İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa prezidentinə və səfirinə ermənicə ittihamlar

Səfirin Paşinyanı təmizə çıxarmaq cəhdi erməni siyasətçiləri qəzəbləndirib

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyin  Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialarla və ermənipərəst mövqeyi ilə tanınır. Məsələn, özünün sosial şəbəkə səhifəsində hazırkı İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin  (ostanının) xəritəsini dərc edib, xəritənin altından “yeganə və təkrarolunmaz” sözlərini yazmışdı. 

Bununla da səfir öz ağlına, səviyyəsinə və “tarixi biliklərinə” uyğun olaraq guya ona işarə etmişdi ki, Qərbi Azərbaycan yalnız İran ərazisində yerləşən eyniadlı vilayətdir. Yəni guya indiki Ermənistan ərazisi Qərbi Azərbaycan deyil və səfir öz ağlına uyğun şəkildə bu yolla Azərbaycanın tarixi Qərbi Azərbaycan ərazilərinə dair tezislərinə cavab verməyə çalışmışdı. Səfir son olaraq  Ermənistanın “İctimai radiosuna” müsahibəsində də Azərbaycan əleyhinə fikirlər səsləndirib. Azərbaycan XİN səfirə gərəkən cavabı verib.   

Amma onun həmin müsahibədə Qarabağla bağlı dedikləri Ermənistanda ciddi narazılıq doğurub. O, Ermənistanın hələ 1991-ci ildə Almatı Bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib. Həmişə ermənilərin ağzı ilə danışan səfirin bu cür açıqlamasına “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan  etiraz edib. Tevanyan səfirin 30 il əvvəlki siyasi proseslərdən xəbərsiz olduğunu söyləyib: “Səfirin ya Almatıdan əvvəlki və sonrakı proseslərdən xəbəri yoxdur, ya da özünü elə göstərir. Əgər Qarabağ o bəyannamə ilə 1991-ci ildə Azərbaycanın tərkib hissəsi kimi tanınıbsa, o zaman 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri 30 il nə ilə bağlı danışıqlar aparırdılar? Həqiqət budur ki, baş nazir Nikol Paşinyan Qarabağı 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin vasitəçiliyi ilə ABŞ-ın o zamankı rəhbəri Co Baydenin himayəsində Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanıdı. Xarici qüvvələr, sadəcə, Rusiya sülhməramlılarının nə yolla olursa-olsun Qarabağdan çıxmasına çalışırdılar. Ermənilərin başına nələr gələcəyi isə heç kimə maraqlı deyildi. Makron ermənilərin yaşadıqlarına görə şəxsən günahkar olduğunu bilir və özünü təmizə çıxarmaq üçün ölkəmizdəki səfirinə belə sözlər deməsini tapşırıb. Fransa prezidenti və digərləri etdiklərinə görə cavab verməlidirlər”.

Erməni siyasi şərhçi Badalyanın fikrincə isə Fransa səfirinin bu mövqeyi Makronun Praqa razılaşmaları üzrə vasitəçilik məsuliyyətini öz üzərindən atmaq istəyi ilə də bağlı ola bilər.

Məlumdur ki, 1991-ci ilin 21 dekabrında MDB məhz Almatı Bəyannaməsi əsasında formalaşıb. O dövrdə Azərbaycan Prezidenti olan mərhum Ayaz Mütəllibov sənədi imzalayıb. Almatı Bəyannaməsində həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Həmin sənədin 3-cü bəndində qeyd olunur ki, MDB üzvü olan dövlətlər qarşılıqlı şəkildə dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını tanıyır. Yəni bu sənədi imzalayan Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və sərhəd toxunulmazlığı ilə bağlı bəyannaməni imzalayıblar. Ondan sonrakı proseslər fərqli axarda getsə də, məntiq etibarilə fransalı səfir heç olmasa ilk dəfə tarixi fakt haqda danışıb.  Heç şübhə yoxdur ki, səfirin açıqlaması və Makronun ittihamı təkcə 1991-ci ildə sözügedən sənədi imzalanmış Ter-Petrosyanı müdafiə etmək və  “suçu” Paşinyanın  üzərinə qoymaq niyyəti deyil, həm də bu bir partiyanın mövqeyi deyil. Ermənilər istənilən yaxşılığı elə Fransanın “bacısı”na  dəstəyi kimi tez unudurlar. Ona görə mümkündür ki, bu soyuqluq  Paris-İrəvan münasibətlərinə də sirayət etsin.

WhatsApp Image 2025-02-10 at 14.00.08.jpeg (34 KB)

Siyasi şərhçi, Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bu barədə “Yeni Müsavat”a bildirdi ki, Fransanın Ermənistandakı səfiri 1991-ci ildə Almatı Bəyannaməsində Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını indi təsadüfən dilə gətirməyib. Bununla səfir Qarabağın itirilməsi ilə bağlı Ermənistan ictimaiyyətində olan qəzəbi və məyusluğu keçmiş rusiyapərəst hakimiyyətlərin üzərinə qoyur. Bununla da o, indiyədək hakimiyyətdə olan üç iqtidarın xalqa yalan danışdığını, onunla səmimi olmadığını göstərmiş oldu: “Beləliklə, səfir Paşinyanı qoruyur, nəinki həqiqətləri Ermənistan xalqına çatdırır. Son vaxtlar Rusiyanın həm Ukrayna cəbhəsində revanşı, həm də siyasi müstəvidə açıq həmlələri Ermənistan ictimaiyyətinə təsirsiz ötüşmür. Onların nəzərincə, belə vaxtda ermənilərin mənəvi-psixoloji yardıma ehtiyacı var. Ona görə də Fransa onların mənəvi olaraq müdafiəsinə qalxıb. Fransa Ermənistanı bu arada siyasi səhnədə güclənən Rusiyaya "yedirtmək" istəmir. Həm də Makron iqtidarı Paşinyan hakimiyyətinə hərbi köməkdən başqa siyasi dəstəyini də əsirgəmir. Ermənistan ictimaiyyətində belə bir fikir formalaşıb ki, Fransa 44 günlük müharibədə Ermənistanı “satdı”.  İndi səfir bu açıqlaması ilə bildirməyə çalışır ki, Ermənistanın mövqelərini o vaxtkı rəhbərlik satıb. Burada Fransa və Ermənistan arasında hər hansı soyuqluq görsənmir, əksinə, Paşinyan iqtidarına siyasi, mənəvi dəstək verilir".

Ekspertin fikrincə, belə görünür ki, Fransa yeni dönəmdə Ermənistanı hərtərəfli himayəyə almaq üçün arada olan anlaşılmazlıqları kecmişın üzərinə atmağa çalışır. Bu isə o deməkdir ki, o, Paşinyan iqtidarını bundan sonra daha çox müdafiə etməklə Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir. Səfirin bu açıqlamasını bəzi siyasilər Azərbaycana qarşı jest kimi dəyərləndirir. Ancaq burada ölkəmizə doğru atılmış addım yoxdur.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR