İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransaya ixracımız 2 dəfə azaldı, “Christian Dior” da getdi - şərh

Natiq Cəfərli: “Ticarət əlaqələrindəki gərginliyin səbəbkarı Azərbaycan deyil, Fransadır” 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 89 min 712 min ton xam neft və bitumlu süxurlardan əldə edilmiş 57 milyon 85 min ABŞ dolları dəyərində neft məhsulları ixrac edib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 61 milyon 554 min dollar (51,9 faiz), həcmcə isə 109 min 294 ton (54,9 faiz) azdır. Yəni faktiki yarıdan da çox azalmadan söhbət gedir. 

Maraqlıdır ki, bu arada məşhur geyim brendi “Christian Dior Couture” (Fransa) Azərbaycandakı şirkətini ləğv edib. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, “Christian Dior Couture Azerbaijan” MMC ləğv olunduğunu elan edib. 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda dövlət qeydiyyatından keçmiş şirkətin qanuni nümayəndəsi "Vincent Simon Pierre Bernard"dır. Şirkətin nizamnamə kapitalı 4 milyon 350 min avrodur. 

Bakı-Paris münasibətlərinin Makron hökuməti dövründə aşağı səviyyəyə düşdüyü məlumdur. Bəs ixrac məhsullarının azalmasında və “Christian Dior Couture Azerbaijan”ın ləğvində siyasi motivlər varmı? Ümumiyyətlə, iki ölkə arasında iqtisadi-ticari əlaqələr nə yerdədir, gözlənti nədir?

Məlumat üçün bildirək ki, Azərbaycanla Fransa arasındakı iqtisadi əlaqələr strateji xarakter daşıyır və geniş sahələri əhatə edir. Bu əlaqələr 1990-cı illərdən başlayaraq formalaşıb və enerji, nəqliyyat, kosmik sənaye, aviasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla zəngindir. İki ölkə arasında iqtisadi əməkdaşlığın əsasını qarşılıqlı faydalı ticarət və strateji investisiyalar təşkil edir.

Əsas sahələr üzrə əməkdaşlıqdan söhbət gedirsə, burada enerji sektoru qeyd edilməlidir. Fransa şirkətləri, xüsusilə “TotalEnergies” Azərbaycanın enerji sektorunda aktiv iştirak edir. Total Azərbaycanın qaz hasilatı və ixrac layihələrində mühüm tərəfdaşdır. Xüsusilə Abşeron qaz yatağının işlənməsi sahəsində "Total"la SOCAR arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyinin güclənməsinə töhfə verir.

Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

Aviasiya və Kosmik Sənaye - Fransa və Azərbaycan arasında aviasiya sahəsində əməkdaşlıq “Airbus” şirkəti vasitəsilə inkişaf etdirilir. Azərbaycan hava yolları ilə "Airbus" arasında bağlanmış müqavilələr çərçivəsində yeni təyyarələrin alınması həyata keçirilir. Eyni zamanda kosmik sənayedə “Arianespace” şirkəti Azərbaycanın peyk layihələrində iştirak edir və “Azərkosmos”la əməkdaşlıq edir.

Ticarət - Fransa Azərbaycanın Avropa İttifaqı daxilində mühüm ticarət tərəfdaşlarından biridir. Azərbaycan Fransaya neft və neft məhsulları ixrac edir, Fransa isə Azərbaycana sənaye avadanlıqları, maşınlar, kənd təsərrüfatı texnikası və istehlak malları ixrac edir.

Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq mövcuddur. Fransa texnologiyaları Azərbaycanın aqrar sektoru üçün modernizasiya imkanları yaradır.

Son dövrlərdə Fransa hökumətinin siyasi mövqeyinə görə iqtisadi əlaqələrdə müəyyən problemlər müşahidə olunur. Bununla belə, enerji və aviasiya sahəsindəki strateji layihələr davam edir və bu, əlaqələrin tamamilə pozulmasının qarşısını alır.

Ekspertlərə görə, Fransada siyasi vəziyyətin stabilləşməsi və hökumətlərin mövqelərinin dəyişməsi ilə Azərbaycan-Fransa iqtisadi əlaqələrinin daha da genişlənməsi mümkündür. Tarixən mövcud olan dərin iqtisadi bağlar bu əməkdaşlığın bərpası və inkişafı üçün əlverişli şərait yaradır.

Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlıq hər iki ölkənin iqtisadi maraqlarını təmin edən mühüm bir platforma olaraq qalmaqdadır.

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşərkən deyib ki, Azərbaycanla Fransa arasında ticarət dövriyyəsindəki azalmalar əsasən Fransanın son vaxtlar Azərbaycanla bağlı tutduğu mövqedən qaynaqlanır: “Bununla belə, bu azalmalar iqtisadi əlaqələrin dərinliyinə ciddi təsir göstərməyib, çünki Azərbaycanın əsas ticarət tərəfdaşları arasında Fransa mühüm yer tutur. Xüsusilə "Total" və “Airbus” şirkətləri ilə əməkdaşlıq davam edir.

“Total” şirkəti Azərbaycanın qaz istehsalı, hasilatı və ötürülməsi sahəsində əsas tərəfdaşlardan biridir və bu əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Airbus” ilə isə təxminən 1,5 milyard dollarlıq müqavilələr imzalanıb və yeni təyyarələrin alınması nəzərdə tutulur.

Ticarət əlaqələrindəki gərginliyin səbəbkarı Azərbaycan deyil. Əsas problem Fransanın mövqeyindən qaynaqlanır. Hazırda Fransada siyasi böhran dərinləşməkdədir və hətta hökumətin istefası müzakirə mövzusu ola bilər. Makron hökumətinin mövcud siyasəti dəyişmədikcə, Azərbaycan-Fransa münasibətlərində irəliləyiş əldə etmək çətin görünür.

Buna baxmayaraq, Fransa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr tarixi və dərin köklərə malikdir. Bu əməkdaşlıq 1990-cı illərdən başlayaraq formalaşıb və uğurlu dövrləri əhatə edib. İnanıram ki, Fransada siyasi elitanın dəyişməsi, hansı ki, bu proses qaçılmazdır, Azərbaycanla Fransa arasındakı əlaqələrin yeni bir mərhələyə keçməsinə səbəb olacaq. Bu dəyişikliklər əlaqələrin həm siyasi, həm də iqtisadi sahələrdə yenidən inkişafına şərait yaradacaq". 

Qeyd edək ki, Fransa iqtisadiyyatı 2023-cü ildə zəif artımla xarakterizə olunub, ümumi daxili məhsul (ÜDM) 0,9% yüksəlib. Bu, 2022-ci ildə qeydə alınmış 2,5%-lik artımla müqayisədə əhəmiyyətli yavaşlama deməkdir. İlin dördüncü rübündə ÜDM sabit qalıb və istehsalatda cüzi canlanma müşahidə edilib. Ümumilikdə iqtisadiyyat enerji qiymətlərinin artması, faiz dərəcələrinin yüksəlməsi və geosiyasi gərginliklər kimi faktorların mənfi təsirlərinə məruz qalıb. Bununla yanaşı, dövlət xərcləmələri və tədarük zəncirindəki bəzi rahatlamalar müsbət təsir göstərib.

2024-cü il üçün artımın daha da azalaraq 0,8% olacağı proqnozlaşdırılır. OECD Fransa üçün inflyasiya gözləntilərini 3,1%-dən 2,9%-ə endirib, bu isə qiymət sabitliyində müəyyən yaxşılaşma olacağını göstərir. Azərbaycandan başqa, Fransa ilə iqtisadi əlaqələrdə çətinliklər yaşayan digər ölkələr də olub, lakin tam iqtisadi əlaqələrin dayandırılması nadir hallarda baş verib. 

Fransa, keçmiş koloniyalarından olan bəzi Afrika ölkələri ilə münasibətlərdə ciddi gərginliklər yaşayıb. Mali, Burkina Faso və Niger kimi ölkələrdə Fransa əleyhinə nümayişlər baş tutub və Fransa hərbi qüvvələrinin çıxarılması tələb olunub. Bu, iqtisadi əlaqələrə də təsir edib. Xüsusilə Fransa bir sıra infrastruktur və iqtisadi layihələrdə iştirakını dayandırıb və ya məhdudlaşdırıb.

Ermənistan və Azərbaycan arasında balanssız siyasət xüsusi qeyd edilməlidir. Fransanın Ermənistanla yaxın siyasi münasibətləri Azərbaycanda tənqidə məruz qalıb. Bu, regionda Fransanın mövqelərini zəiflədib və iqtisadi əməkdaşlıq imkanlarını məhdudlaşdırıb.

Eləcə də Ukrayna müharibəsi səbəbilə Avropa İttifaqının qəbul etdiyi sanksiyalar çərçivəsində Fransa Rusiya ilə bir sıra iqtisadi əlaqələri dayandırıb. Xüsusilə enerji sektoru və texnologiya tədarükündə məhdudiyyətlər tətbiq olunub. Bu addımlar iqtisadi təsirlərə səbəb olub, lakin əlaqələr tamamilə kəsilməyib.

Bütün bu faktlar bir daha onu deməyə əsas verir ki, Fransa ilə iqtisadi əlaqələrdə gərginliklər daha çox siyasi səbəblərdən qaynaqlanır və bəzi hallarda əməkdaşlıqlar məhdudlaşdırılsa da, tamamilə dayandırılmayıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR