlar. Gənclər insan kapitalıdır və insan kapitalı da cəmiyyətimizi gücləndirir.

Azərbaycan rəhbərliyi gənclər siyasəti ilə bağlı çox böyük işlərə imza atıb. Şuşanın gənclər paytaxtı seçilməsi də bu fəaliyyətin effektiv təzahürüdür. Biz gənclərə yol açmalı, onları liderə çevirməliyik". 

“Yeni Müsavat”a şərhində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, bu gün Azərbaycan cəmiyyətində xüsusilə gənclərin vətənpərvərlik istiqamətində maariflənməsi olduqca prioritet sahədir: “Bir dövlətin inkişafı, gələcəyinin möhkəm qurulması, gənclərin dövlət və milli maraqların müdafiəsinin təşkil olunmasında rolunu artırmaq üçün mütləq maarifləndirməni genişləndirmək lazımdır. Bu, dövlət proqramı kimi həyata keçirilməlidir. Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda böyüməsi, inkişaf etməsi, dövlətini, Vətənini sevmə hissinin aşılanması məktəbəqədər dövrdən başlamalıdır. Vətənpərvərliyin inkişafı, qorunması, Vətənə sevgini yaratmaq təkcə ailənin öhdəliyinə düşməməlidir. Təhsil müəssisələrində təbliğat işinin qurulmasını yüksək səviyyədə təşkil etmək lazımdır. Kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan gənclərinə Vətəni sevməklə bağlı geniş  maarifləndirici verilişlər, videoçarxlar və s. hazırlanmalıdır”. 

N.Orduxanlı vurğulayıb ki, Azərbaycan gənclərini Qarabağın bərpa olunması prosesinə cəlb etmək lazımdır: “Müstəqillikdən əvvəlki illərdə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri rayonlarda məhsul yığımına, o cümlədən tikinti işlərinə könüllü kimi cəlb olunurdu. Proses yay mövsümündə, tətil müddətində müəyyən məbləğ ödənməklə könüllülük əsasında həyata keçirilirdi. Düşünürəm ki, Qarabağın yenidən qurulmasında, bərpa olunmasında da müxtəlif sahələr üzrə gənclərin prosesə cəlb olunması üçün işlər həyata keçirilməlidir. Hazırda ölkədə işsiz olan gənclər var. Gənclərin işləmək üçün xarici ölkələrə üz tutmasının qarşısını almaq üçün dövlət proqramı tərtib olunmalıdır ki, həm ali təhsilini bitirmiş, həm də hərbi xidmətini bitirmiş gənclərin işə cəlb olunmasını həyata keçirmək  mümkün olsun”.

N.Orduxanlı düşünür ki, bu gün Azərbaycan gəncləri siyasi proseslərə o qədər də maraq göstərmirlər: “Gənclərin siyasətə marağı o dərəcədə də nəzərə çarpmır. Hətta siyasi partiyalarda gənclərin sayı ürəkaçan səviyyədə deyil. Bu bir sıra amillərlə bağlıdır. Hesab edirəm ki, ilk növbədə siyasi partiyaların rolunu artırmaq lazımdır. Siyasi partiya institutu inkişaf etdirilərsə, parlamentdə proporsional seçki sistemi tətbiq olunarsa,  gənclərin siyasətdə yer almaq üçün marağı arta bilər. Hazırda siyasətdə olanların əksəriyyəti 90-cı illərdə gənc yaşda siyasətə atılanlardır. Gənclərə stimul verməklə onları siyasi proseslərə qoşmaq olar. Gənclər sosial şəbəkədə çox zaman keçirirlər. Halbuki siyasi təşkilatlarda təmsil olunsalar, gələcəkdə ictimai xadim, siyasi xadim, dövlət xadimi kimi yetişə bilərlər”. 

Hazırladı: Nigar Həsənli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR