İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Ermənistana gizli nüvə tullantısı daşıyır, Paşinyanın ailəsi korrupsiyanın mərkəzində - FAKTLAR  

2025-ci ilin iyun ayında “Courrier France 24” xəbər portalı Fransanın dövlət nüvə şirkəti "Orano" tərəfindən Ermənistana zəifləşdirilmiş uran tullantılarının gizli şəkildə daşındığını ifşa edib. Bu tullantılar ekoloji baxımdan son dərəcə həssas bir ərazi olan Dilican Milli Parkında — nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş canlıların yaşadığı biosfer qoruğunda saxlanılır. Fakt ictimaiyyət və ekoloqlar arasında ciddi narahatlıq doğurub. Amma məsələ təkcə ekoloji fəlakət təhlükəsi ilə bitmir – araşdırmada Ermənistan hakimiyyətində korrupsiya elementlərinin olduğu da üzə çıxır.

"Orano" şirkəti illərlə nüvə yanacağının və radioaktiv tullantıların saxlanması üçün əsasən Rusiyadan istifadə edib. Lakin Ukrayna müharibəsi fonunda Rusiyaya tətbiq olunan sanksiyalar bu marşrutu qeyri-mümkün etdi. Alternativ axtarışında olan "Orano"nun seçimi gözlənilməz şəkildə Ermənistana yönəldi – bu qərar, 2025-ci ilin fevralında Ermənistan baş naziri Nikol Paşinyanın Parisə etdiyi səfərdən cəmi bir neçə həftə sonra verildi. Həmin səfərdə Paşinyan Fransa prezidenti Emmanuel Makron və enerji rəsmiləri ilə görüşlər keçirmişdi. "Orano"nun daxili sənədlərinə əsasən, bu görüşlərdən sonra Ermənistana tullantıların daşınmasına dair qərar qəbul olunub və ilk partiya 2025-ci ilin iyununda Dilican qoruğuna gətirilib.

Bu nüvə tullantılarının daşınmasından əvvəl Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “My Step” fondu 2025-ci ilin aprel və may aylarında ümumilikdə 1.6 milyon avro məbləğində iki şübhəli ianə alıb. Bu vəsait Fransanın heç bir əvvəlki xeyriyyə fəaliyyəti olmayan və kommersiya fəaliyyəti şübhəli görünən bir “şirkətindən” gəlib. Fonddan bu ianələrlə bağlı rəsmi açıqlama verilməyib. Bu hadisə "Orano"nun Ermənistana nüvə tullantıları daşımasına “siyasi razılıq” verilməsi üçün rüşvət formasında şübhəli əlaqələrin qurulduğu qənaətini gücləndirir.

Dilican Milli Parkı — Ermənistanın ən mühüm təbii ehtiyatlarından biri, seysmik cəhətdən aktiv zonada yerləşən və çoxsaylı nadir növlərin yaşadığı biosfer qoruğudur. Burada nüvə tullantılarının saxlanması yeraltı suların çirklənməsi, ekosistemin məhvi, insan və heyvan sağlamlığına uzunmüddətli təhlükə və transsərhəd ekoloji risklər yaradır.

Zəifləşdirilmiş uran — zənginləşdirilmiş uranın istehsal prosesi zamanı yaranan, lakin hələ də radioaktiv və toksik xüsusiyyətini saxlayan bir maddədir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, belə maddələrin saxlanması və ya utilizasiyası “nüvə yanacaq dövriyyəsinin arxa mərhələsi” sayılır və ciddi nəzarət tələb edir.

Ermənistan hələ də radioaktiv tullantılara cavabdeh mərkəzləşdirilmiş milli operator qurumunu formalaşdıra bilməyib. Halbuki Ermənistan da 2001-ci ildən Birləşmiş Konvensiyanın iştirakçısıdır və bu sənəd belə tullantıların təhlükəsiz şəkildə idarə olunmasını tələb edir. Belə şəraitdə "Orano"nun bu qədər təhlükəli materialı Ermənistana göndərməsi və hökumətin buna şərait yaratması beynəlxalq konvensiyaların pozulması və eyni zamanda yoxsul ölkələrin təhlükəli tullantılar üçün “poliqon”a çevrilməsi kimi qlobal bir problemi gün üzünə çıxarır.

Hələlik nə MAQATE, nə də Ermənistan hökuməti və ya “My Step” fondu məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb. Məlumdur ki, bu agentlik əvvəllər İranla bağlı nüvə proqramına qarşı sərt ittihamlarla çıxış edib və onun obyektlərinə qarşı ABŞ tərəfindən hərbi zərbələrə əsas yaradıb. Ermənistan kimi ölkədə baş verən bu açıq-aşkar təhlükəli nüvə tullantısı fəaliyyəti qarşısında isə beynəlxalq təşkilatların susması ciddi suallar doğurur.

Bu qalmaqal yalnız Ermənistan daxilində deyil, region səviyyəsində də ekoloji və siyasi böhran risklərini artırır. Aşağıdakı suallar isə hələ cavabsızdır: Nə üçün "Orano" bu qədər həssas ərazini seçdi? Ermənistan hökumətinin bu sazişdə marağı nədir? MAQATE və digər beynəlxalq qurumlar niyə susur? Azərbaycanın və digər qonşu ölkələrin bu təhlükəli tullantılarla bağlı mövqeyi nədir?

Bu məsələ yalnız ekoloqların deyil, həm də beynəlxalq hüquq müdafiəçilərinin, insan haqları təşkilatlarının və qonşu dövlətlərin diqqətində olmalıdır. Çünki bu, bir ölkənin içində gizli radioaktiv saziş deyil — bütün regionun gələcəyinə təhlükədir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR