Onlayn ictimai-siyasi qəzet
Musavat.com-un əməkdaşı mərhum xanəndəmiz Qədir Rüstəmovun evində olub və xanımı Fatma Rüstəmova ilə geniş müsahibə hazırlayıb.
Fatma xanım müsahibə zamanı xanəndənin heç yerdə yayılmayan şəkillərini əməkdaşımıza təqdim edib və tarixçələrini açıqlayıb. Şəkillərdən biri millət vəkili Fazil Mustafanın toyunda çəkilib. Belə ki, fotoda Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy, Qədir Rüstəmov və oğlu Rüstəm, həmçinin digər bir şəxs yer alıb.
“Qədir bir çox tanınmış şəxsin toyunda oxuyub. Hətta Əbülfəz Elçibəyin qızının toyunda da ifa edib. Bir dəfə evdə oturmuşdum, birdən zəng gəldi. Telefonu götürdüm, tanış kişi səsi idi. Dedi, məni tanıdın, dedim, siz Elçibəysiniz? Dedi, bəli, Qədir evdədir? Onun qızım Çilənayın toyunda oxumasını istəyirəm. Ondan sonra yoldaşımı telefona çağırdım və onlar danışdılar”, -Fatma xanım həmin günləri yada salıb.
Xanəndənin həyat yoldaşı daha bir xatirəsini əməkdaşımızla bölüşüb: “1990-cı ildə Qədir müəllim Bakıya səs yazdırmağa gəlmişdi. Həmin vaxt Bakıda nümayişlər keçirilirdi. O, nümayişçilərə qoşulmuşdu. Mikayıl Mirzə və Sabir Rüstəmxanlıgil ilə öndə gedənlərdən idi. Yanvarın 19-u qaldığı hoteldən mənə zəng edib uşaqları soruşdu, dedim, oğlumuz Mehdi çox pis xəstələnib, qızdırması düşmür. Onda mən uşaqlarla Ağdamda idim. Ondan xahiş etdim ki, təcili evə gəlsin və Mehdini həkimə aparsın. Çünki oğlumuzun vəziyyəti yaxşı deyildi, gecikdirsəydik, ölə bilərdi. Ondan sonra Qədir taksiyə minib birbaşa Ağdama gəldi və uşağı həkimə apardı. O Bakıdan çıxdı, 20 Yanvar hadisələri oldu.
Qədir Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni dəhşət çox istəyirdi. Bəxtiyar Vahabzadə xəstələnəndə onun Şəkidəki evinə getmişdik. Bəxtiyar Vahabzadə ona xeyli şeir həsr edib”.
Şahanə Rəhimli
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ