İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN əməkdaşının ölümünün təfərrüatı - Universitetin dekan müavini imiş...

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşının ölümünün təfərrüatı məlum olub. Mərhum avtokardan yıxılaraq dünyasını dəyişibmiş. O, əlavə iş olaraq müqavilə ilə FHN-də çalışırmış.

Musavat.com xəbər verir ki, Suraxanı qəsəbə sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edilən mütəxəssisi olub.

Fövzi Quluyev Biləsuvara ezam olunub və orada obyektlərdən birində yoxlama aparan zaman avtokardan yıxılıb. Belə ki, Fövzi Quluyev tavandakı dəmir konstruksiyaları yoxlamaq üçün nərdivan lazım olduğunu deyib. Nərdivan olmadığı üçün həmin tikilidə olan Yunis adlı şəxs avtokarı işə salıb. Fövzi Quluyev avtokardakı yeşiklərin üstünə çıxıb. Avtokar onu tavana doğru qaldırıb. Tavandakı dəmir konstruksiyaların ölüçlərini qeyd edən Fövzi Quluyev yeşiklərin aşması ilə təxminən 4 metr hündürlükdən yıxılıb. Ağır xəsarət alan Fövzi Quluyevi xəstəxanaya çatdırıblar. Lakin ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyevin həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, Fövzi Quluyev Azərbaycan Memarlıq və İnşaat Universitetində dekan müavini vəzifəsində işləyirmiş. O, əlavə iş olaraq müqavilə əsasında FHN-də mütəxəssis vəzifəsində çalışırmış.

Mərhumun ölümü ilə bağlı anbarın əməkdaşı, avtokarı idarə etmək səlahiyyəti olmayan Yunis ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirləndirilərək hakim önünə çıxarılıb. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Yunis baş verənlərdən peşman olduğunu deyib. Bildirib ki, mərhumun yas mərasimində iştirak etmək istəsə də onu qəbul etməyiblər. Buna görə də mərhumun ailəsindən üzr istəmək imkanı olmayıb.

Mərhumun xanımı təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirib.

Məhkəmənin hökmü ilə Yunis barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR