İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Prezidentin imzaladığı sərəncamdan DANIŞDI: “Bu, Azərbaycan cəmiyyətinə bir MESAJDIR”

“Ölkə Prezidenti tərəfindən Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması üçün verilən sərəncam Azərbaycanın tarixi irsinə olan sayğının bir göstəricisidir. Prezident həmişə bu sayğını, verdiyi dəyəri dəfələrlə çıxışlarında, atdığı addımlarda təkrarlayıb”.

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat xatırladıb ki, Prezident İlham Əliyevin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu ilə bağlı, Məhəmməd Əmin Rəsulzadənin özü ilə bağlı verdiyi sərəncamlar var:

“Prezident onların anadan olmasının ildönümünü qeyd etmək, yubileylərini qeyd etməklə bağlı xeyli addımlar atıb. Cümhuriyyət qurucularının abidəsini ziyarət edib. Bunlar hamısı bu mirasa olan münasibətin göstəricisidir. Prezident Yeni il ərəfəsində Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam verməklə əslində bütün Azərbaycan cəmiyyətinin ürəyindən keçən, təqdir etdiyi və yüksək qiymətləndirdiyi bir addımı yenidən atmış oldu. Azərbaycan xalqı Məhəmməd Əmin Rəsulzadəyə bütövlükdə sahib çıxmalıdır. Zaman-zaman onun fəaliyyətini kiçiltməyə çalışan, onun gördüyü işlərin miqyasını azaltmağa çalışan çağırışlar, addımlar olsa da, bu, Rəsulzadəni kiçiltmədi, onu daha da böyütdü. Zaman, hadisələrin gedişi onun nə qədər çətin şərtlərdə Azərbaycan davasını yürütdüyünü və bunu necə əzmlə apardığını göstərdi. O, təkcə Azərbaycan dövlətinin bünövrəsini qoymadı, eyni zamanda mühacirətdə Azərbaycan davasını diri, canlı tutan bir şəxsiyyət kimi möhtəşəm işlər gördü. Ona görə də Azərbaycan xalqı bu qəhrəmanlığı heç vaxt unutmadı və bunun dəyərini verdi.

Mən əminəm ki, Prezidentin bu addımı bütövlükdə həm də Azərbaycan cəmiyyətinə bir mesajdır – tarixinizi unutmayın, tarixinizdə olan böyük şəxsiyyətlərin hansı zamanda yaşadığını və imkansız şərtlərdə hansı işlər gördüyünü qiymətləndirin! Rəsulzadə və onun silah dostları bu Cümhuriyyəti ən çətin şərtlərdə qurdular. Dünyanın nizamı olmayan bir vaxtda bu Cümhuriyyəti de-fakto tanıtdılar. De-yure qəbul etdirmək üçün bütün cəhdlərini Paris konfransında etdilər. Azərbaycan torpaqlarının qorunması istiqamətində addımlarını atdılar.

Azərbaycan tarixinin bu şanlı səhifəsinə bu cür münasibət hamımız tərəfindən sevindiricidir. Əminəm ki, bu sərəncamdan sonra Rəsulzadənin müəyyən irsinin qorunub saxlanması, onun Bakıya gətirilməsi, ev muzeyinin yaradılması və başqa istiqamətlərdə də addımlar atılacaq. Çünki Məhəmməd Əmin Rəsulzadəni ucaltmaqla biz həm də özümüzü ucaldırıq. Rəsulzadəyə dəyər verməklə həm də tariximizə dəyər veririk. Ölkə Prezidenti də bunun əyani nümunəsini məhz bu sərəncamla göstərdi. Hesab edirəm ki, 2024-cü il üçün Azərbaycan dövlətçiliyinə bağlı insanlara bundan gözəl çox az hansısa töhfə ola bilərdi. Prezidentin sərəncamı ilə bu töhfə verildi”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR