Onlayn ictimai-siyasi qəzet
Mümkündür ki, diplomatik müstəvidə adekvat cavab qərarı artıq masadadır
Fransa Azərbaycandakı səfiri Ann Buayon, məsləhətləşmələr üçün geri çağırması barədə təfərrüat açıqlamasa da, Parisin bu qərarının arxasında Azərbaycana qarşı qərəzli siyasi xəttin dayandığı şübhə doğurmur.
Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan bəri Fransa Azərbaycana qarşı siyasət yürüdür. Paris birtərəfli şəkildə Azərbaycanla münasibətləri pozmağa davam edəcəksə, onda Bakının da güzgü effektli qərarlar qəbul etmək zərurəti yaranacaq.
Diplomatik müstəvidə adekvat cavab tədbiri mümkündür ki, Bakının masası üzərindədir. Bu, Azərbaycanın Fransadakı səfirinin geri çağırılmasını əhatə edə biləcək qərar ola bilər.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev rəsmi Parisin bu addımını yanlış sayır: “Bu addım heç şübhəsiz ki, Fransanın növbəti yanlışlarından biridir. Amma mövzu üzərində qaranlıq qalan bir məqam da var: Niyə məhz indi? Səbəb? Aydın məsələdir ki, xüsusən də Azərbaycanın müharibədəki qələbəsindən sonra Fransanın bizə münasibəti qeyri-adekvat olub, bu ölkə daim erməni əlinə oynayıb, ədalətsizliyin carçısına çevrilib. Amma səfir geri çağırmaq adi, sıradan bir icraat deyil. Bunun çox acı nəticələri ola bilər. Təbii ki, Fransa üçün. O anlamda ki, Makron bu gün hakimiyyət başındadır, yaxşı bəs sabah hakimiyyətdən gedəndən sonra necə olacaq? Və ya Fransa dövləti fikir dəyişəsi olsa, Azərbaycana yeni səfirini hansı üzlə göndərəcək? Nə deyib göndərəcək? Yəni bütün bunları oturub düşünmək, hesablamaq lazım idi. Görünən isə odur ki, Makron belə incəlikləri, nüansları öz nəzərindən ciddi şəkildə qaçırıb, mövzuya yalnız hiss kontekstindən yanaşıb və erməni bağlılığına, təəssübkeşliyinə necə aludə olubsa, dövlət maraqlarını tamamən yadından çıxarıb.
Ona görə də artıq Azərbaycan tərəfi hansı addımları atsa haqlı durumda olacaq. Çünki hər şeyi Fransa başlayıb, münasibətlərdəki böhranı onlar yaradıb, vəziyyəti bu hala Makronun yürütdüyü yanlış xarici siyasət və seçdiyi uğursuz strategiya gətirib".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, bu addım Fransanın bundan sonra da ölkəmizə qarşı münasibətinin necə olacağının göstəricisidir: “Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr adı ilə geri çağırılmasının səbəbi Parisin Bakıya qarşı bundan sonra sərgiləyəcəyi münasibətlərin yeni konturlarını müəyyənləşdirməkdir. Çox güman ki, Ann Buayon Bakıya yeni “yol xəritəsi" ilə qayıdacaq. Şübhəsiz ki, Fransanın Azərbaycana qarşı son aylardakı münasibətinin arxasında erməni lobbisinin maraqları və maliyyəsi dayanır. Fikrimcə, Fransa Azərbaycana qarşı bundan sonra daha sərt addımlar atmağa çalışacaq. Çünki Makron hakimiyyətinin əsas maliyyə donoru məhz Marseldəki erməni lobbisidir. Prezident Makronun bütün seçki marafonunu erməni iş adamları maliyyələşdirib. Hazırkı prezident isə ermənilərə borcunu məhz Azərbaycana təzyiqlər vasitəsilə qaytarır. Üstəlik, Fransa Azərbaycanın Rusiya ilə yaxınlaşmasını istəmir. Rusiyaya qarşı Gürcüstan və Ermənistan üzərindən basqılar həyata keçirən Qərb bu dəfə regionda müstəqil siyasət yürüdən yeganə ölkəyə - Azərbaycana qarşı barmaq silkələməyə çalışır. Amma Azərbaycan Ermənistan və Gürcüstan deyil, bizim balanslı siyasi kursumuz var. Bizimlə bərabər tərəfli qaydada əməkdaşlıq etmək istəyənlərə qapımız açıqdır. Fransa yaxşı anlayır ki, Gürcüstan və Ermənistanda at oynatmaqla Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. Çünki regionun açar və kilid ölkəsi məhz Azərbaycandır. Bundan başqa, Fransa Böyük Britaniyanı bölgədən sıxışdırıb çıxarmaq istəyir ki, Bakı neftinə təkbaşına yön verə bilsin. Parisin uzun illərdir belə bir planı var. Fikrimcə, bunun əksi baş verə bilər və “Total” şirkətinin Azərbaycandakı fəaliyyəti dondurula bilər. Fransa Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə edir, tərəzinin eyni gözünə qoyur. Ona görə də Bakıya təzyiqləri artırmağa çalışırlar. Amma onların məkrli planları baş tutmayacaq".
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı isə Azərbaycan tərəfin də analoji addım ata biləcəyini vurğuladı: “Fransa prezidenti Emmanuel Makron Azərbaycana qarşı qərəzli addımlar atdı və cavabını da aldı. Deyərdim ki, Azərbaycandan bu əks reaksiyanı gözləmirdi. Eyni zamanda Avropa dövlətlərinin onu burada müdafiə edəcəyini gözləyirdi, amma bu da olmadı. Özünü ermənipərəst, ermənilərə yaxın göstərmək istəyirdi. Bununla müəyyən dividentlər əldə etməyə çalışırdı. Niyyət isə aydın idi. Regiona girmək istəyirdi. Amma bu yanlış siyasət səbəbindən nəinki regiona girmək, region dövlətləri ilə münasibətlərini yaxşılaşdırmaq imkanlarını da itirdi. Azərbaycan Fransaya əks zərbələr vurdu. Ölkə daxilindəki Fransa liseyi bağlandı, Fransa şirkətlərinə müəyyən məhdudiyyətlər qoyuldu. Eyni zamanda Azərbaycan xaricdə Fransanın neomüstəmləkə siyasətinə qarşı konkret addımlar həyata keçirdi, konfranslar təşkil etdi. Müəyyən nəticələr də əldə olundu. Yeni Kaledoniyada proseslər başlayıb, Azərbaycanla əlaqələr saxlanılır. Digər yerlərdə də Fransaya qarşı hərəkatlar başlayır və Azərbaycana rəğbət göstərilir. Azərbaycan da bu hərəkatlara dəstək verir. Səfiri geri çağırmaqla növbəti yanlış addımlarını atdı. Ola bilər ki, müəyyən proseslər gedir və bununla müəyyən nəticələrə nail olmaq istəyir. Amma nəticə qazana bilmir. O, Azərbaycanı təcrid etmək istəyirdi, amma Azərbaycan onu təcrid etdi. Azərbaycanın bu gün Rusiya ilə normal münasibətləri var. Eyni zamanda Almaniya ilə yaxın münasibətlərə malikik. Bilirsiniz ki, yaxınlarda ölkə rəhbərinin Almaniyaya səfəri olacaq. Amerika ilə normal münasibətlərimiz var. Yəni regionda ölkəmizin mövqeyi qəbul olunur. Fransa tam şəkildə bu proseslərdən təcrid olunub. Azərbaycan daxilində Parisin bu siyasətinə qarşı ciddi etiraz var. Böyük ehtimalla Azərbaycan səfirini geri çağırmaq addımını atacaq. Fransa dayanmasa, həyata keçirdiyimiz addımlardan nəticə çıxarmasa, növbəti addım kimi səfirin geri çağırılması ola bilər. Azərbaycanın keçmiş xarici işlər nazirinin dediyi kimi, səfiri geri çağırmaq ola bilər, amma ciddi əsas gətirilməlidir. Nə üçün geri çağırdınız, nə üçün də indi Azərbaycana qaytarırsız? Baxın, bu suallara cavab verməli olacaqlar. O sualın qarşısında Makron bir daha özünü pis vəziyyətdə qoymuş olacaq. Azərbaycan yəqin ki, o istiqamətdə düşünür. Ola bilər ki, bu addımı atmasın. Atarsa da, bu öz effektini mütləq verəcək”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ