İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclərimiz Ermənistan cəmiyyətinin bərabərhüquqlu üzvü olmağa hazır olmalıdır”

Hikmət Babaoğlu: “Tarixi yaddaşın gənclərə ötürülməsi mühüm vəzifələrdəndir”

Bu günlərdə Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Gənclər Şurası arasında görüş keçirilib. İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə ötürülməsində gənclərin rolundan danışıb.

Onun sözlərinə görə, ötən əsrlərdə soydaşlarımızın başlarına gətirilən müsibətlər unudulmamalı, tarixdən çıxarılmalı olan dərs kimi nəsildən nəslə ötürülməli, bununla yanaşı ata-baba yurdlarımıza sülh yolu ilə qayıdış prosesində də gənclər öz töhfələrini verməlidir.

Ağsaqqallar Şurasının üzvü, Amasiya icmasının sədri Abel Məhərrəmov gənclərin ölkə həyatında oynadığı önəmli rolu, torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaət və qəhrəmanlıqları örnək kimi qiymətləndirib.

İcmanın İdarə Heyətinin üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə isə Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliğindən, bunun əhəmiyyətindən söz açıb. İcmanın Gənclər Şurasının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, öz növbəsində, indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində, eləcə də Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qayıdış ideyalarının gələcək hədəflərimiz kimi öyrənilməsində gənclərin rolundan danışıb.

Sonra icmanın digər üzvləri, ölkəmizin ictimai-siyasi və mədəni mühitində tanınmış ziyalılar gənclərin suallarını cavablandırıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Əziz Ələkbərli

İcma sədri Əziz Ələkbərli jurnalistlərə açıqlaması zamanı deyib ki, bu yaxınlarda Qərbi Azərbaycan İcması ilə orta məktəblərə dərslik hazırlayan bir qrup müəllim heyəti ilə görüş keçiriləcək. Məqsəd Qərbi Azərbaycan həqiqətlərinin orta məktəb dərslikləri səviyyəsində təbliğidir: “Yəni biz düşünürük ki, bu ideyanın inkişafı bilavasitə auditoriya və sinif otaqlarından keçir. Qərbi Azərbaycan həqiqətlərini özündə əks etdirən materiallar dərsliklərə daxil edilməlidir”.

O, həmçinin deyib ki, Qərbi Azərbaycana qayıdış ideyasının inkişafı gənclərin bu ideyanı mənimsəməsindən və bu ideya istiqamətində səfərbər olmasından asılıdır. İcma sədri bu kimi görüşlərin davamlı keçirilməsinin vacibliyinə diqqət çəkib. “Biz çalışacağıq ki, gələcək nəsillər üçün bu problem qalmasın, yəni oraya - Qərbi Azərbaycana qayıdışımız gerçəkləşsin”, - deyə Ə.Ələkbərli vurğulayıb (Report).

Fayl:Hikmət Babaoğlu.jpg — Vikipediya

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a gənclərin “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasına cəlbini şərh etdi. Deputat qeyd etdi ki, qayıdış konsepsiyasının bir neçə mühüm prioriteti var: “Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan xalqının milli vəzifələrindən biri kimi müəyyənləşdirilib. Bizim tarixi torpaqlarımız olmaqla bərabər, Ermənistan Respublikası həm də 300 mindən çox soydaşımızın 1897-dən 1991-ə qədər vətəndaşı olduğu ölkədir. Aradan xeyli zaman keçməsinə baxmayaraq, Azərbaycan xalqının tarixi yaddaşı diridir. Bu tarixi yaddaşın gənclərə ötürülməsi mühüm vəzifələrdən biridir. Nəticə etibarilə tarixi təfəkkürü bütöv olmayan xalqın tarixi, coğrafiyası da bütöv olmur.

Ona görə bu gün “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasının ən mühüm prioritetlərindən biri doğma torpaqlarımızın tarixi, coğrafiyası, ictimai, mədəni həyatı, əcdadlarımızın yaratdığı maddi-mədəni mirasla bağlı gənclərimizin maarifləndirilməsi, o cümlədən gənclərlə onların əcdadlarının yurd yerləri arasında bağ yaratmaq məsələsidir. Yəni biz Qərbi Azərbaycanla bağlı yaddaşımızı təkcə tarixi yaddaş kimi yox, həm də canlı emosional yaddaş kimi nəzərdən keçirməliyik. Bu mənada Qərbi Azərbaycan İcmasında Gənclər Şurası fəaliyyət göstərir. Həyata keçirilən bütün digər tədbirlərlə bərabər, gənclərlə ayrıca xüsusi tədbirlər keçirilir. Onların bir qismi maarifləndirmə, bir qismi hüquqi, bir qismi isə siyasi diplomatiyanın zəruri etdiyi diplomatik xarakterli olur.

Bütün hallarda Qərbi Azərbaycana qayıdış həm də hüquq hadisəsidir. Şübhəsiz ki, biz Qərbi Azərbaycana qayıtdıqdan sonra gənclərimiz Ermənistan cəmiyyətinin bərabərhüquqlu üzvü olmağa hazır olmalıdır. Bunun üçün həm beynəlxalq hüququ, həm milli hüququ, həm də bu hüquqdan istifadə etmək qaydalarını mənimsəməlidirlər. O cümlədən birgəyaşayışın müxtəlif formalarını axtarıb tapmalıdırlar. Qərbi Azərbaycana Qayıdış" konsepsiyasında ən yaxşı birgəyaşayış forması Ermənistan Konstitusiyasının hər kəs üçün əsaslandırılması, hüquq sisteminin isə bərabərliyi təmin etməsi, eyni zamanda Ermənistan dövlətinin və cəmiyyətinin inklüziv olması ilə mümkün ola bilər. Gənclərimizin bu istiqamətdə hazırlanması mühüm prioritetlərdən biridir. Bunun üçün ardıcıl tədbirlər həyata keçirilir".

Xatırladaq ki, fevralın 19-da Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında qərbi azərbaycanlıların problemi qaldırılıb. Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev çıxışında bildirib ki, 1980-ci illərin sonlarından etibarən 1990-cı ilin əvvəllərinə qədər etnik təmizləməyə məruz qalaraq Ermənistandakı öz tarixi torpaqlarından zorla çıxarılan təxminən 300 000 azərbaycanlı hələ də didərgin düşmüş vəziyyətdədir: “Qərbi Azərbaycan İcmasının təhlükəsiz və ləyaqətli qayıdış üçün dialoq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti onların bu fundamental hüququnu inkar edir. Qeyd etmək istərdim ki, bu hüquq beynəlxalq insan hüquqları sənədlərində təsbit olunub və regionda sülh, sabitlik və ədalət naminə təmin edilməlidir. Biz Asiya regionunda beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ədalətli və davamlı həll yolunun tapılmasına dəstəyimizi davam etdirəcəyik”.

 Hazırladı: Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR