İnsanlara hürriyət, millətlərə istiqlal!

Fars irqçi-şovinistlərin Pezeşkian sancısı - İranda türkləri təhqir edənlərin hədəfi

Sayman Aruz: “Fars irticası Pezeşkianın qələbəsini həzm edə bilmir”

Tehranlı karikaturaçı Hadi Heydərinin yayımlanan son karikaturasında İran Prezidenti Məsud Pezeşkian və türklər təhqir olunub. Bu haqda Təbriz mediası məlumat yayıb. Karikaturada əlində qamçı olan Pezeşkianın “Birlik” sözü yazılmış eşşəyi tərs mindiyi təsvir olunub.

“Hadi Heydərinin təhqiramiz karikaturasının dərci sənət əsəri deyil, türk millətinə qarşı irqçi və düşünülmüş bir hərəkət kimi qiymətləndirilməlidir. Milli birliyə istehza edən, ölkə prezidentini aşağılayan bu karikatura, əslində milyonlarla türk-iranlını hədəfə alıb”, - Məsud Pezeşkianın tərəfdarı olan “Təbrizone” sosial media kanalında yazılıb.

İranda yaşayan azərbaycanlı ziyalı və ictimai xadimlər karikaturanın yayılmasını pisləyib və bunun nəticələri barədə xəbərdarlıq ediblər: “Biz türklər olaraq bildiririk ki, bu təhqiri unutmayacağıq və bu irqçi davranış pislənənə qədər bunu hüquqi yollar və media vasitəsilə davam etdirəcəyik. İranda nifrət yayan hərəkata xəbərdarlıq edirik. Türk millətinin kimliyi silinə və ya aşağılana bilməz”.

Əvvəla, türk kökənli Pezeşkian hər şeydən əvvəl savadlı bir həkim, ürək cərrahı, ziyalıdır. Ona belə miskin təhqir yaraşmaz.

Bəllidir ki, İranın dini lideri Əli Xamneyi də türkdür. Demək, təhqir olunan həm də odur. O zaman ən yüksək səviyyədə etiraz olacaqmı? Ümumiyyətə, fars irqçi-şovinistlərin qarınlarının sancısı nədir, bu üsullarla nəyə nail olmağa çalışırlar?  

Sayman Aruz arvadını ETTELAAT-a niyə saxlatdırıb? -

Sayman Aruz

Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz “Yeni Müsavat”a danışıb. O qeyd edib ki, Pezeşkian və onun komandası sülhsevər bir yanaşma ilə qonşu dövlətlərlə dostluq və qardaşlıq münasibətləri qurmaq niyyətindədir. Lakin bu siyasət İran daxilindəki müəyyən qüvvələr tərəfindən qəbul edilmir: “İran cəmiyyətində ciddi bir ziddiyyət hökm sürməkdədir. Əslən azərbaycanlı olan cənab Pezeşkian və onun komandası birmənalı olaraq sülhsevər bir yanaşmanı əsas götürərək, qonşu ölkələrlə dostluq və qardaşlıq siyasətini yürütməkdədirlər. Bunun əksinə olaraq, İranda daim çaxnaşma yaratmaq və qonşu ölkələrlə düşmənçilik münasibətlərini sürdürmək istəyən qüvvələr də mövcuddur və onlar da fəaliyyətlərini davam etdirirlər.

Mən həmin karikaturanı görəndə çox təəssüfləndim. Yadıma 2006-cı ilin may hadisələri düşdü. Həmin hadisələrin səbəbi də o idi ki, İranda “Həmşəhri” adlı dövlət qəzetində türklərə “tarakan” deyərək onların əleyhinə böyük bir təhqir kampaniyasına başlanmışdı. Bunun nəticəsi olaraq Cənubi Azərbaycandakı soydaşlarımız geniş və ciddi etiraz aksiyaları keçirdilər. Həmin aksiyalar zamanı bir çox soydaşımız şəhid oldu, yüzlərlə insan hələ də İranın faşist, molla irtica rejiminin zindanlarında saxlanılır. Milli fəallarımız daim təzyiq altındadırlar və bu gün də bu vəziyyət davam edir.

Son yüz ildə ilk dəfədir ki, bir azərbaycanlı prezident, özü də məhz azərbaycanlıların səsi ilə seçilir. Pezeşkian həm seçkilərdən əvvəl, həm də sonra azərbaycanlı və türk olması ilə fəxr etdiyini dəfələrlə bəyan edib. Azərbaycan Prezidenti ilə və ümumilikdə Türk dünyası ilə sıx əlaqə qurması da bu irticaçı dairələri qıcıqlandırmaya bilməzdi. Buna görə də onlar müxtəlif yollarla Azərbaycan xalqına qarşı nifrət dolu, təhqiredici addımlar atırlar.

Əslində bu hərəkətləri ilə Azərbaycan xalqının etirazlarını daha da körükləyirlər və azərbaycanlılar bir daha anlayırlar ki, İranda yüz ildən artıqdır davam edən sistem, yəni farsçılıq ideologiyası üzərində qurulmuş bu rejim, heç vaxt Azərbaycan və Türk dünyası ilə barışmayacaq. Bu səbəbdən çıxış yolu yalnız bu təhqirlərlə, bu manqurtlaşdırma siyasəti ilə mübarizə apararaq, bu sistemdən ayrılmaq, müstəqil olmaq və türk kimliyimizi bütün dünyaya bəyan etməkdir".

Sayman Aruz qeyd edir ki, 12 günlük müharibədən sonra İran cəmiyyətində, xüsusilə də Azərbaycan xalqının daxilində ciddi bir “oyanış dalğası” başlayıb: “Artıq xalq görür ki, əgər əvvəllər dünya yalnız siyasi masalarda İran rejiminə etiraz edirdisə, bu gün birbaşa müharibə meydanında da həmin etirazlar açıq şəkildə ifadə olunur. ABŞ, İsrail və Avropa dövlətləri bu gün İran əleyhinə müxtəlif təzyiq mexanizmlərini işə salmaqdadırlar. Bu, dünya ictimaiyyətinin İranın mövcud sisteminə qarşı ümumi etirazıdır və cəmiyyətimiz də bunu müşahidə edir, öz xilası yollarını axtarır.

Biz cəmiyyətə tez-tez müraciət edirik, bu xilas yollarının necə göründüyünə dair düşüncələrimizi paylaşırıq. Mənim şəxsi qənaətim odur ki, Azərbaycan cəmiyyəti öz xilas yolunu məhz İrandan müstəqil olmaqda, Bütöv Azərbaycanı yaratmaqda və vahid kimlik çərçivəsində keçmişin qürurverici tarixindən güc alaraq, gələcəyə doğru vahid və bütöv addımlamaqda görür. Bu düşüncəni, bu hissi biz daim Cənubi Azərbaycanda müşahidə edirik.

O ki qaldı Əli Xamneyiyə - o, türk deyil. Amma Məsud Pezeşkian həm ana, həm də ata tərəfdən türkdür. Əli Xamneyinin isə öz səsi ilə yayılan videolarda özü deyir ki, anası farsdır. Mən şəxsən o videoları görmüşəm. Onun atası Təbrizdə dünyaya gəlib. Amma bu, onu türk etmir, çünki Təbrizdə müxtəlif etnik qruplar doğula bilər. Türk olmaq üçün sadəcə Təbrizdə doğulmaq kifayət deyil.

Çox təəssüf ki, Xamneyi 45 ildir hakimiyyətdə olduğu müddətdə Azərbaycan xalqının heç bir marağını təmin etməyib. Bu gün hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasının qarşısında, eyni zamanda türk dövlətlərinin güclənməsinə mane olan əsas fiqurlardan biri də məhz Əli Xamneyidir".

Sayman Aruz sonda vurğulayır ki, Azərbaycan xalqı Pezeşkian kimi liderə sahib çıxmalı, onu dəstəkləməlidir:

“Azərbaycan Prezidenti lham Əliyevi "qardaş" deyərək bağrına basan bir prezidentə biz də dəstək olmalıyıq. Nə qədər ki, Məsud Pezeşkian Azərbaycan dövlətinin və xalqının maraqlarının yanındadır, biz də onun yanında olacağıq. Hesab edirəm ki, bu cür karikaturaların yayılması, çəkilməsi İran cəmiyyətindəki nifrəti bir daha artırır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR