İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının gündəmindən DANIŞDI 

"Qaçqın və məcburi köçkün probleminin həllində və beynəlxalq sülh, təhlükəsizlik və ədalətin bərqərar olunmasında əvəzsiz rol oynamış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə bu mötəbər konfransı Sizlərlə birgə keçirmək çox əlamətdar hadisədir". 

Musavat.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

İcma sədri qeyd edib ki, təşkilat 1989-cu ildə Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi təsis edilib:

"Ötən dövr ərzində təşkilatımız Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olub və onların geriyə qayıtmağa dair əzəli hüququnu müntəzəm olaraq gündəmdə saxlayıb. Üzvlərimizin qayıtmağa dair yenilməz iradələri, Azərbaycan hökumətinin səyləri nəticəsində yaranmış konstruktiv mühit və beynəlxalq ictimaiyyətin insan hüquqlarına verdiyi artan əhəmiyyət bizi bu istiqamətdə səylərimizi daha da fəallaşdırmağa sövq edib. 

Azərbaycan Qaçqınlar Cəmiyyəti 2022-ci ildə Qərbi Azərbaycan İcması şəklində yenidən təşkil olunub. İcmanın rəhbər heyətində indiki Ermənistanın demək olar ki, bütün bölgələrində yaşamış azərbaycanlıları mütənasib şəkildə təmsil edən, tanınmış ictimai və elm xadimləri təmsil olunurlar. Təşkilatımız eyni zamanda öz vətənlərindən qovulduqları dövrdən əvvəlki yaşayış coğrafiyasına uyğun olaraq yerli icmalarını təşkil edir. 

Taleyin hökmü ilə dünyanın dörd bir tərəfinə səpələnmiş qərbi azərbaycanlılar da qayıdış hüququmuza əsaslanan haqq işimizdə fəal iştirak edirlər. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış qərbi azərbaycanlıların nümayəndələri 2023-cü il mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində toplaşaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsinə beynəlxalq aləmin diqqətini artırmaq mövzusunda konfrans keçiriblər. Onlar Qərbi Azərbaycan İcmasına Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnu müdafiə edən ümumi və mötəbər qurum kimi tam dəstəklərini ifadə ediblər". 

Ə.Əzizbəyli vurğulayıb ki, Prezident İlham Əliyev bu məsələdə daima prinsipial mövqe nümayiş etdirib:

"Cari ilin yanvar ayında İcmamız Qayıdış Konsepsiyasını təsdiq edib, bizim qayıdış hüququmuza beynəlxalq dəstəyin əldə edilməsi məqsədilə xarici dövlətlərə, BMT, Avropa İttifaqı, UNESCO daxil olmaqla, beynəlxalq təşkilatlara müraciətlər göndərilib. İcmamızın Qayıdış Konsepsiyası və digər mühüm sənədləri BMT-nin əsas orqanlarının rəsmi sənədləri kimi yayılıb. Bütün bunlar bizim insan hüquqları gündəliyimizi daha fəal şəkildə irəlilətməyə dair inamımızı artırır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR