Onlayn ictimai-siyasi qəzet
İranşünas: “Pezeşkian Azərbaycanla münasibətlərin normallaşmasını nümayiş etdirmək üçün Fəridi azadlığa buraxa bilər”
“Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlaması İranda qanunsuz həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan tələbəmizin hüquqlarının qorunması işinə də dəstəkdir”.
Bu sözləri politoloq Elxan Şahinoğlu Tehrandakı səfirliyimizin fəaliyyətinin yeni prezident Məsud Pezeşkianın dövrünə düşməsini şərh edərkən deyib.
Söhbət İranda haqsızcasına həbsdə saxlanılan Fərid Səfərlidən gedir. Bəs səfirliyin bərpası ilə azərbaycanlı tələbənin azadlığı tezləşə bilərmi?
Fərid Səfərlinin anası Dilarə Əsgərova “Yeni Müsavat”a Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasından ümid yarandığını deyib: “Yaxşı oldu ki, səfirliyimiz açıldı, gedib Fəridi ziyarət edərlər. Bəlkə ekstradisiyası üçün də işlər görərlər”.
Sədrəddin Soltan
Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan mövzu ilə bağlı qəzetimizə bunları dedi: “Fərid Səfərliyə keçən ilin avqustunda Tehran hakimiyyəti iki il həbs verdi. Onun ittihamı casusluq etmək niyyəti olub maddəsilə əvəzləndi. O deməkdir ki, Tehran hakimiyyəti Fərid Səfərlini edam etməkdən uzaqlaşdı. Onu azadlıqdan məhrum etməklə kifayətləndi. Fərid Səfərlinin həbsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra baş verdi. Tehran hakimiyyəti bu yolla Azərbaycana təzyiq etməyə çalışdı. Amma bu təzyiqlər nəticəsiz qaldı.
Tehran hakimiyyəti göstərmək istəyirdi ki, Azərbaycan İran haqqında pozucu fəaliyyətlə məşğuldur, Fərid Səfərli də bunun nümunələrindən biridir. Çünki ondan əvvəl də ayrı-ayrı hadisələrdə İran rəsmiləri Azərbaycanın adını müxtəlif xoşagəlməz hadisələrdə hallandırırdı. Reallıqda bunların heç biri təadiqlənmədi. Yeni hökumət Azərbaycan-İran münasibətlərində ancaq ölkənin ali rəhbəri Xameneinin tapşırqlarını icra etməklə fəaliyyət göstərə bilər. Məsud Pezeşkian və onun kabineti xarici siyasət kursu müəyyənləşdirmir. Kursu Xamenei müəyyənləşdirir və prezident aparatı, hökumət icra edir.
Azərbaycan səfirliyinin Tehranda fəaliyyətini bərpa etməsi İranın ötən bir il ərzində Azərbaycanla apardığı danışıqların nəticəsidir. Müxtəlif məsələlərdə atdığı addımların, eləcə də İbrahim Rəisi ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü, su anbarında iştirakları ölkələr arasında münasibətilərin normallaşmasının siqnalı idi. Bunun nəticəsi olaraq səfirliyin açılması addımı atıldı. Səfirliyin fəaliyyəti, Azərbaycan səfirliyinin Tehranda fəaliyyətə başlamasının Pezeşkianın prezident olması ilə heç bir əlaqəsi yoxdur.
Perspektivdə nə ola bilər? Azərbaycanın Tehrandakı səfirliyi Fərid Səfərlinin azadlığa çıxması istiqamətində İranın uyğun qurumları ilə danışıqlar apara bilər. İşə yenidən baxılmasına dəstək verə bilər. Azərbaycan tərəfinin erirazlarını çatdıra bilər. Pezeşkian isə bunu dəyərləndirə bilər. Fərid Səfərlinin azadlığa çıxmasına o qədər çox qalmayıb. Ola bilər bu proses sürətlənsin. Bunu da Tehran hakimiyyəti xoşməramlı jest kimi göstərər. Bütün olanlar göstərir ki, Fərid Səfərli günahsızdır və Tehran hakimiyyəti Azərbaycana qarşı xoş olmayan münasibətinin nəticəsidir. Pezeşkian Azərbaycanla münasibətlərin normallaşmasını nümayiş etdirmək üçün Fərid Səfərlini azadlığa buraxa bilər".
Xatırladaq ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gəlib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-cü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib. Azərbaycanın baş prokuroru Kamran Əliyev 2023-cü il sentyabrın 14-də Bakıda səfərdə olan İranın baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb. Daha sonra Tehranın Apelyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apelyasiya şikayətini təmin etməyib.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ