İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecikmiş intiqam - İranın İsraili vuracağı tarix dəqiqləşdimi...

Sabiq nazir: “Bu gün Tehranın bundan artığına gücü yetmir”

İyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyənin qətlindən bir ay ötür. İranın yeni prezidenti Məsud Pezeşkianın andiçməsindən bir gün sonraya təsadüf edən hadisə ilə bağlı İran rəhbərliyi, SEPAH İsraili ən ciddi şəkildə hədələsə də, hələ ki, cənub qonşumuz ötən bir ayda əməldə hərbi xarakterli heç bir addım atmayıb.

Bəlkə bu, ABŞ başda olmaqla aparıcı Qərb dövlətlərinin İranı xəbərdar etməsi ilə bağlıdır? Tehran hökumətinin ümumiyyətlə, qisas aktlından imtina etdiyini söyləmək mümkünmü?        

Maraqlıdır ki, bu arada Livanın MTV telekanalı xəbər verib ki, Pentaqon rəsmiləri bir sıra ərəb ölkələrinə, o cümlədən Livana İranın iki-üç gün ərzində Təl-Əvivə zərbə endirəcəyi ilə bağlı xəbərdarlıq edib. Telekanalın məlumatına görə, İranın İsrailə hücumu sentyabrın 1-də baş verə bilər.

Bu son tarixmi? İranın İsrailə gecikmiş hücumunun bölgəyə hansı təsirləri ola bilər?

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, İran İsrailə hücum etməyəcək. İran HƏMAS lideri İsmayıl Haniyənin qətlindən bir neçə ay öncə İsrailə hücum etdi və bu hücum zamanı istifadə olunan raketlərin və pilotsuz uçuş aparatlarının demək olar ki, hamısı havada vuruldu. Yalnız bir raket İsrail ərazisində hərbi hissəyə gedən yola düşə bildi. Üst-üstə bir neçə yüz raket və pilotsuz uçuş aparatlarının köməyi ilə edilən bu hücum bütün dünyaya İran hərb maşınının hansı səviyyədə olduğunu göstərdi. İsrailin bu hücuma cavabı isə çox sərt oldu.

İran müdafiə sistemi üçün digər bir biabırçılıq isə Tehranda HƏMAS liderinin öldürülməsi oldu: “Ölkəsinə gəlmiş ali qonağın təhlükəsizliyini təmin edə bilməmək qədər bacarıqsızlıq bəlkə də indiyə qədər rast gəlinməmiş bir hadisədir. Bu hadisə eyni zamanda İran liderlərinə ciddi xəbərdarlıq idi. İsrail bununla İran rəhbərliyinə bildirdi ki, əgər qırmızı xətti keçsəniz, hər biriniz evinizin içində HƏMAS liderinin aqibətini yaşaya bilərsiniz.

Bütün bunlardan sonra İran hansı üzlə İsrailə hücum edəcək. İran sadəcə olaraq hədə-qorxu gəlməklə məşğuldur. Bu gün İranın bundan artığına gücü yetmir. Ona görə İranın nə vaxtsa İsrailə hücum edəcəyi ilə bağlı vedilən bəyanatların arxasında ciddi heç nə dayanmır".

Sabiq nazir xatırlatdı ki, HƏMAS liderinin öldürülməsindən sonra İranın İsraildən qisas alacağına dair rəsmi bəyanatlar səslənən kimi ABŞ dərhal öz hərbi gəmilərini İsrailə dəstək üçün göndərdi. Yəni Birləşmiş Ştatalar daim İsrailin yanındadır. İran, xüsusən də SEPAH bunu yaxşı bilir. O səbəbdən qırmızı xətti keçmək haqqında belə düşünmür.

F.Yusifov hesab edir ki, İranın İsrailə hərbi hücum etməsi ehtimalı olmadığı üçün İranın İsrailə hücumunun bölgəyə hansı təsirləri ola biləcəyi sualına cavab verməyə ehtiyac qalmır. Belə bir hücum olmayacaq və olmayacğı üçün də bölgəyə təsiri barədə də danışmağa lüzum qalmır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR