İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə satışa çıxan "əlimyandı" maşınlar - "Başağrısı" istəmirsinizsə...

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda "cekpot", "əlimyandı", "şansı qaçırma" kimi çağırışlarla təqdim olunan avtomobillər alıcılara cazibədar görünür. Lakin bu cür maşınların arxasında gizlənən risklər çox vaxt alıcıların gözündən qaçır.

Əsasən bazar dəyərindən xeyli ucuz qiymətə satılan bu avtomobillər əksər hallarda texniki cəhətdən nasaz, sənədlərində problem olan, ya da hansısa səbəbdən əldən çıxarılmağa çalışılan nəqliyyat vasitələridir. Bəzi hallarda isə avtomobilin mühərrik nömrəsi silinmiş, şassi kodu dəyişdirilmiş vəziyyətdə olur. Bu cür nasazlıqlar ilk baxışda görünməsə də, bir neçə gün və ya hətta saat sonra ciddi problemlərə səbəb olur.

Avtomobil almaq səbr və diqqət tələb edən prosesdir. Tələskənliklə, gecə saatlarında, telefon işığında baxılıb alınan avtomobillər çox zaman sabahı gün alıcıya başağrısı olur. Ekspertlər bildirir ki, "tez al, uduzma" prinsipi ilə hərəkət edən alıcılar əslində çox şey itirə bilər. Çünki avtomobil alışı ancaq qiymətə görə deyil, texniki vəziyyətə əsaslanmalıdır.

Əgər avtomobil real bazar qiymətindən çox ucuzdursa, bu, ilk növbədə şübhə doğurmalıdır. Ucuz qiymət alıcıya sevinc yox, problemlər, təmir xərcləri və hüquqi məsuliyyət gətirə bilər. Odur ki, avtomobil alarkən təkcə qiymətə deyil, arxa planda gizlənən risklərə də diqqət yetirmək vacibdir. Gecə alınan "cekpot" sabah həyatınızı alt-üst edə bilər.

Bəzi satıcılar avtomobili satmazdan əvvəl onu kosmetik olaraq cilalayır, yağını dəyişir, kiçik texniki nasazlıqları gizlədir və avtomobili bir neçə günlük "sağlam" kimi təqdim edirlər. Alıcı isə avtomobili bir neçə metr sürdükdən sonra hər şeyin qaydasında olduğunu zənn edir. Ancaq bir neçə gündən sonra mühərrikdə, sürətlər qutusunda və ya elektron sistemlərdə yaranan nasazlıqlar artıq alıcının boynuna düşür. Üstəlik, satıcı ilə əlaqə saxlamaq da çətinləşir, çünki bu cür satışların əksəriyyəti qeyri-rəsmi olur.

Unutmaq olmaz ki, ucuz avtomobil satmaq istəyən şəxs, adətən, ondan tez qurtulmağa çalışır. Əgər bir maşın real dəyərindən aşağı qiymətə təqdim olunursa, bunun ya texniki, ya da hüquqi problemi var. Tələskənliklə verilən qərarlar sonradan həm maliyyə, həm də hüquqi baxımdan böyük itkilərlə nəticələnə bilər. Avtomobil almaq bir gündə verilən qərar deyil - yoxlamaq, müqayisə etmək və düşünmək şərtdir. Çünki avtomobil almaq yox, problem almaq istəmirsinizsə, diqqətli olmaqdan başqa yolunuz yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR