Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb.
Baş verən faktla bağlı rəsmi qurumlar bəyanat yayıblar. Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir:
“AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq "arzuolunmaz şəxs" qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq. Jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.
Bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır. Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik", - deyə bəyanatda qeyd olunub.
Mətbuat Şurası da AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb: “Fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı - Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və prinsiplərə qətiyyən məhəl qoymur.
Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur.
Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay - jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması, nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır.
Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi antiinsani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır. Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər".
Bəhruz Quliyev
SƏS Media Qrupunun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev “Yeni Müsavat”a azərbaycanlı jurnalistin deportasiyasını belə şərh etdi: “Özünü demokratiyanın beşiyi adlandıran, bütün tribunalardan azad media haqqında ağızdolusu danışan bu ölkə əməlində başqadır, heç bir norma və prinsipləri qorumur, heç bir ölkədə olmayan ən çirkin üsullardan istifadə etməklə medianın fəaliyyətini məhdudlaşdırır, vətəndaşların sərbəst toplaşmaq hüququnu əllərindən alır. Qondarma "erməni soyqırımı"nın inkarı və buna görə insanların cinayət məsuliyyətinə cəlb edilməsi yalnız Fransada qanun şəklinə salınıb. Halbuki Ermənistanın özündə belə qanun yoxdur. Bu, nədən irəli gəlir? Əlbəttə, bunlar Fransanın milli, dini və irqi ayrı-seçkiliyin başında durduğuna işarədir. İslamofobiya Fransada son onilliklərin dövlət siyasətinə çevrilib. Fərqli dinlərin daşıyıcılarına, Afrika əsillilərə, miqrantlara qarşı antipatiyanın kökündə də müxtəlif fobiyalar dayanır. AZƏRTAC-ın müxbirinə qarşı qeyri-insani hərəkət, jurnalistin öz peşəsini yerinə yetirərkən ona qarşı zorakılıq tətbiq edilməsi də Fransanın iç üzünü bütün dünyaya göstərmiş oldu. Fransa müstəmləkə ölkəsi olmaqda hələ də davam edir. Fransanın müstəmləkələrindən biri Yeni Kaledoniyada zaman-zaman etiraz aksiyaları keçirilir, bu ada ölkəsi Parisin caynağından qurtulmaq üçün illərdir mübarizə aparır. Amma hər dəfəsində Fransa ordunun, polisin gücü ilə kaledoniyalıların azadlıq mübarizəsi qanla yatırır. Son illər isə bu mübarizə fərqli formada və daha intensiv şəkildə aparılır. Bu da Parisi narahat etməyə bilməz. Ona görə də Yeni Kaledoniyada baş verənlərin dünya miqyasına çıxmaması üçün bütün imkanlardan istifadə edilir. Dekabrın 5-də ada ölkəsində geniş etiraz mitinqləri başlamışdı. Azərbaycanlı jurnalist də məhz həmin hadisələri işıqlandırmaq üçün ora ezam olunmuşdu. Əlində yalnız qələmi və fotoaparatı olan xanım-jurnalist Fransa üçün, yaxud bu ölkənin müstəmləkəsi olan Yeni Kaledoniyada keçirilən mitinqlərə cəlb edilmiş fransız polisi və çoxsaylı hərbçiləri üçün hansı təhlükə törədə bilərdi? Fransa bütün dünyada istismarçı, sümürücü xislətinə görə tanınır və bu əməllərinə görə dünya ictimaiyyətinin qınağına tuş gəlir. Rəsmi Paris adada baş verən qanlı hadisələrin, zorakılıqların, bəşəriyyətə qarşı törədilən cinayətlərin gizli qalması üçün hər cür addımları atır. Jurnalistlərə qarşı vandal, zorakı, insanlıqdan kənar rəftarın da səbəbi budur".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ